Etiraf edək ki, heç kəs Donald Trampın Fidel Kastronun ölümü ilə bağlı bu qədər açıq sözlü olacağını, prinsipial rəy bildirəcəyini gözləmirdi.
Bütün dünyada, eləcə də bizdə geniş yayılmış qənaət belədir ki, ABŞ-da prezidentliyə namizədlər seçkiqabağı kampaniyada çox söz deyirlər, amma seçiləndən sonra çıxışlarında korrekt olur, diplomatlıq edirlər.
Tramp bu stereotipi qırdı. Onun 20-ci və 21-ci əsrin, həmçinin bütün zamanların ən uzunömürlü diktatoru barədə fikri bu cürdür: “Bu gün dünya 6 onillik boyu öz xalqını əzmiş qəddar diktatorun gedişini qeyd edir”.
“6 onillik” deyəndə Tramp Kastronun 1959-dan 2016-cı ilin noyabrına, yəni ölən gününə qədər iş başında olmasını nəzərdə tutur. Yəqin ki, Fidel 2008-ci ildə dövlət rəhbəri postunu qardaşı Raula verəndən sonra da dövlət işlərinə əl bulamaqda davam edirdi. Çünki bu tipli adamlar başqa cür ola bilməzlər.
Trampın açıqlamasının davamı belədir: “Fidel Kastrodan qaynaqlanan ölümlər, faciələr və ağrını yaddaşlardan silmək mümkün olmasa da, bizim administrasiya hər şeyi edəcək ki, Kuba xalqı, nəhayət, azadlıq və inkişaf yoluna qədəm qoysun”.
Real olan söhbət budur. Hakimiyyətdə olduqları 57 ildə bu qardaşlar təkcə Kubanın yox, eləcə də region ölkələrinin daxili işlərinə qarışırdılar. Onların təsiri və yardımı ilə Çilidə, Kolumbiyada, Nikaraquada, Qvatemalada, Boliviyada yüz minlərlə insan puç ideologiyaların fanatikinə çevrilib, qanlı mübarizələrdə həyatlarını itiriblər.
Bəziləri onları “dünya solçuluq hərəkatının önəmli simaları” hesab edir, amma bu, necə solçuludur ki, Kastro sülaləsinin həyat tərzi heç də zahidanə (asketik) deyil. Kastro klanı bu gün dövriyyəsi milyard dollarla ölçülən biznes imperiyasına sahibdir və gələcəkdə, ölkənin siyasi quruluşu dəyişəndə ölkənin ən böyük kapitalistləri onlar olacaqlar.
Tramp məhz bunu deyir, su üzərində üzə bilən hər cür vasitələrlə – ağaclardan, təkərlərdən düzəldilmiş sallarla, rezin botlarla, kiçik balıqçı qayıqlarıyla Kubadan qaçarkən Karib dənizinin qara sularına gömülərək həyatını itirən minlərlə adamı, türmələrdə məhv edilən on minlərlə kubalını nəzərdə tutur.
O, bu tarixi hadisələri bilir və çəkinmədən dilə gətirir. Bunu o adam deyir ki, dünənə qədər onu Rusiyanın adamı hesab edir, hakimiyyətə gələrsə, Rusiyanın maraqlarına uyğun davranacağını söyləyirdilər. Budur, o, prezident olaraq ilk rəsmi açıqlamalarından birində Rusiyanın adamının əsl qiymətini verdi.
Kuba ilə bağlı həqiqətləri indiki prezident, demokrat Barak Obama da bilir. Ancaq onun Kastronun ölümü ilə bağlı açıqlaması diplomatik pərdəyə bürüncəklidir.
Obama belə deyib: “Tarix Kastronun insanlara və ətraf dünyaya böyük təsirlərini yadda saxlayacaq və buna öz qiymətini verəcək”.
Tarix Kastronun hansı böyük təsirlərini yadda saxlayacaq, ona nə qiymət verəcək?
Qiyməti Tramp verib və tarixin də Kastro və onun kimilərə verdiyi qiymət ondan əskik (və ya artıq) olmayacaq.
1989-cu ildən sonra dünya üzərində başlayan demokratikləşmə dalğasının səngiməsinə, dünyanın dörd bir tərəfində müstəbidlərə qarşı başlayan ümumdünya hərəkatının boğulmasına məhz Obama kimi demokratların ütülü açıqlamaları, dişsiz reaksiyaları, qətiyyətsiz qərarları səbəb oldu.
Həmişə despotların, tiranların, avtoritar rejim sahiblərinin tərəfini tutan Rusiya bir balaca dirçələn kimi yenə köhnə ampluasına qayıtdı və “azadlıq istəyən xalqlar onu alacaqlar” deyə özünü ümumdünya demokratikləşmə hərəkatının bayraqdarı elan etmiş ABŞ onun qabağından qaçmağa başladı.
Nəticəsi o oldu ki, indi Rusiya zor-bəla demokratikləşən dövlətlərdə güc və hiylə yoluyla yenidən despotik rejimlər qurmağa, ya da həmin konveyerdən olan rejimləri qorumağa çalışır.
Trampın Kastro barədə açıqlaması bu üzdən əhəmiyyətlidir. Əgər o, bu duruşunu, davranışını davam etdirsə, dünyanın üçdə ikisində boy göstərən sərt rejimləri bir qədər yumşalda, onları insan haqlarına riayət etməyə, demokratikləşmə müstəvisində kövrək addımlar atmağa vadar edə bilər.
O da zamanla “diplomatlaşacaqsa”, ta heç nə.