ABŞ-ın yeni seçilmiş prezidenti Trampın ekstravaqantlığından (bilməyənlər üçün deyim ki, bu pis söz deyil) söz düşəndə və kimsə “vallah, bu çalbaş kişi Amerikanı dağıdacaq” deyə rəy bildirəndə bəzi politoloq, ekspert dostlar deyirlər ki, Tramp ABŞ-a heç zad eləyə bilməz.
Nədən? Ona görə ki, ABŞ-da dərin dövlət, elmi mərkəzlər, strateji institutlar var və ölkənin siyasətini onlar, savadlı adamların sözü olmasın, konseptual şəkildə planlaşdırırlar. Demək, Tramp da o yan-bu yan edə bilməz, eləsə, biabırçılıq olar – tarixdə Nikson, Kennedi vaqiələri var.
Təki elə olsun. Amma budur, bir norveçli sosioloq deyib ki, Tramp ABŞ-ın dünya hegemonluğunun sonunu tezləşdirəcək. Qaltunq soyadlı bu kişi vaxtilə SSRİ-nin də çöküşünü proqnozlaşdırıb, yazıbmış.
Bildiyiniz kimi, SSRİ 25 il bundan qabaq çökdü, getdi. İndi Putin ha istəyir ki, onu yerdən qaldırsın, alınmır. Götürüm düşmüş atı yenidən ayaq üstünə qaldırmaq mümkün olmadığı kimi, SSRİ-ni də yerindən qaldırmaq olmur. Amma bu heç.
Hələ o vaxt o fantastik proqnozu verərkən Yuxan Qaltunq indikindən 25-30 yaş cavan imiş, daha az təcrübəliymiş. Hesab edin ki, indi adam necə bir kəllə olub bu uzun illərdə.
1985-ci ildə Qorbaçov hakimiyyətə gələndə bu ölkədə kim desəydi ki, SSRİ çökəcək, adamı gecəylə dəlixanaya basardılar, ya da kənddə hoydu-hoyduya götürərdilər. Çünki SSRİ çökən dövlətə oxşamırdı, kasıb idi, amma çox güclüydü, orqanları da yaxşı işləyirdi.
Amma 1986-cı ildə spirtli içkilərin istehsalı və istemalı məhdudlaşdırılanda yerlərdə bir çox adamlar qımıldanmağa başladılar ki, bu keçəl kişi gül kimi ölkəni dağıdacaq. Bəzilər deyirdi ki, Qorbaçov arağı yasaqlamaqla rusların şərəf və ləyaqətini alçaldır, belə gedə bilməz.
Təsəvvür edin ki, 1983-cü ildə elə arasında “Andropovski” adı qazanmış araqla yeni-yeni əyyaşlıq aləminə qədəm qoyan yüz minlərlə gənc kişi hökumətdən yerdən göyəcən narazıydı. Bunlar potensial dağıdıcılar idi.
Tərs kimi, Qorbaçovun o biri siyasətləri də bir zibil deyildi.
Bugünkü gün kimi yadımdadır, Qarabağ münaqişəsi təzə-təzə başlayanda və Qorbaçov erməniləri yerlərində oturda bilməyəndə bir sıra oxumuş və oxumamış, amma dünyagörmüş adamlar KQB-dən çəkinə-çəkinə deyirdilər ki, o təpəsi xallı kişi (artıq “keçəl kişi” ünvanının yerində bu idi) ölkəni dağıdır.
1988-ci ildə Dəvəçidə (indiki Şabran) işlədiyim zaman bir benzindaşıyan maşının ağsaqqal sürücüsü (təəssüf ki, adı yadımda qalmayıb) qarajda SSRİ-Azərbaycan-Qarabağ-Ermənistan mövzusunda gedən söhbətə qəfildən müdaxilə edərək dedi ki, heç xeyirli gələcək görsənmir, ölkə dağılacaq, hər şey bərbad olacaq, camaat aclıq çəkəcək.
O kişi uşaqlığı və ya yeniyetməliyi müharibə dövrünün aclığına düşmüş adam idi, ona görə də öz məşum proqnozlarını verərkən çox bədbin və kədərli idi. Sonradan onun dedikləri düz çıxdı və sürücü kişinin kədərinin səbəbi aydın oldu.
Yəni bu cür proqnozları qulaqardı etmək olmaz. Bu, heç ekstrasenslik, gələcəyi görmək vergisi-filanı da deyil. Dünya görmüş adamlar xırda əlamətlərdən, ortada dolaşan söhbətlərdən bilirlər ki, bu işin axırı hara gedir.
Ona görə də Qaltunqun ABŞ və Tramp haqda verdiyi bədbin proqnozu yazın bir yerə, qalsın (əslində ehtiyac yoxdur, Google-də qalır), sonra ABŞ tərəkəmə nehrəsi kimi çalxalananda açıb baxarsınız ki, norveçli sosioloq nə deyib, nə deməyib.
Şəxsən mən o kişidən – Trampdan qeyri-adi addımlar gözləyirəm. Onda o potensial var. Qıraqdan elə görünür. Hərçənd Qorbaçov elə görünmürdü. Təzə gələndə hamımız elə bilirdik, o, çox ağıllı adamdır. Hətta Qorbaçov ABŞ prezidenti Ronald Reyqanla görüşüb anlaşanda, axırı “yaşayarıq, görərik” və “güvən, amma yoxla” idiomatikası ilə bitən söhbətlər edəndə çoxları deyirdi, bizim yurist Amerikanın artistini aldadacaq. Axırı necə oldu? Məlum oldu ki, bizimki artist imiş, əsl yurist isə Reyqanmış.
Trampda da artistlik var, neçə-neçə filmlərə çəkilib, yuristliyini isə 3-4 aydan sonra görəcəyik. Görək norveçli sosioloqun proqnozu necə olur.