Bu günlərdə məni polis idarəsinə söhbət eləməyə çağırdılar. Orda rəis dedi ki, sən bəzən ölkəmizdəki uğurları görmürsən, həmçinin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizəsinə kölgə salmaq cəhdləri vardır. Ümumən çox maraqlı, bir vətəndaş olaraq mənə fayda gətirən dialoq olduğunu qeyd etməliyəm. Nəyə görə?
Açıq yazsam, bir çox ölkələrdə polis idarəsinin zəhmətkeşi, özəlliklə jurnalisti dəvət eləyib həyat həqiqətlərini başa salması kimi bir prosedur yoxdur. Görüşdə rəis Almaniyadan misal çəkdi, dedi ki, Almaniyanın polisləri Azərbaycan polislərinə həsəd aparırlar, deyirlər, kaş cinayətlərin açılma faizi bizdə də sizdəki qədər olaydı. Bu zaman rəis çoxlu rəqəm yazılmış bir topa vərəqi mənə uzaqdan göstərdi, xeyli məmnun oldum.
Həqiqətən Almaniyanın vəziyyəti hərtərəfli xarabdır. Hitler orda qaz kameralarında yəhudiləri qırırdı, görmüşük bunların hamısını. Bizdə isə hökumət Qubada yəhudi kəndlərinə pulsuz qaz verir, hələ yəhudi deputatımız vardır. Almanlar 41-45-də gəlmişdilər, görmüşük də…
Ancaq bu, məni o qədər də narahat etmir. Mən Azərbaycanda yaşayıram, mənə öz ölkəm maraqlıdır. Bu mənada, kölgə məsələsini xüsusi yazmaq vətəndaşlıq borcumdur.
Həqiqətən də, idarəyə çağırılıb qapıdan içəri girərkən mən baxdım ki, həm özümün, həm vəkilimin uzun kölgələrimiz yaranıbdır. Saat axşam tərəfi 6-nın yarısı olardı.
Kölgələrimiz o qədər uzun idi ki, hətta giriş darvazasından idarənin üstünə qədər çatırdı, çox pis görünürdü. Nəsə, içəridə rəis “sən polisin fəaliyyətinə kölgə salırsan” deyəndən, söhbətimiz bitəndən sonra bayıra çıxanda artıq saat axşam 7-yə qalırdı, kölgələrimiz isə yox olmuşdu! Elə o anda mən Hans Kristian Andersenin “Kölgəsiz adam” nağılını xatırladım. Həmin nağılda bir alimdən söhbət gedir, bu alim həqiqət, xeyirxahlıq-zad kimi mənasız şeylərdən kitab yazır, xalq isə bunun kitablarını oxumur, elə düz də eləyir. Nəhayət, alim xəstələnir, bu zaman kölgəsi onun köməyinə gəlir, deyir indən belə yerimizi dəyişək, mən adam olacağam, sən kölgə olarsan. Bundan sonra alimin başına nə gəlir, daha onu yazmıram, qəmli əhvalatlar ölkəmizin analoqsuz inkişafına yaraşmır. Yekun olaraq yayda da kölgəsiz yaşayacağıma and içirəm.
Kölgəmin yox olması bir müsbət hadisədirsə, elə ölkəmizin inkişafını görməyim də başqa işıqlı cəhətdir. Bizdə bəzən deyirlər ki, ölkəmiz günbəgün inkişaf edir. Mən bununla qəti razı deyiləm. Bizdə inkişaf anbaan gedir! Dəqiqəbədəqiqə. Dedabədə. Nəsə. İzah edim.
Demək, polis idarəsinə çağırılıb sonra ordan buraxılanda mən küçəyə çıxıb ətrafa baxdım. Aman tanrım! Ölkəmiz, paytaxtımız o bir saatın içərisində nə qədər dəyişmişdi! İşıqlı binalar, geniş prospektlər, küçələrə gəzməyə çıxmış xoşbəxt insanlar, isti ölkələrə köçməyib Bakıda yaşamağı seçən köçəri quşlar, küknarlar, buludlar, pişiklər, yiyəsiz itlər… Əslində üzr istəyirəm, bizim ölkədə heç bir varlıq yiyəsiz ola bilməz, yetimçilik, lazımsızlıq hiss edə bilməz.
Əgər məni tutub zindana salsaydılar, heç bu uğurları bu qədər geniş şəkildə görə bilərdimmi? Yox. Zindanın pəncərəsi, deyilənə görə, çox balacadır, ordan inkişafın ancaq kiçik kvadratı görünür. Kış-kış… (Yazının bu yerində sağ çiyin üstündən geri tüpürmək lazımdır. Qəzeti avtobusda oxuyanlar proseduru sonraya saxlasa, heç nə olmaz – Z.H.)
Yarıqaranlıqda – bizdə heç bir yer tam qaranlıq olmur, o yarıqaranlığı da romantika üçün saxlayırlar – şəhər polis idarəsinin əzəmətli, geniş dəhlizli, bürcləri asimana çatan, bir kərpici gümüş, bir kərpici qızıl binasına diqqətlə baxdım. Ya rəbb! Bu bina necə işıqlı görünürdü. Təbii ki, bu işıqda onun içərisində çalışan ziyalı insanların da böyük rolu vardır.
Gərək həyatdan, içərisində yaşadığın uca millətindən uzaq düşməyəsən, ona yadlaşmayasan, manqurtlaşıb polis haqda ağzına gələni yazmayasan. Onlar bizim qaranlıq dünyadakı, fırtınalı planetdəki yol göstərənimiz, yol ötürücümüz, körpümüz, keçidimiz, mayakımızdır!
Yazını elə bu xoş sözlərlə bitirirəm.