Deputatxana oktyabrda qanun qəbul eləyib, dekabrda isə prezident əsasnaməsini təsdiqləyib: indi Azərbaycanın çoxsaylı orden-medalları sırasına “Şücaətə görə” medalı da qoşulub. Medal hərbi xidmətdə fədakarlıq, şücaət göstərən şəxslərə veriləcəkdir.
Bizim dildə şücaət sözü igidlik sözünün sinonimidir, “İgidliyə görə” medalımız da çoxdan var. Bunu düzəltmək nəyə lazım idi, anlaşılmır. Hamısı krizisə görədir. Hökumət bilmir vəziyyətdən necə çıxsın. Necə ki, baş bankirimizin də başında üç tük var, hər devalvasiya vaxtı o tükləri gah sola darayır, gah sağa. (İnsanın fiziki görkəmi müzakirə obyekti ola bilməz, bu mənada oxuculardan üzr istəyirəm. Ancaq bu halın dünyada analoqu yoxdur, yazmasan olmur). Rəhmətliyin oğlu birdəfəlik qırxdırmır da. Sanki o tüklər manatın qarantiyasıdır. Qırxılsa, manat tam yox olar. Nağıllarımızda belə əhvalatlar olurdu, yadınıza gəlirsə. Qəhrəman girirdi mağaraya, divlə güləşirdi, heç cür qalib gələ bilmirdi, axırda divin canı hansısa şüşədəki göyərçinin yumurtasının içindəki iynənin ucunda olurdu.
Vəziyyətimiz həmişə bax belə, qəliz düzəlibdir. Hamı qiyməti qaldırırdı, su idarəsi son anda yetişib bir vedrə də millətə bu bağladı. Halbuki, bu il suyun qiyməti artıq bir dəfə qalxmışdı. İndiki dəstədən geri qalmamaq üçündür. Mağmın görünmək istəmirlər. Gözündən işıq salan (“Azərişıq”), ağzından qaz püskürən (“Azəriqaz”) əjdahalar varsa, niyə suyun qabağını kəsən əjdaha (“Azərsu”) olmasın?
Hakimiyyətin guya bizi böhrandan çıxaracaq çoxlu yol xəritələri hazırlaması da bu temada heç bir təskinlik yaratmır. Biz belə xəritələri, xilaskar projelərini-filanı çox görmüşük. 23 ildir milləti beləcə yuxuya verib uydurublar, ara yerdə Qarabağ gedib. Ən yaxşısı bu olardı ki, indi yapistlər iqtisadiyyatı qurtarmaq üçün xəritə hazırlamasınlar. Bizim başqa xəritələrə ehtiyacımız vardır. Misal üçün, hansı yolla buradan çıxaq gedək, bir normal yer, ölkə, ərazi tapıb yaşayaq. Sizdən Azərbaycanı xilas xəritəsi istəmirik, Azərbaycandan xilas xəritəsi istəyirik. Əsl şücaət bu xəritəni çəkmək olardı. Sonra istəsəniz “Şücaətə görə” medalını lap corabınıza qədər yapışdırın. Halal xoşunuz olsun.
Bayaq nağıllarımızdan yazdım, istərdim “Şahzadə və qurbağa” xalq nağılımızdan bir parçanı oxuyasınız. Mükəmməl səhnədir. Adamın heyfi gəlir ki, normal animasiya məktəbimiz, o cümlədən rəssamlıq sənətimiz yoxdur, belə şeyləri təsvirə almırlar, it-bata düşür gedir. Buyurun, oxuyun:
“Qurbağa o saat dönüb adam şəklinə düşdü, oğlandan razılıq eləyib getdi. Oğlan bir xeyli irəli yeriyib gördü ki, vallah hər yerə elə bil yaşıl, ala-bəzək xalça döşəyiblər. Hər yer göz işlədikcə başqa-başqa rəngdə görünür. O, bir xeyli yol getdi. Amma ayaqlarını yerə basdıqca yer elə bil yay kimi çöküb qalxırdı. Oğlan bu işə lap məəttəl qalmışdı. Tamam qılçaları yorulmuşdu. Bir də baxıb gördü ki, uzaqdan yekə, qara bir daş görünür. Gedib o daşın üstündə oturdu. Üzünü çevirib ətrafa baxdı, gözlərinə inanmadı, az qaldı dəli olsun. Oturduğu daşdan başqa hər yer sən demə dəryayi-ümman imiş. Dünyada nə ki, qurbağa var imiş, hamısı suyun üzərinə çıxıb tamam hər yeri örtüblərmiş, oğlan da həmin qurbağaların üstü ilə yeriyib gəlirmiş, indi qurbağalar çəkilib gedəndən sonra məlum olur bura dəryaymış. Oğlanı fikir götürür ki, mən burdan necə çıxacağam”. Nağılın davamını yazmağa yer yoxdur, bu qədər də bəsdir.
Bu cür fantaziyası olan xalqın indiki yoxsul durumu adamı kədərləndirməsin neyləsin? Belə süjeti versən yapon animasiyaçı Hayao Miyadzakiyə, bundan şedevr bir cizgi filmi səhnəsi yaradardı. Xalq sanki bütün tarixi boyunca yalançı cığırlar, saxta bəzəkli yollar, qurbağalar üzərində gəzdiyini burda təsvir edibdir. Bir gün də qurbağalar çəkilib gedir, neft qurtarır, qalırsan daşın üstündə qışqıra-qışqıra.
Ancaq nağılın axırı yaxşı qurtarırdı, bəlkə buna görə bir az nikbin olaq. İndi söz əlaqədar nağıl idarəsinindir.