Son 35 ildə Tükiyədə 35 mindən artıq mülki insan, o cümlədən vəzifəsini icra edən dövlət qulluqçuları terror aktlarının qurbanı olub. O vaxtdan bəridir Türkiyədə müharibə gedir.
Vaxtilə Şri-Lankanı qana çalxayan “Tamil İlama” terror təşkilatı artıq tam tərk-silah olub, sıradan çıxıb, amma PKK hələ də müharibə aparır.
Necə olur bu? Ona görə belə olur ki, PKK-nın güclü himayədarları, havadarları, təchizatçıları var.
Bunu heç cür danmaq, təkzib etmək mümkün deyil. İcraçılar yerli terrorçular ola bilər, amma onların əlinə “Kalaşnikov” avtomatı verən, bellərinə plastik partladıcılar bağlayan, heksaxloran dolu maşınlarda oturdan, onları ölümə göndərən ölkə xaricində oturub Türkiyəni sarsıtmaq, dağıtmaq istəyənlərdir.
Yoxsa bu gerillalıq, partizanlıq bu qədər uzun sürə bilməzdi. Bir gün Türkiyə ordusu, polisi bir neçə qətiyyətli və gözlənilməz həmlə məsələni çürüdər, qayalarının altı mağara-bunkerlərlə dolu olan dağların altını üstünə çevirər, üsyan ocaqlarını söndürərdi.
Bu ilin əvvəlindən başlayan hərbi əməliyyatlar nəticəsində elə bir şey oldu: Türkiyənin cənub-şərqini ələ keçirmiş, öz yanlarından “dövlət” yaratmış, dağ başından şəhərlərə enərək xalq üzərində hakimiyyət qurmuş PKK terrorçuları yenidən dağa, Kandilə qayıtmalı oldular. Onlara qarşı həyata keçirilən əməliyyatlar asan başa gəlmədi. Türk əsgərləri hər bir küçəni, kəndi, qəsəbəni, şəhəri PKK-dan savaşla geri aldı, yüzlərlə gənc əsgəri qurban verdi.
Heç bir terrorçu qruplaşma və ya dastanlarda deyildiyi kimi, “gücünü xalqdan alan üsyançılar” dünyanın ən qüdrətli ordularından biri olan Türkiyə ordusuna bunca şiddətli və uzun müddətli müqavimət göstərə bilməzdi.
Bir təşkilatın silah-sursatı bitməzmi? Deyək ki, bu təşkilat canlı qüvvəsini regionda yaşayan kasıb kürd əhalisinin ilbəil yetkinlik yaşına çatan övladları hesabına təmin edir, bəs bu qədər partladıcı maddələr, silahlar, raketlər, müasir rabitə vasitələri, dağ mağaralarında yaşayan, təlim keçən minlərlə terrorçunun ərzağı, sursatı haradandır?
Əlbəttə, onları bunlarla təmin edənlər var. Müasir təchizatlı Türkiyə ordusuna müqavimət göstərmək üçün PKK militanlarına hər şey verirlər – patrondan tutmuş havada uçan obyektləri vurmağa yarayan raketlərə qədər.
Bəs PKK havadarları bunu nəyə görə edirlər, doğrudanmı “əzilən kürd xalqının öz təməl haqlarını əldə etməsini, milli müqəddartlarını təyin edib dövlət qurmaları”nı istəyirlər?
Ola bilər ki, xarici havadarlar PKK başbilənləri ilə danışanda belə deyirlər. Bəlkə də onlar gerçəkdən də kürdlərin müstəqil dövlət qurmalarını istəyirlər. Ancaq əsas niyyət bu deyil. Onların əsas niyyəti Türkiyənin parçalanması, kiçilməsi, zəifləməsidir. Bu hədəfə çatıldıqdan sonra kürdlərin qurduğu dövlətin müstəqil və demokratik olub-olmayacağı, “əzilən xalqın təməl haqları”nın təmin edilib-edilməyəcəyi onların vecinə deyil.
Elə olsaydı, dünyada yüzdən artıq ölkədə insanlar despotik rejimlərin təpiyi altında əzilməkdədir, heç onların haqqını tələb edən yoxdur.
Kürdlərin əzilməsinə gəlincə isə, onlar artıq paytaxt Ankarada, İstanbulda, İzmirdə, Antalyada, Bursada və digər iri şəhərlərdə əməlli-başlı yerləşiblər, siyasətdə, biznesdə, incəsənət sferasında köklənib, söz sahibi olublar. Hətta artıq kürd burjuaziyasının başqalarını əzməsi faktlarından danışmaq olar.
Bir neçə il öncəyə qədər xarici qüvvələr Türkiyəni qan çanağına döndərən terrorçu təşkilata havadarlığını gizlədir, pərdələyirdi. Ancaq son vaxtlar bu, xeyli açıq şəkil alıb. İki ay öncə hətta ABŞ prezidentliyinə namizəd Hillari Klinton belə hakimiyyətə gələcəyi təqdirdə PKK-ya hərtərəfli yardım göstərəcəyini deyirdi.
O “hərtərəfli yardım”ın səsi, əlbəttə ki, böyük şəhərlərin küçə və meydanlarında törədilən terror aktlarında, Anadolunun cənub-şərqində yollarda qurulan pusqularda gələcəkdi. PKK ABŞ-ın maliyyə dəstəyi ilə ətraf mühitin ekoloji tarazlığının bərpa edilməsinə dair layihə həyata keçirəsi deyildi ki.
Türkiyənin vəziyyəti gerçəkdən də çətindir, 8 qonşusu var, cəmi ikisi ilə (Azərbaycan və Gürcüstan) səmimi dostluq münasibətindədir, yerdə qalanları ilə ya kəskin rəqabətdədir, ya da düşməndir. Tək sərhəd qonşuları ilə deyil, Türkiyənin, sərhədinə yaxın ölkələrlə (Rusiya, Misir, Livan, İsrail, Liviya) də problemləri var. Son vaxtlar bir çox Avropa ölkələrində Türkiyə əleyhinə görünməmiş total təbliğat aparılır.
Ən pisi odur ki, Türkiyəyə qarşı aparılan düşmənçilik özünü hər sahədə, hər işdə göstərir. Bu ölkəyə qarşı əməlli-başlı müharibə gedir.