Загрузка...

img2022709

Xəbər budur, demokrat qardaş, deyir, Qırğızıstan prezidenti Almazbek Atambayev bir ildən sonra postunu təhvil verəcək.

Adam mat qalır: necə yəni? Durduğu yerdə? Asiyada?

Əslində isə məsələ belədir, Atambayev “1 ildən sonra prezident postundan gedəcəm” deyə heç kəsə minnət qoya, “görürsünüz, mən necə demokrat oğlanam” deyə bilməz, çünki adamın müddəti rəsmən bitir. İstəməsə də getməlidir – qayda belədir.

60 yaşlı Almazbek bəy prezident postuna 2011-ci ilin payızında seçilib, gələn il, 2017-ci ilin bu vədələri səlahiyyət müddəti başa çatacaq.

Özü də məsələ belədir ki, Qırğızıstanda prezidenti cəmi bir dəfə, 6 illiyə seçirlər. Bunu ona görə ediblər ki, hər yeni prezident sələfləri Əsgər Akayev və Kurmanbek Bakiyev kimi kreslodan yapışıb durmasın, iki, üç, hətta dörd dəfə prezident seçilmək fikrinə düşməsin.
Ona görə də hələ gələn il postundan gedəcəyi ilə bağlı anons verən Atambayevin bu addımını onun demokratlığına, qanunpərəstliyinə bağlamağa tələsmək olmaz.

Bilmək olmaz, bəlkə də bu saat arşanlı Şarşen kişinin oğlunun ürəyindən qara qanlar axır, oturub fikirləşir ki, axı Qırğızıstanın Özbəkistandan, Türkmənistandan, Tacikistandan, Qazaxıstandan nəyi artıqdır, niyə onlarda prezident ömürlük ola bilər, amma məhz Qırğızıstanda cəmi bir müddət işləməlidir?

Bununla belə, Atambayev özünü el qabağında sındırmadan deyib ki, demokratik ölkə qura bildiklərinə görə şaddır.

Onun bir müsbət hərəkəti də odur ki, öz yerinə varis hazırlamayıb – nə siyasi, nə bioloji. Əlbəttə, onun iqtidar komandasında kifayət qədər kadr var, ailəsində də övladları çoxdur.
Maşallah, Almazbek bəyin düz altı övladı var: Kadır, Aliyə, Seyitbek, Seytek, Diana və Dinara. Adı sonra gələnlər heç, amma yəqin ki, Kadırın yaşı 32-33 civarındadır. Atambayev ölkə konstitusiyasının bir az gücürləyə, özünə bir-iki illik səlahiyyət müddəti artıra, oğlunun yaşı prezidentliyə düşən kimi “varis planı” həyata keçirə bilərdi.

Heyhat, 6-7 il qabaq Qırğızıstanda inqilab edənlər elə bir qayda-qanun yaradıblar ki, Asiya dəyərləri göz-görəti zay olub gedir. Açıq-aşkar hiss olunur ki, Qırğızıstan özünü Asiya standartlarına uyğun aparmır. Sanasan, bu, Finlandiyadır, Norveçdir, Hollandiyadır, nədir.
A kişi, bax, gör, sənin hansı qonşun cəmi 6 il hakimiyyətdə olur, sonra hakimiyyətdən xoşluqla gedir? Heç biri. Xəzərin şərq sahilindəki Mangiştau yarımadasından tutmuş ta Sakit okeandakı Koreya yarımadasına qədər uzanan arealda elə bir dövlət yoxdur ki, (Monqolustan xaric) prezident olan kəs cəmi bircə müddət işləyib hakimiyyətdən getsin.

Ayıb olacaq. Qara qarğaların içində ağ qarğa olaraq hər iki tərəf üçün diskomfortdur. Qara qarğalar imkan verməzlər, ordan-burdan tökülüşüb ağ qarğanı ya qovacaqlar, ya da rəngini dəyişdirəcəklər.

İndi qırğızlar Atambayevi üzüyumşaq görüblər, əllərinə bir fağır prezident düşüb, sağdan da vururlar, soldan da. Amma siz baxarsınız, Atambayev gedəndən sonra onun yerinə bir xarizmatik qırğız kişisi gələcək, üç il işləyəndən sonra məsələ qaldıracaq ki, konstitusiyaya düzəlişlər etmək lazımdır. Onu qırmayacaqlar, edəcəklər. Adam iki dəfə ard-arda seçiləcək. Sonra üçüncü dəfə prezident olacaq. Daha sonra qırğız deputatlar məsələ qaldıracaqlar ki, Qırğızbaşının heykəli qoyulsun, adı da, məsələn, Çuy vilayətinin Panfilovsk şəhərinə (əslində prezident hansı şəhərdə doğulubsa, oraya) verilsin.

Ondan sonra cəmi bircə dəfə prezident olmuş və ömrünün çiçəklənən çağında prezident kürsüsündən ayrı düşmüş Atambayev çox atdanıb-düşəcək, haqsızlıqdan danışacaq, deputatları və digər siyasiləri “manqurt” adlandıracaq, amma xeyri olmayacaq. O yan-bu yan eləsə, ya oğlu Seytekin cibinə nəşə atıb tutacaqlar, ya da Kadırın seks kasetini çəkib internetə qoyacaqlar.

Burası Asiya, burda ala qarğa bala çıxartmaz