BMT baş katibi Pan Gi Mun Suriya böhranını BMT-nin səhvi adlandırıb – daha doğrusu, kollektiv səhvi. Baş katibə görə, “bu qədər uşaq, qadın və yaşlının məhz Suriya siyasi liderlərinin rəhbərlik qabiliyyətinin qıtlığı və insanlığının çatışmazlığı üzündən, yanlış mövqeyinə görə ölməsi olduqca acınacaqlıdır”.
Suriya böhranı, bütövlükdə Yaxın Şərqdə yaşanan insanlıq dramı, hər gün yüzlərlə günahsız insanı, uşağı, gənci, yaşlını udan müharibələr, ürək dağlayan mənzərələr gerçəkdən də ilk növbədə BMT-nin ayağına yazılmalıdır. Onun gücsüzlüyü, bəşəriyyətin böhranı sayılmalıdır. Lap dəqiqi, baş verənlər BMT adlanan ən mötəbər beynəlxalq təşkilatın böyük güclərin toqquşan maraqları üzündən iflic keçirməsinin nəticəsidir.
Yoxsa ki, belə baxanda Rusiya və ABŞ rəsmiləri eyni humanist bəyanatları verməkdən, Hələbdə, Suriya və İraqın digər şəhərlərindəki qətliamları, bombardmanları pisləməkdən yorulmurlar. Amma məsum körpələr üçün nə fərqi – onlar Əsədin atdığı bombalardan ölür, yoxsa Rusiyanın və ya Amerikanın?!
Fəlakət ondadır ki, Yaxın Şərq, ələlxüsus da Suriya bu iki superdövlətin bir-birinə “əzələ nümayiş etdirdiyi” qanlı məkana çevrilib. Moskva və Kremlin toqquşan maraqlarının altını isə günahsız əhali, uşaqlar çəkir. Halbuki, belə amansız, antiinsani güc nümayişi, rəqabət BMT çərçivəsindən kənara çıxmamalı idi. Çünki bunca qırğın-fəlakət, hansısa milli maraq bir körpənin göz yaşına da dəyməz.
Rusiya və ABŞ yaşanan bu bəşəri drama görə günahı bir-birinin üstünə atmağa çalışır. Hərgah, təkrar edirik, bu duruma görə onların hər ikisi məsuliyyət daşıyır. Çünki dünyadakı sabitliyin əsas sorumluları onlar. Vəziyyətin bu həddə çatmasına, Bəşər Əsədin hakimiyyət hərisliyi ucbatından yüz minlərlə adamın ölümünə ilk növbədə onlar məsuldur.
Doğru, Suriya ərəb xalqı, bütövlükdə ərəblər də öz taleyinə sahib çıxa bilmədikləri, parçalandıqları üçün suçlular sırasında. Fəqət, konkret olaraq Suriyada bu iradəyə necə sahib çıxasan ki, böyük güclər Əsədlə bağlı maraqlar çəkişməsi içindədir. İtaliyanın keçmiş baş naziri Silviya Berluskoni də deyir ki, Şərq demokratiyaya hazır deyil, onları elə diktatorlar idarə eləsə yaxşıdır, çünki belədə sabitlik pozulmaz, qırğınlar olmaz.
Çoxları bu sözlərdə həqiqət payı görə bilər. Amma və lakin Şərqin demokratiya yolunda ən böyük əngəllərdən birinin elə qlobal güc mərkəzlərinin toqquşan enerji maraqlar olduğunu kim bilmir ki? Bəli, birinci günah Şərq toplumundadır – öz taleyinə biganə qaldığına, öz iradəsinə və təbii qaynaqlarına sahib çıxmaqda passivlik göstərdiyinə, taleyini Bəşər Əsəd kimi qaniçənlərə həvalə etdiyinə görə. Hər halda heç kim diktator kimi doğulmur, diktatora çevrilirlər.
Taleyin ironiyasına bax ki, Bəşər Əsəd və arvadı, “ilana zəhər verən kərtənkələ” Əsma London təhsili alıblar. Geyim-keçimləri də qərbli, avropalı stilindədir, radikal dindara, təməlçiyə heç bənzəməzlər. Di gəl ki, qafaları, düşüncə və təfəkkür tərzləri orta əsr şahı, diktatoru səviyyəsindədir. Hələ də fərq etməzlər ki, hər gün günahsız körpələr ən əvvəl onlara görə güdaza gedir. Allahdan heçmi qorxmurlar?
Şərqə belə diktatorlar lazımı? Tutaq ki, onlar müəyyən müddətə ölkədə zorən sabitliyik bərqərar etdilər. Bəs axı, Suriya nümunəsindəki kimi, həmişə sakit diktaturalar olmur, onlar üçün fors-major vəziyyətlər də yaranır, diktaturaların sabitliyi qəfil sınaqlara da çəkilir. O zaman yüz minlərlə günahsız insan, uşaq, qadın diktator naminə məhv edilməlidir? Yox, əlbəttə ki. Odur ki, Berluskoniyə yox, BMT baş katibinə haqq qazandırmaq lazım gəlir.
O ki qaldı Şərqə, hələ 98 il öncə Azərbaycanda müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurulmaqla (ADR), ABŞ-da belə mövcud olmaya-olmaya qadınlara ilk dəfə seçki hüququ verilməklə sübut olundu ki, Şərq təkcə “incə məsələ deyil”, həm də demokratiya yoluna çıxa bilən sivilizasiyadır. Yetər ki, ona xaricdən (Rusiyadan, Qərbdən) maneələr yaradılmasın, demokratiyanı ixrac cəhdləri olmasın.
Bu gün Suriyada diktatora hərbi dəstək verən Rusiyanın müdaxiləsi olmasaydı, ADR indi bəlkə qardaş Türkiyədən də demokratik, inkişaf eləmiş müsəlman dövləti idi. Məgər buna şübhə edənlər var? Öz aramızdı, Qərbin özü də Şərqin diktatorlarına heç də az rəğbət bəsləmir. Əsas səbəb deyildi – enerji qaynaqları…