Azərbaycanda rəsmi səfərə gələn Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev A. Lukaşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Belarus prezidentinə raport verib.
Belarus və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Belarus prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Aleksandr Lukaşenkoya, Belarus nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.