Загрузка...

detail_107aeb2e4c860f4aab2de1f1e2480818

Milyarder Donald Trampın ABŞ prezidenti seçilməsi sözün əsl mənasında dünyanın dəngələrini dəyişdi. Son anadək Avropa başda olmaqla bir çox ölkələr Hillari Klintonun prezident seçiləcəyinə əmin idi. Trampın qələbəsi Klintonsevənlər üçün “soyuq duş” effekti yaratdı.

ABŞ-da etirazlar, iğtişaşlar olsa da, reallıq onu göstərir ki, növbəti 4 ildə dünyanın super güc dövlətini Tramp idarə edəcək. İndi Klintonun acı məğlubiyyətindən çox, dünya güclərini ABŞ-ın yeni daxili və xarici siyasəti düşündürür. Tramp nəyi dəyişəcək? Bax, bu sual bütün dünyanı düşündürür.

Millət vəkili Rasim Musabəyov hesab edir ki, Trampın nə edəcəyi hələlik bir çoxları üçün açıq qalır: “ABŞ-ın yeni prezidenti Donald Tramp indiyə qədər heç bir siyasi vəzifə daşıyıcısı olmayıb. Ən çox sual yaradan budur ki, o, hansı siyasəti yürüdəcək. Gözləmək lazımdır ki, Tramp dövlət katibi kimi təyin edəcək, Ağ evdə aparat rəhbəri kim olacaq, Pentqona rəhbər kim gətiriləcək. Bundan sonra onların aparacağı siyasətlə bağlı fikir bildirmək mümkün olar. Hesab edirəm ki, bu postlara təyin olunan şəxslər təcrübəli olmalıdır”.

R.Musabəyov qeyd edib ki, Trampın seçkiqabağı kampaniyasında səslənirdiyi fikirlər hələ bu siyasətin yeridilməsi demək deyil: “Trampın işləyəcəyi komanda müəyyənləşdikdən sonra bəlli olacaq ki, Tramp hansı siyasəti həyata keçirəcək. Yəni, ABŞ Trampın şirkəti deyil ki, istədiyini etsin. Burada bir çox məsələlər həm müttəfiqlərlə, həm Konqreslə razılaşdırılmalıdır. Doğrudur, Konqresdə və Nümayəndələr Palatasında Respublikaçıların çoxluğu var. Ancaq, onlar gözüyumulu Trampın sözü ilə ABŞ-ın siyasətin dəyişmək niyyətində deyillər”.

Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq fikrinə gəlincə, politoloq deyib: “Tramp seçkiqabağı bildirmişdi ki, Rusiya ilə münasibəti normallaşdırmaq, İrana qarşı sanksiyaları sərtləşdirmək lazımdır. Bu, Azərbaycan və bölgə üçün özündə müəyyən risklər daşıyır. Ancaq, Tramp deyir ki, Rusiya tərəfindən Krımın ilhaqını tanıya bilər. NATO, Avropa Birliyi bu ilhaqı tanımır. Ona görə də Trampın seçkiqabağı söylədiyi fikirləri necə reallaşdıracağı qaranlıqdır. Bununla belə nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya münasibətləri korlanıb. Ölkələr arasında dialoq bərpa olunsa, Suriya məsələsində razılığa gəlsələr, əlbəttə, münasibətlərin normallaşması mümkündür. Lakin, Tramp Obama kimi deyil. Tramp münasibətlər pozulduğu halda kifayət qədər sərt reaksiya verəcək. O cümlədən Rusiyaya. Ona görə də hələlik nə olacaq, necə olacaq, bunu demək çətindir”.

Politoloq Fikrət Sadıqov isə bildirib ki, ABŞ-da prezidentliyə namizədlər seçkiqabağı müxtəlif vədlər versələr də, yerinə yetirilmir: “ABŞ siyasi səhnəsində Donald Tramp yeni fiqurdur. Onun siyasi təcrübəsi azdır. Lakin, kifayət qədər radikal vədlər verib. Bu vədlərə görə, Rusiya ilə münasibətlər normallaşa bilər. Ola bilsin ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yumuşaldıla, ləğv edilə bilər. Doğrudur, Tramp bunu ABŞ-ın maraqları fonunda deyib. O, hesab edir ki, dünya İŞİD-ə və digər təhlükələrə qarşı mübarizə aparırsa, bunu Rusiya ilə birlikdə etmək lazımdır.

Post-sovet məkanında baş verən hadisələrə gəlincə, düşünmürəm ki, burada ciddi radikal dəyişikliklər baş verə bilər. Ancaq, Tramp Obamanın post-sovet məkanında yürütdüyü siyasətdən çox narazıdır və bunu dəfələrlə dilə gətiririb. Təbii ki, həm Ukrayna, həm də Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Trampın mövqeyi fərqli ola bilər. Bundan sonra nəyin baş verəcəyini demək çətindir. Bununla belə hesab edirəm ki, Tramp dünya siyasətində yeniliklər edəcək”.

Azvision.az