Загрузка...

img1261098

Dilqəm Əsgərovla Şahbaz Quliyev girov götürüləndə bir yazı yazmışdım: “Kəlbəcəri kim çəkəcək?” Dilqəmgil hər dəfə gizli yollarla Kəlbəcərə gedəndə əlidolu qayıdar, işğaldakı yerlərdən videokadrlar çəkib gətirər, o yerlərin həsrətində olanlarımızı ovudardılar. Ancaq 2014-cü ilin iyunundan sonra daha o yerləri çəkən olmayıb. Təəssüf doğuran budur ki, heç Dilqəmgilin başına gələnlərdən də film çəkən yoxdur…

Dünya dəyişib, kino da təbliğatda mühüm yer tutur. Bəs, hansı kinorejissorlarımız, niyə Qarabağdan normal kinolar çəkilmir? Nə üçün “Fəryad”, “Dolu”dan o tərəfə keçə bilmirik?
Yadınızdadır, Milli Şuranın 2013-cü il Tiflis toplantısı? O vaxt kinorejissor Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilmədiyi üçün müxalifəti Gürcüstanda toplamışdı. Səbəbini isə belə izah etmişdi: “Biz Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırdıq. Yəni onsuz da mən Tiflisə gələcəkdim…” Rüstəm müəllim hətta prezident seçkiləri ilə bağlı mübarizənin qaynar vaxtında da “qəliz sənət” olan kinoya bağlılığını gizlətməmişdi. Olsun. Bəs, elə isə rejissor niyə öz vətəninin ağrılarını ssenariləşdirməyə həvəs göstərmir?

Çoxdandır ki, şəxsən əlaqə saxlaya bilmirəm. Bir dəfə də telefonu açan kimi “bağışlayın, mən məşğulam” deyib söndürdü. Ona görə də düşüncələrimi qəzet vasitəsilə çatdırmaq istədim.

Şübhə etmirəm ki, Rüstəm müəllim Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı film çəkmək istəsə, Azərbaycan rəhbərliyi onun siyasi mövqeyini bir kənara qoyub ideyasına hər cür dəstək verərdi. Bəlkə İbrahimbəyov Şahbaz və Dilqəmin girovluğundan, ya da onların ailə üzvlərinin ürəkparçalayan fikirlərindən xəbərsizdir?
Bəli, Qarabağda son sözü Azərbaycan əsgəri deyəcək. Ancaq savaş əmri verilənə qədər görüləsi işlər var. Təbliğat müharibəsi savaşa qədər bizə çox lazımdır. Rəssamlar Kəlbəcər girovlarının şəkillərindən ibarət sərgi keçirməli, yazıçılar bu barədə əsərlər yazmalı, kinorejissorlar da kinosunu çəkməli…

Bu, girovlarımızın sağ qalması üçün vacibdir. Yoxsa düşmən bir gün onların “ürəktutmasından” vəfat etdiyi xəbərini yayacaq… Həm də özümüz üçün danışmağa lüzum yoxdur. İş xaricdə aparılmalıdır. Dünya görsün ki, ermənilər iki mülki azərbaycanlıya necə zülm verirlər.

Kinorejissor bəlkə ssenari axtarır… Qırmızı Xaç Komitəsinin gətirdiyi hər məktub əslində bir əsərdir. Bizim istedadlarımız niyə biganədir bu qanlı sətirlərə?! Hələ bu günə qədər anası “KamAZ sürücüsü olan Şahbazın erməni girovluğunda olmasından bixəbərdir, elə bilir oğlu hələ də Rusiyadadır – İbrahimbəyovun vətəndaşı olduğu ölkədə!.. Dilqəmin oğlu əlacsız qalıb ”nəyin bahasına olursa-olsun atamı görməyə gedəcəyəm” deyir…

Belə bir kino Qarabağla bağlı həqiqətlərin daha tez yayılmasına yardım edər. Müasir dünyada kino dilinə xüsusi önəm verilir. Ən azı, Türkiyə kinosundan öyrənmək lazım. Hər baş verən hadisə dərhal ssenariləşdirilir. İndi neyləyək, onlaramı müraciət edək?
Xatırlayırsınızsa, Rüstəm İbrahimbəyovun hakimiyyətlə münasibətləri illər öncə Bakı erməniləri barədə dediyi isti fikirlərə görə pozulmuşdu. Ancaq heç olmasa Qarabağla bağlı sülhü təbliğ edən səviyyəli bir kino çəksəydi, bu gün hansısa dairələrin təsiri altına düşüb “sülh göyərçini” rolunu oynayanların filmləri mükafatlandırılmazdı. Qarabağ məsələsində sülhü də peşəkarcasına təbliğ etmək lazımdır, diletantlıqla yox! Dünyaya film vasitəsilə susal verilməlidir ki, Şuşada sivil insanları girov saxlayan erməni ilə necə sülh bağlamaq olar?

Demirəm ki, bu film çəkilsə, Dilqəmgili dərhal buraxacaqlar. Heç onların azad olunmamasına görə kinorejissoru da suçlu saymaq fikrindən uzağam. Amma ən azından 1941-45 nümunəsi var, kəndlidən tutmuş rəhbərə qədər hər kəs “Vətən naminə” çalışırdı. Azərbaycan yalnız bu halda Qarabağı da, elə qarabağdakıları da azad edə bilər – Dilqəmgil qarışıq. Rüstəm müəllim inanmırsa, bir film çəksin.

Heç olmasa Bakıya gələn, burada işğalı lənətləyən, xalqların dostluğundan danışıb Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəyən ermənilərdən, “yaxşı ermənilər”dən bəhs etmək olar.

Mənim aləmimdə dünyanın ən yaxşı kinorejissoru Dilqəm Əsgərovla Şahbaz Quliyevdir – Kəlbəcərdə, düşmən əhatəsində çəkdikləri filmləri ilə. Dünyada ədalət olsa, Dilqəmgil hələ baxa bilmədiyimiz son kasetləri ilə birlikdə Şuşadan birbaşa ABŞ-a aparılardı. Rüstəm İbrahimbəyovun da üzv olduğu “Oskar” Kino Akademiyasına…