Gözlər indi də D.Trampın hansı komanda quracağınadır. Rusiya və Türkiyədən tutmuş, Azərbaycan və düşmən Ermənistana qədər, irili-xırdalı bütün dövlətlər ABŞ-ın yeni biznesmen-prezidentinin bu yöndə atdığı və atacağı addımlara diqqət kəsilib. Təbiidir, çünki dünyanın 1 nömrəli superdövləti ilə münasibətlərin xarakteri istənilən ölkənin köklü maraqlarına toxunmaq gücündədir.
“Niyyətin hara, mənzilin də ora”, yaxud komandanı göstər, niyyətini deyim. Bu test-resept Tramp üçün də keçərli olacaq. Artıq onun komandasının əsas üzvlərinin bəzilərinin kimliyi təxminən bəllidir və Rusiya üçün xoş xəbər sayılmaz. Nədən ki, həmin şəxslər Moskvaya, Putinə münasibətdə, yumşaq desək, əsla loyallıqları ilə tanınmırlar. Söhbət ABŞ xarici siyasətinə həlledici təsir gücündə olan üç mühüm postdan – dövlət katibi (xarici işlər naziri), Pentaqon başçısı (müdafiə naziri) və milli-təhlükəsizlik məsələləri üzrə müşavir vəzifələrindən gedir.
Belə görünür, Tramp böyük siyasətdə təcrübəsiz olmasını güclü və təcrübəli komanda ilə, ağıllı məsləhətçilər və müşavirlərlə kompensasiya eləmək niyyətindədir. Nə deyək, pis düşünülməyib. Hərçənd, konkret olaraq, Rusiya ilə münasibətlərdə köklü dəyişiklik gözləməyə dəymir.
Birinci o səbəbə ki, ABŞ kimi prioritetləri çoxdan bəlli olan nəhəng bir dövlət üçün xarici siyasət kursunu qısa zamanda kəskin dəyişmək asan məsələ deyil. İkincisi və ən önəmlisi isə, Birləşmiş Ştatlar kollegiyalı, “beyin mərkəzləri” ilə idarə olunan dövlətdir. ABŞ adlı nəhəng gəmini okeanda qəfil manevrlə harasa döndərmək Trampa asan olmayacaq. Cəhdlər edəcək, fəqət, enində-sonunda komandasının təcrübəli, peşəkar üzvlərinin rəyi ilə də hesablaşmalı olacaq. Əks halda, Amerika ilə yanaşı, D.Trampın özü üçün də kritik durum yarana, hətta onun impiçment məsələsi gündəmə gələ bilər.
ABŞ-ın xarici siyasət prioritetləri isə münaqişəli zonalarda, o sırada Güney Qafqazda Rusiyanınkı ilə toqquşur. Belə olan təqdirdə Ağ Evin yeni sahibi ya Kremlə güzəştə getməlidir, ya Kremli güzəştə məcbur etməlidir, ya da xarici siyasət prioritetlərini dəyişməlidir. Başqa yol görünmür.
Trampın əsas konturları üzə çıxmaqda olan komandası birinci və üçüncü yolu istisna edir. Qalır Rusiyaya təzyiq yolu – hərgah, biznesmen prezidentin seçki vədlərində Moskva ilə münasibətləri istiləşdirmək də var. O zaman vədlə reallıq necə uyğunlaşdırılacaq bəs? Ən maraqlısı da budur.
Bir şeyi dəqiq söyləmək mümkündür ki, 2017 – ABŞ-Rusiya münasibətlərində olduqca əhəmiyyətli, tarixi və yaddaqalan il olacaq. Hətta “kartların açılması” dönəminin şahid ola bilərik. Bu da o deməkdir ki, Güney Qafqaz və Azərbaycanla bağlı taleyüklü hadisələr, gəlişmələr də qabaqdadır.
Hələliksə, Tramp komandasını qurmaqla məşğuldur. Onun uzağı, iki ay vaxtı var. Yeni prezidentin dünənədək sərt rəqabətdə olduğu siyasətçiləri belə, öz yanına yığmaq istəyindən qənaət hasil olur ki, o, hansı ağır yükün altına girdiyinin fərqindədir. Bu xüsusda dövlət katibi postuna real namizəd, Trampın keçmiş rəqibi, Rusiyanın “geopolitik düşməni” sayılan Mitt Romninin adını çəkmək olar.
Amma komanda nə qədər güclü olsa da onun başçısı bu komanda ilə ən azından ayaqlaşmaq və sinxron hərəkət etmək zorundadır. Zəif başçı heç olmasa, güclü komandanın əl-ayağına dolaşmamalıdır. Yaxud komanda güclü alınmayıbsa, o zaman başçının güclü olub bu boşluğu doldurması qaçılmazdır.
Sözgəlişi, bir də görürsən hansısa hökumət (komanda) başçısı islahatlar aparmaq istəyir, amma əliəyri və korrupsioner komandasından da üzülüşmək istəmir. Nəticə etibarilə heç nə alınmır və cəmiyyətdə belə rəy möhkəmlənir ki, həmin hökumət başçısının ya islahat aparmağa siyasi iradəsi yoxdur, ya da sadəcə, bunu arzulamır və islahat görüntüsü yaradır.
Elin gözü isə əlbəttə ki, tərəzidir. Əgər sıravi bir insana dost-tanışına, oturub-durduğu adamlara görə qiymət verirlərsə, siyasətçiyə, ələlxüsus da o siyasətçi ali hakimiyyəti təmsil edirsə – qurduğu komandaya görə qiymət verilir. Axı, hər işdə əsas olan nəticədir.
O sırada Trapm və komandasının ABŞ-a, demək, həm də dünyaya hansı nəticələr vəd elədiyi yəqin ki, uzağı, gələn ilin yayınanadək bilinəcək. Necə deyərlər, Trampın damba-durumu, sürprizləri hələ qabaqdadır.