Qiymətlərlə bərabər cəmiyyətdə aqressiya da artır. Bu, çox təhlükəli haldır. Azərbaycanın son illərdəki ən böyük qazancı neft pulları yox, məhz sabit cəmiyyət formalaşdırmasıdır. Sosial şəbəkələrdə təkcə bir deputatı özünün də saydığı kimi, 932 nəfər söyürsə, bu, çox pis göstəricidir, cəmiyyətdəki kinin-küdurətin nümunəsidir.
Yeri gəlmişkən, “ürəyindən tikan çıxardığını” zənn edənlər bilməlidir ki, söymək çıxış yolu deyil. Üstəlik, internetdə təhqir və böhtana görə cəzalar ağırlaşdırıldığı üçün “söyüş məhbusu” olmaq təhlükəsi də var. Təhqir etmək yerinə təklif vermək, normal tənqid etmək daha faydalıdır.
Anlaşılandır, vəziyyət heç də yaxşı deyil. Bunu nəinki meydanda olmasa da, ara-sıra mətbuat və sosial şəbəkələrdə görünən müxalifətçilər, hətta iqtidar təmsilçiləri özləri də etiraf edirlər. Büdcə müzakirələrindən sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə “bu dəfə xalqla açıq danışırsınız” dedim, güldü. Axı, adətən, müxalifət “gələn il daha maraqlı olacaq” dediyi kimi, hökumət üzvləri də “daha firavan həyat” vəd edirdi. Bu dəfə isə maliyyə naziri Samir Şərifov, baş bankir Elman Rüstəmov “gələn il vəziyyət mürəkkəb olacaq” dedilər. Belə daha yaxşı. “Örtülü bazar, dostluğu pozar” misalı var hər halda…
Di gəl, bunun ardınca iqtidar mediasında Tarif Şurasının bahalaşma qərarı az qala “xalqın tələbi” kimi təqdim olunur. Hansı ki, kəndli də zərər çəkib, iş adamı da, deputat. Demək, hər birimizə təsir edən duruma görə qarşılıqlı ittihamları, ya qeyri-səmimi təbliğatı dayandırıb, çıxış yolları aramalıyıq.
Daha normal olardı ki, xalqla tam açıq danışılsın. Məsələn, vətəndaşlara vəziyyət doğru-düzgün izah olunsa, hətta yardım istənilsə, bizim aza qane sadə insanlarımız yenə də durumla barışar, “elnən gələn toy-bayram olar” deyib dözər. Biz bu xalqın ağır sınaqlardan çıxdığını azmı görmüşük?
Rəsmi şəxslər də danışarkən elə ifadələr seçməlidirlər ki, dedikləri sərt reaksiya doğurmasın. Deyək ki, neftin qiyməti ilə bağlı proqnozlar doğrulmayıb, ya dolların “od tutub yanacağı” gözlənilməz olub. Bəs, hökumət üzərinə düşən vəzifələri niyə “unudur?”
Gecəyarı Tarif Şurası qiyməti qaldırmaqla faktiki olaraq ölkə iqtisadiyyatını böyrü üstə qoyur. Qazın qiyməti qalxandan sonra istixana sahibi Türkiyə və İrandan pomidor-xiyar gətirməyə daha çox maraqlı olacaq, nəinki ikiqat qiymətə məhsul yetişdirməyə.
Hökumət izah eləsin görək, 2017-ci ilin dövlət büdcəsində sahibkarlığın inkişafına vəsait ayrılmaması nə deməkdir? Axı, Azərbaycanın mövcud vəziyyətdən xilası üçün sahibkarlıq fəaliyyətinin reanimasiyadan çıxarılması, heç olmasa palataya köçürülməsi çox önəmlidir. Sahibkarlıq subyektləri dövlətə həm də iri məbləğdə vergi ödəyir, büdcənin formalaşmasında onların böyük rolu var. Yəni dövlət bu sektora “oksigen balonu” verərsə, özünün sabahına yatırım qoymuş olar. 2017-ci ildə təkcə idman obyektlərinin tikilməsinə 334 milyona yaxın vəsait xərclənəcək. Razıyıq, idman sağlamlıqdır. Amma insan öncə normal qidalanmalı, ovqatı babat olmalıdır ki, sonda idman haqda da düşünsün. Bankdan asılı olan, kommunal xərcləri ödəmək dərdi çəkən, işi ixtisara düşən, balalarının qarşısında gözükölgəli olan idman zalınamı gedər? Deməli, yeni obyektlər tikilsə belə, qapıları uzun müddət qapalı qalacaq.
Yaxud bu gün ölkə üçün daha vacib olan icbari tibbi sığortanın tətbiqidir. Son aylarda bilirsinizmi paytaxtın özündə nə qədər yeni apteklər açılıb? Dərmanların sürətlə bahalaşmasına baxmayaraq, aptekçilik inkişafdadır. Çünki xəstəliklər tüğyan edir, vətəndaşlar çörəyindən kəsib dərmana xərcləyir.
O gün xəstəxanaların birində kasıb görkəmli bir qadının iki uşağının qan analizləri üçün 340 manatı sayıb kassaya verdiyini görəndə ürəyim ağrıdı. Bəlkə də aylarla normal qidalanmamışdı o uşaqlar, analiz pulu yığmışdılar… Düzdür, gələn il iki rayonda tibbi sığorta ilə əlaqədar pilot layihələrə başlanacaq. Ancaq gecikirik, qonşumuz, bizdən asılı olan Gürcüstan çox irəli gedib. Torpağı düşmən tapdağından azad etmək üçün bizə sağlam vətəndaş lazımdır. İşığın, qazın qiymətinin artmasını özünə dərd edənlərimiz isə vaxtında müayinəyə getməyəcək, ta ki, icbari tibbi sığortanın tətbiqinə başlanana qədər.