Загрузка...

img1306318

Azərbaycan Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün Beynəlxalq Məhkəməyə müraciət etməyə hazırlaşır. Bundan ötrü Milli Məclis hərəkətə keçib və müvafiq sənəd hazırlanır. Necə deyərlər, heç olmamaqdan, gec olması yaxşıdır. Bəlkə soyqırımın 25-ci ildönümünə günahsız insanların, körpələrin ruhu bir az rahatlıq tapa.

Nəzərə alsaq ki, gələn il Qarabağ məsələsi ətrafında fors-major vəziyyətlər, qəfil dönüşlər gözlənilir və müharibə ehtimalı da qalır, o zaman işğalçı tərəfin ölkəmizə qarşı təbliğat savaşını kəsərsiz eləmək üçün bu məsələ güclü arqument rolunda ola bilər – ilkin mərhələdə konkret nəticə olmasa belə.

Məsələ ondadır ki, ermənilər, beynəlxalq erməni lobbisi on illərdir Dağlıq Qarabağın, digər ərazilərimizin işğalına həm də saxta soyqırım iddiası ilə, özləri haqda “əzabkeş xalq” obrazı yaratmaqla haqq qazandırmağa çalışırlar. Belədə niyə də onları öz silahları ilə vurmayaq – özü də saxta yox, gerçək məsələ ilə?! Axı, onlar uydurma dəlilləri əsas götürürsə, bizim əlimizdə videogörüntülər var.

Hüquqşünaslar bilir, belə miqyaslı cinayət əməlinin açılması üçün uzaqlıq müddəti olmur. Sadəcə, bir az tələsmək lazımdı ki, Xocalı hərbi caniləri öz əcəlləri ilə ölməsin. Erməni ictimai xadimlərin Bakıda Xocalı abidəsi önündə baş əyməsi və Azərbaycan xalqından üzr istəməsi də 25 ildən sonra əlimizə düşən və işğalçıya qarşı təbliğatda istifadə edilə bilən yaxşı ilkdir.
Bu prosesi məntiqi sonluğa çatdırmaq üçün Azərbaycan sözsüz ki, beynəlxalq səviyyəli, savadlı və oxşar məhkəmə iddialarla bağlı işlərdə böyük təcrübəyə malik vəkil-hüquqşünasların xidmətindən istifadə barədə də düşünməlidir. Ekspertlərə görə, bundan ötrü bir neçə milyon dollarlıq para (xərc) kifayətdir. Belə vəkillər isə əlbəttə ki, var. Üstəlik, onların işini asanlaşdıracaq video və fotofaktlar, Xocalı sakinlərinin ifadələri də öz yerində.
Proses sözsüz ki, Ermənistanın əsas havadarı Rusiya üçün də bir diskomfort doğuracaq, ona siqnal olacaq. Kremlin işğalçı Ermənistana qahmar çıxmaqda davam etməsinə xəfif də olsa, psixoloji əngəl yaradacaq. Beynəlxalq terrordan əziyyət çəkdiyini, beynəlxalq terrorla mübarizə apardığını bəyan edən, lakin işğalçılıqda suçlanan (Ukrayna, Gürcüstan) və sanksiyalarla üzləşən Rusiya öz sifətini saxlamaq üçün bu məsələdə Bakıya zor-xoş hansısa formada (hüquqi, siyasi) kömək eləməli olacaq.

Biz hələ onu demirik ki, 366-cı motoatıcı alayın Xocalı soyqırımında iştirak etmiş hərbçilərini tapıb Azərbaycana vermək şimal qonşumuzun əlində su içim kimi bir şeydir. Düzdür, Rusiya qanunlarına görə, o, öz vətəndaşını mühakimə üçün başqa ölkəyə vermir. Ancaq ən azından öz ərazisində onların Azərbaycan istintaqçıları tərəfindən dindirilməsi və ya mühakimə edilməsini təmin edə bilər. Bunun özü də az iş deyil. Çünki o halda dünya Xocalı soyqırımı ilə bağlı əsl cinayətkarlar barədə daha dolğun faktlarla tanış olacaq.

Bu işdə təbii ki, qardaş Türkiyə də böyük töhfə verə bilər. Söhbət beynəlxalq səviyyədə hüquqi-siyasi dəstəkdən, bu işə informasiya-təbliğat köməyi göstərməkdən gedir. Həmçinin, 57 dövləti özündə birləşdirən və Xocalı cinayətlərini soyqırım kimi tanımış İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yardımından istifadə mümkün görünür…

Əsas odur ki, bu istiqamətdə addımlar atarkən, nəticə tezliklə yoxdu deyə, həvəsdən və ruhdan düşməyək, heç olmasa, ermənilərin özü kimi israrlı olaq. Yaddan çıxarmayaq ki, erməni həmişə bizim sonrakı ağlımıza qibtə edib, “sonrakı ağlımız”dan qorxub. Elə isə niyə də həmişə düşməni xofda saxlayan “sonrakı” ağlımızda olmayaq. Yəni ki, lüzumsuz emosiyadan, yalnız ziyan gördüyümüz ura-patriotluqdan uzaq olmayaq, soyuq məntiqlə və praqmatik hərəkət etməyək?

Erməni həm də ona görə “müsəlmanın (türkün-Z.S.) sonrakı ağlı kaş məndə olaydı” deyib ki, məhz onda türk-azərbaycanlılar hər cür didişmə-çəkişməni kənara qoyub vahid hədəfə vura, xarici düşmənlərə fürsət verən daxili parçalanmalardan uzaq dura bilir. Azərbaycan xalqının bir daha parçalanmaması üçün Xocalı soyqırımı kifayət etməlidir! Bu faciə elə məhz daxili didişmələrimizin bizə bəxş etdiyi “mükafat”, “sürpriz” deyilmi?

Bir daha oxşar sürprizə tuş gəlmək lüksümüz yox!!