img1306318

Xocalı hərbi canisi Serj Sərkisyan yenə işğal altındakı Qarabağda peyda olub, burda “general” adlanan, əslində özü kimi separatçı-bandit tör-töküntülərini, Azərbaycan türmələrinin çoxdan darıxdığı hərbi cinayətkarları başına toplayaraq iclas keçirib.

Nəsə bu “çağırılmamış qonaq” son zamanlar tez-tez Azərbaycanda görünür. Bir məqsədi yəqin ki, erməni xalqına növbəti dəfə ürək-dirək verməkdisə, – hərçənd onun özünə ürək-dirək verən lazımdır, – digər hədəfi böyük ehtimalla, Azərbaycan prezidentinin cəbhə xəttinə etdiyi son səfərlərinin düşmən tərəfdə doğurduğu psixoloji diskomfortu azaltmaqdır.
Sanki bununla o, Azərbaycan əsgərinin işğalçı qüvvələrə verdiyi aprel dərslərini unutdurmağa cəhd və ümid edir. Amma tarixi unudanlar, ondan ibrət götürməyənlər bir qayda olaraq, onu təkrar yaşamalı olurlar…

Sərkisyanın rəhbərliyi ilə işğal altındakı ərazilərimizdə terrorçu-başkəsənlərin toplantısı keçirilməkdə ikən, Minsk Qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri Almaniyada konfliktlə bağlı bəyanat yayıb. Bəyanatda bir cümlə xüsusilə diqqət çəkir. Orada deyilir ki, “Dağlıq Qarabağ ixtilafının hərbi həll yolu yoxdur”.

Xub. Heç kim gənc insanların, gənc ailə başçılarının ölümünü arzulamaz. Amma baxın, həmin bəyanata imza atmış üç vasitəçi dövlətdən biri, konkret olaraq, Rusiya, onun prezidenti Vladimir Putin ötən əsrin 90-cı illərində Çeçenistanda milli-azadlıq hərəkatını (Moskva ona separatçılıq deyir) yatırmaq üçün bu məğrur xalqı qan içində boğub, faktiki, ona qarşı soyqırım həyata keçirib – nəinki dinc vasitələrə üstünlük verib.

10-12 sonra isə Rusiya oxşar taktika ilə Gürcüstanın Abxaziya və Cənubi Osetiya, 6 il sonra isə Krımı zorla özünə birləşdirdi, ilhaq etdi. İndi də Moskva “dinc yolla” Donbas problemini, Suriya böhranını “həll edir”, dinc vasitələrlə Hələbi müxalifətçilərdən “təmizləyib” Bəşər Əsədə verməyə və Suriyada möhkəmlənməyə çalışır.

Eləcə də ikili standart siyasəti yürüdən Qərb dövlətləri, ABŞ-la bağlı oxşar nümunələr gətirmək olar. Yəni özlərinə gələndə münaqişələri zor gücünə “yoluna” qoyurlar, Azərbaycan kimi torpaqlarının 20%-i işğal altında olan ölkələr isə öz ərazi bütövlüyünü bərpa eləmək üçün yalnız dinc vasitələrdən istifadə eləməlidir. İndi harada qaldı bəs əlahəzrət ədalət, beynəlxalq hüquq? Niyə sizə olar, bizə yox?

Əlbəttə, o qədər də sadəlövh deyilik ki, sualın cavabını bilməyək. Səbəb elə ədalətsiz dünyanın özü qədər köhnə, eyni zamanda qədim olduğu qədər də təzədir. Çünki “Güclü həmişə haqlıdır” yazılmamış qanunu günü bu gün də öz qüvvəsindədir. O üzdən haqlı olmağımız yetərli deyil, həm də güclü olmalıyıq. Hər cəhətcə. Və ən əlverişli məqamı gözləməliyik. Həmin məqamda da Qarabağ problemini köklü şəkildə, birdəfəlik həll etməliyik.
Boş söhbətdir, Qarabağ konfliktinin də yeganə həll yolu – hərbdir, antiterror əməliyyatıdır. Dinc yolla nəsə mümkün olsaydı, 24 ildə olardı. Bunu məlum şablon bəyanatı yayan üç ölkənin XİN başçıları hamıdan gözəl bilir. Odur ki, gözə kül üfürməsinlər.

Hələ ki müharibə variantı real görünməsə də, Azərbaycan Ermənistan üzərində əzici hərbi üstünlüyü təmin etməli və onun daim bu səviyyədə qalmasının, həmçinin dost-müttəfiqlərimizin çoxalmasının qayğısına qalmalıdır. Sözsüz ki, düşmən sülh masası arxasında da gücümüzü hiss edəcəksə, yüzdə-yüz bizdən çəkinəcək.

Əzici üstünlük üçünsə iqtisadiyyatımız güclü olmalıdır ki, sanballı hərbi büdcəyə malik olaq. Əfsus ki, korrupsioner-klan hökuməti ilə buna nail olmaq real görünmür. Necə ki, Qarabağ məsələsinin dinc həll yolu mövcud deyil, eləcə də rüşvət-korrupsiya çirkabına bulaşan kadrlarla islahat aparmaq, qüdrətli iqtisadiyyat qurmaq istisnadır. Mümkün olsaydı, 22 ildə olardı.

Müxtəsəri budur ki, özümüzü aldatmayaq. Həm də tələsək. Nədən ki, vaxt çox deyil və regionun təzədən bölüşdürülməsi prosesi artıq başlayıb. Bölüşdürülənlərdən yox, bölənlərdən olaq. Hələlik müharibə real olmasa belə, gücümüzü görüb Qarabağ məsələsində bizimlə ehtiyatlı davranacaqlar. Çünki çağdaş dünyada güclü həmişə haqlıdır, haqlı isə həmişə güclü deyil. Təəssüf ki…