Загрузка...

img2260984 (1)

Sosial şəbəkədə bir dostun statusunu oxudum: “Səhər indi açılıb. Üç intihar xəbəri var. 78 və 70 yaşlı kişilər, 23 yaşlı gənc…” Bir az keçdi, daha dəhşətli bir xəbər yayıldı: Əslən Füzulidən olan məcburi köçkün ailəsinin dörd üzvü yaşadığı evdə yanaraq ölüb.

Gün ərzində təkcə Bakıda dörd faciə, yeddi ölü… Günün sonunacan bu statistika təbii ki, həm Bakı, həm də respublika üzrə dəyişdi. Çox aydın və xoş olmayan mənzərədir. İnsan ölkədə ən rahat, ən asan xərclənən vasitəyə çevrilir. Əslində insan bütün dünyada hər şeydən dəyərli kapitaldır.

Bəs bizdə, Azərbaycanda niyə belədir? Nədən adamlar ölürlər? Ya da niyə onların ölməsinə münbit şərait yaradırıq? Niyə insanlar çıxış yolunu intiharda görməyə başlayıblar? Özü də kütləvi şəkildə… Niyə bizim insanlar normal şəraiti olan ev qura bilmirlər? Niyə adamların çox işləyəni belə pis yaşayır? Niyə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin –

“Qaçqınkom”un sədri, cənab Əli Həsənov onları yanıb, öləndən sonra gedir və axtarır tapır. Onacan həmin ehtiyacı olan insanları axtarıb, tapmaq da mümkün idi, axı… Yox, bu, sadəcə əringənlik, vecinə almama, məndən ötdü prinsipidir. Hər halda o gün orada yanıb boyaqlara, divara, taxtaya yapışan, bağırtısı ərşə qalxan onun ailə üzvləri olmayıb. Heç olmasın da… Tanrı o cür faciələri dərdlərdən bixəbər məmurların evinə aparmasın. Onlar aşağılarda çəkilənləri çəkə bilməzlər.

Bir də zirzəmidə yaşayan ailə demiş… Niyə dövlət o qədər vəsait ayırdığı, ev tikdirdiyi halda, hələ də zirzəmidə yaşayan məcburi köçkünlər var? Özü də maraqlanan yoxdur ki, bu qədər tikilən evlərdə qaçqın, köçkün yaşamırsa, bəs, kim yaşayır? O mənzillər necə verilir, bölünür, paylanır? Bəlkə elə dövlətin xəbəri olmadan başqalarına satılır?

Bu oyunların niyəsi çoxdur. Amma ən dəhşətlisi odur ki, insanların zillətlə böyütdüyü balası zirzəmidə düzəltdiyi evdə lambrinə yapışıb, bağıra-bağıra ölür. Yapışasan yaxasından möhkəm silkələyəsən ki, anlayırsınızmı, məmləkətdə insanlar ölür, İNSANlar…

Amma eşidəcəklərmi? Axı, başları bərk qarışıqdır…

Kimsə anlamır ki, cəmiyyət və dövlət olaraq, son kapitaldan – insandan xərcləyirik. Ən son xərclənəsi, bada gedəsi kapitalı itiririk. Yox olmağın bir addımlığına gəlib, çatmaqdır bu… Çünki o insan dediyimiz kapitalın yarısı qaçıb xaricə gedib, yarısı qrantlara satılıb, haqlı və ya haqsız məhbəsə düşüb, bir xeylisi də ya yanıb ölür, ya da intihar eləyir.

Qaçıb gedib, Avropadan oturub, buradakına yol göstərmək, ağıl qoymaq da bir iş deyil. Qrantlara və sair təkliflərə vətəni satmaq da… Amma qarşına çıxanı məhbəsə salıb, sonra çıxarmağa da ədalət demək olmaz.

Yanıb ölsələr də, intihara əl atsalar da, sona qalanların hamısı bu məmləkətə hamımızdan çox dəyər verənlərdir. Sadəcə, dəhşət orasındadır ki, ölkədə hər şeyin qiyməti günbəgün bahalaşır, qaz, işıq, dərman kimi… Eyni sürətlə də insan dəyərdən düşür. Azərbaycan insanı ən ucuz olan məmləkətə çevrilir.

Qazı və işığı boş verin, insanlar ölür, dözə bilməyən intihar eləyir, dözüb nəyin bahasına olur-olsun, yaşamaq istəyən də diqqətsizlikdən, ehtiyacdan, problemlərdən yanıb, kül olur. Rütubətli zirzəmilərdə yanır, tüstüdən boğulur, kimsə yardımına gələ bilmir. Bağıra-bağıra ölür. Bəlkə də ölürük, yanıb kül oluruq, demək, daha dəqiq olardı. Amma o qədər hay-küy var ki, o yananların, ölənlərin səsini eşidən də yoxdur.

Gəlin, insaf edin, yanıb kül olanacan gözləməyin, onacan tapın, adamları… Çünki insan elə bir kapitaldır ki, nəyisə xərcləsən təkrar qazanıb, yerinə qoya bilirsən, amma onu yox… İnsanı xərclənən məmləkət gec-tez boş qalar. Boş məmləkətə sizin vəzifələriniz, kabinetləriniz, kreslolarınız gərək olmur.

Mümkünsə arada dayanın, susun… Didişməyin… Vuruşmayın… Bir-birinizin ailəsini, balasını şərləməkdən çəkinin… Bütün müqəddəs deyilən sərhədləri ayaqlamaqdan yorulun… Kompromat davalarını səngidin… Kurasiyanızdan alınan nazirliyi, komitəni, şirkəti, batan pulları boş verin… Susun!

Eşitmirsiniz? Lambrinə yapışıb, “ay ana” bağıran, diri-diri yanan körpənin səsi adamın lap qulağını batırır ki… Heç olmasa, o bağırtıdan ayılın…