Bu yaxşı söhbət olmadı. Heç kəs gözləməzdi ki, o gözəllikdə haqq-hesabın, türkün sözü, aşk macərasının axırı gəlib belə qurtaracaq. (Hərçənd şair hələ 50 il əvvəl deyib ki, “hər aşkın sonunda göz yaşı vardır”).
Söhbət “Təhminə” filminin baş rol ifaçılarının arasındakı münasibətlərdən gedir. Heç kəsə sirr deyil, düz 23 ildir ki, bizim camaatın Qarabağ boyda dərdi ilə yanaşı, bir Təhminə-Zaur, daha dəqiqi, Fəxrəddin-Meral dərdi də var. 1993-dən bəri millətin bir yarısı, xüsusilə də gənclər kəsimi o nakam eşq söhbətini ürəyinə salmışdı, hamı istəyirdi ki, o macəra bitməsin, hansısa şəkildə davam etsin.
Budur, Meral xanım elə bir açıqlama verib ki, ilişkinin istiqaməti dəyişib, qara sevdadan uğursuz sənət layihəsinə, ordan da alıb-aldatma söhbətinə dönüb.
Heç demə, 3-4 il əvvəl “Təhminə” rolunun ifaçısı Meral Konratı Bakıya dəvət ediblər ki, bəs “Təhminə-2″ filmini çəkirik. O da zamanında ”Təhminə” filmindən o qədər duyğulanıb, təsirlənibmiş ki, ləngimədən İstanbuldan Bakıya gəlib. Ancaq xanımı burada Zükfiyyə Xanbabayevanın klipinə çəkiblər və deyiblər ki, bu, hələ filmin tanıtımıdır, “Təhminə-2″ çəkiləndə xəbər verəcəyik. Meral xanım qayıdıb İstanbula, bir müddət gözləyib, görüb buna zəng eləyən yoxdur, götürüb öz ”Zaur”una, yəni Fəxrəddin Manafova zəng edib ki, film nə oldu. Onu yenə tovlayıb, yola veriblər. Nəhayət, İstanbulda bir azərbaycanlı təsadüfən işin üstünü açıb, Meral Konrada deyib ki, Azərbaycanda çəkdirdiyini klipə baxdım, əladır. Sənətçi xanım deyib, nə klip, nə zad. Sonra özü də girib Youtube saytına baxıb ki, azərbaycanlılar bunu, türkün sözü, dolandırıblar, film əvəzinə klipə çəkiblər.
İndi aktrisa öz keçmiş tərəf-müqabilindən və müğənni Zülfiyyə Xanbabayevadan üzr gözləyir, deyir, çəkilməyən film bir yana, qonorarı verilməyən klip o biri yana, onu aldadıb Bakıya gətirənlər üzr istəməlidirlər.
Doğrusu, hörmətli aktyorumuzdan və hörmətli müğənnimizdən elə bir hərəkət gözləmək olmazdı. İkisi də ölkəmizdə həm populyar adamlardır, həm də hörmət-izzət sahibidirlər. Bəs necə olub ki, Meralı aldadıblar, klipə çəkib pulunu verməyiblər, hələ üstəlik, yalandan ümid veriblər? O da neçə vaxtdır ki, oturub “Təhminə – 2″-nin çəkiləcəyi günü gözləyir, deyir, o qədər filmin 2-ci, 3-cü hissələri çəkilib ki, bu nədən olmasın.
Yəni prinispcə, “Təhminə -2″-nin çəkilməsi mümkün idi. Görünür, belə bir ideya olub, sadəcə, hansısa səbəblərdən gerçəkləşdirilməsi alınmayıb. Əslində maraqlı olardı, 20 ildən sonra artıq yaşlaşmış Təhminəylə Zaur qarşılaşır, gücləri çatdığı qədər yeni macəra yaşayırlar. Filmin sonluğunu isə sosial şəbəkə istifadəçilərinin rəyini öyrənərək quraşdırmaq olardı. İki variant verirsən (1. ”Təhminə və Zauru yenidən bədbəxt etmək”; 2. “Təhminə və Zauru qovuşdurmaq”) , yazırsan ki, dostlar, bu iki variantdan birini “like” edin, filmin epiloqu ürəyinizcə olsun, sonra FB-də göz yaşları damla-damla axıb sel olmasın.
Yəqin ki, ikinci variant seçilərdi. Heç olmasa, millətin iki böyük dərdindən biri həll edilmiş olardı.
Bəlkə də “Təhminə -2″ filminin çəkilməməsinin səbəbi maliyyə çatışmazlığı olub. Arada devalvasiya-filan oldu axı. Başımız I Avropa Oyunlarına qarışdı, xərc çox çıxdı. Yoxsa bizim sənətçilər həmin layihəni gerçəkləşdirər, ən azı Meral xanımın qonorarını kəsməz, klipin sponsorlarından alıb verərdilər.
O klip çəkilən vaxt Zülfiyyə xanımı tez-tez telekanallarda göstərirdilər. Elə çıxırdı ki, xanımın pul-para sarıdan korluğu yoxdur. Hətta bir ara dedilər ki, bir bankir dostu müğənniyə təyyarə-filan da bağışlayıb. Amma sonra bilinmədi ki, bu, real söhbətdir, yoxsa o da hansısa klipin ssenarisindəndir.
Hər halda çox ayıb oldu. Rusiyada bizi onsuz da “atanşik” kimi tanıyırdılar, bir qardaş Türkiyə qalmışdı, orda da adımız dolandırıcı kimi çıxsa, ta heç zad. Nə qədər gec deyil, gərək Fəxrəddin bəy zəng edib Meral Konrada desin: “Həyatdır da, Meral”.