Hər dəfə kəskin, ciddi və ya üzən devalvasiya olanda, enerjidaşıyıcıların, kommunal xidmətlərin qiyməti artırılanda milyonlarla insanı gələcəyə dair əndişə çulğayır.
Mövcud güzərandan narazılıq bir tərəfə olur, sabahkı günə görə narahatlıq daha çox böyüyür.
Bu, təsadüfi deyil, yetkin, orta yaşlı və ahıl insanlar təcrübəlidir, uzun və qısamüddətli sabitlikdən sonra düzənin pozulmasının nəyə gətirib çıxardığını görüblər, bilirlər.
Bu durumu obrazlı ifadə etsək, göz önündə dağdan qopmuş qaya parçasını tutmalıyıq. Qaya dağdan qopursa, ta sona qədər dığırlanır və tərpənməz qala bildiyi yerdə durur.
İki il öncə milli valyutamız manat ilk dəfə dəyər itirəndən sonra aydın oldu ki, təxminən 7-8 illik iqtisadi sabitlik arxada qaldı, daha “dünyanın ən bahalı valyutalarından biri”nə sahib olduğumuzla fəxr edə bilməyəcəyik.
İkinci devalvasiya və manatın “üzən məzənnə”yə keçirilməsi bu tənəzzülü daha da böyütdü. Artıq əski qiymətləri bazar rıçaqları ilə nəzarətdə saxlamaq mümkün olmurdu, ona görə də ajiotajı səngitmək üçün inzibati resurslardan istifadə edildi.
İndi işıq və qazın satış qiymətinin deffensiyasiyası da iqtisadiyyatda, bazarlarda ajiotaja səbəb ola bilər, ancaq yəqin ki, inzibati resurslar yenə kara gələcək.
Bu yolla, əlbəttə, möhtəkirliyin, qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısını müəyyən qədər almaq olar, amma bu, iqtisadi təşəbbüskarlığa, bazar münasibətlərinə də ziddir.
Bir daha sübut olunur ki, müasir dünyada müstəqil dövləti idarə etmək, xalqın firavanlığına, yüksək rifahına nail olmaq, permanent tərəqqidə olan iqtisadiyyat qurmaq çox çətindir.
Bu, elə asan bir iş olsaydı, dünyanın 200-dən artıq ölkəsinin üçdə ikisi qara gündə olmaz, inkişafdan qalmazdı.
Təbii ki, iqtisadiyyatı zəif, əhalisi yoxsul ölkələrin bu durumda olmasını şərtləndirən obyektiv və subyektiv səbəblər var və burada tərəzinin ağır gələn gözü məhz birinci növdən olan səbəblərdir.
Zəngin karbohidrogen ehtiyatları, faydalı qazıntıları, güclü elmi mərkəzləri, müasir texnologiyaları, qanunla idarə olunan dövlət sistemi olmayan ölkələrin güclü iqtisadiyyata malik varlı ölkə olmaları mümkün deyil.
Ancaq təcrübə göstərir ki, heç zəngin karbohidrogen ehtiyatlara malik olmaq da hələ dövlətin qüdrətlənməsinə, xalqın varlanmasına səbəb olmaya bilər. Ortada neft ölkəsi olan Nigeriyanın səfalət içində olması kimi nümunələr var.
Eyni zamanda heç bir zəngin təbii resursu olmayan ölkələrin güclü iqtisadiyyata malik olaraq dünyanın ən güclü 20 ölkəsindən birinə çevrilməsi faktı var (Məsələn, Yaponiya, Cənubi Koreya).
Əsas məsələ inkişafa, rifaha, qüdrətə aparacaq komponentlərin məcmusunu düzgün və tam şəkildə tətbiq etməkdir.
Zəngin təbii resursları olan ölkə öz iqtisadi siyasətini elmi əsaslarla, ölçülüb-biçilmiş iqtisadi proqramlara əsasən yeridə bilməyəcəksə, hansısa xammalının bahalı bazar tapmasına görə nail olduğu iqtisadi inkişaf tempi müvəqqəti və süni xarakter daşıyacaq.
Ən pisi karbohidrogen resursları hesabına böyük pullar əldə etmiş ölkədə korrupsiyanın da böyüməsidir. Tüğyan edən korrupsiya olan yerdə nə qədər zəngin sərvətlər olur-olsun, xeyri yoxdur, misli görünməmiş talançılıq, dartıb-dağıtma ehtirası iqtisadi inkişafa imkan verməyəcək.
Bu kimi durumlar isə dövlətin qanunlarla, qanunun aliliyi ilə idarə olunmaması halında yaranır.
Beləliklə, qapalı dairə yaranır: qanunların işləmədiyi ölkələrdə korrupsiya tüğyan edir, korrupsiyanın tüğyan etdiyi ölkədə milli sərvətlər amansızcasına talan edilir, sərvətlərin talan edildiyi ölkədə iqtisadiyyat inkişaf etmir, iqtisadiyyatı zəif olan ölkədə işsizlik artır, işsizlik olan yerdə isə aclıq, səfalət hökm sürür.
İndi bir çoxları oturub düşünür ki, dünya bazarlarında neftin bir barelinin qiyməti yenidən 100 dolları keçsə, xalqın güzəranı xeyli yaxşılaşar, tikinti-quruculuq sferası yenidən canlanar, yeni iş yerləri açılar.
Ancaq bu da müvəqqəti xarakter daşıyacaq və neftin qiymətinin yenidən azalmasıyla tənəzzül başlayacaq.
Uzun sözün kəsəsi, bu xroniki böhran durumundan yalnız iqtisadçı alimlərin proqramları, təşəbbüsləri, təklifləri ilə çıxmaq olar. Əks təqdirdə, vəziyyət ildən-ilə pisləşə-pisləşə gedəcək.