Planetimizdə söz azadlığının durumunu ciddi araşdıran qurumların birincisi “Sərhədsiz reportyorlar”dır desək yanılmarıq. Onlar hər il sorğular, araşdırmalar əsasında söz azadlığı indeksi, dünya mətbuat azadlığı xəritəsi hazırlayırlar. Azərbaycan artıq neçə ildir o indeksdə ən pis yerlərdən birini tutur.
Misal üçün, keçən il 180 ölkə içərisində 162-də idik. Bizimlə eyni gündə olanlar Afrikadan Ruanda, Eritreya, Asiyadan Şimali Koreya, Özbəkistan, Türkmənistan kimi dövlətlər idi. Maraqlıdır ki, hətta İran, Kamboca, Pakistan, Liviyada söz azadlığı bizdən yaxşıymış. “Sərhədsiz reportyorlar”ın xəritəsində Azərbaycan adətən qara rəngə boyanır.
Öz problemlərimizi qabartmaq fikrim yox idi – yeri gələndə, insanlar hansısa restoranda yemək yeyərkən çox da veclərinə olmur ofisiantın, aşpazın həmin gün dədəsi ölüb, ya yox. İnsanlar xəbər almaq, qəzet oxumaq istəyirlər, bu da olmayanda yıxılıb yatırlar. Bizim xalqın üsyan forması, etiraz üsulu tarixən yatmaqdan ibarət olmuşdur, bəlkə də düz eləyiblər. O qədər oyaqlar görmüşük, heç bizdən qabağa getməyiblər. Necə deyərlər, ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər. Sözgəlişi, bir dəfə SSRİ dağılanda hamıdan qabağa keçmişdik, hərənin əlində bir bayraq sapı, qocaman dövlətin abrını ətəyinə bükmüşdük. Axırı nə oldu? Ara yerdə Qarabağ getdi.
Bu mənada, gərək çox tələsməyəsən. Uca Mirzəmiz həmin temanı öz şeirində mükəmməl təsvir edibdir:
“Başlayırıq qızmağa yay gəlməmiş,
Çırmanırıq keçməyə çay gəlməmiş,
Söz veririk, indi – bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə?!”
Bəs mən yuxarıdakı dastanı niyə açdım, onu yazım. Dünən bir xəbər gördüm, gözüm kəlləmə çıxdı: “Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilir”. Tədbirdə Azərbaycan rəhbərliyi də ən üst səviyyədə iştirak və çıxış etmişdir.
İndi sən yuxarıdakı mənzərəyə də bax, keçirilən tədbirə də bax. Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Azərbaycanda baş verən bir çox önəmli hadisələri bizim camaat adətən xaricdə hansısa informasiya agentliyi yazanda öyrənir, belə ərazidə isə sən “Dünya agentliklərinin iclasını” keçirdirsən. Ta mənim sözüm yoxdur. Ola da bilməz, çünki indiyə qədər türmələrimizdə yaşamış jurnalist qardaşlarımızdan ciddi dərs almışam.
Ancaq ta tema düşübdür, bir-iki kəlmə Mətbuat Şurası rəhbəri Əflatun müəllimdən narazılığımı bildirmək istəyirəm.
İlk növbədə, mətbuata, söz azadlığına qarşı çoxlu qanunlar, qaydalar düzəldilir, lakin biz bu təşəbbüslərdə yoldaş Amaşovun fəaliyyətini görmürük. Misal üçün, iki gün qabaq baş prokuror Milli Məclisə təzə qanun projesi göndərib, istəyirlər internetdə gizli imza ilə yazanları tutub qulağını şəhər darvazasına mıxlasınlar. Bəyəm bu təşəbbüsü Mətbuat Şurası qaldıra bilməzdi? Bəs şura sədri deputatxanada niyə oturubdur?
Yeri gəlmişkən, Əflatun müəllim orda tək mətbuatı yox, Saatlı rayonunu da təmsil edir. Deputat seçkisindən bir gün qabaq Rəşad Məcidlə rayondan keçib Qarabağı almağa gediblər (ona da Zakir müəllim imkan verməyib, deyib lazım gəlməyib hələ), o vaxtdan Əflatun müəllim bir dəfə də Saatlı ərazisində görünməyibdir. Rayon camaatı isə bir ildir Amaşovun seçki şüarı (“Etimadınıza güvənim, ümidinizə sabahım, səsinizə dirənirəm!”) üzərində düşünür, anlamaq istəyirlər müəllim nə niyyət edib bu şüarla. Bəlkə də qəsdən belə edib ki, kənd adamlarıdır, beş il başları şüara qarışsın, vaxt keçsin.
Bax, elə MŞ sədrinə ikinci iradım da Saatlı ilə bağlıdır. Orda dövlətin planı ilə pambıq töküldü qaldı, yağış tarlanı islatdı, ancaq Əflatun müəllim Mətbuat Şurası xətti ilə biz jurnalistləri yığıb pambığa aparmadı. Nəticədə Sabirabad və İmişli, hətta Beyləqan da Saatlını pambıq yığımında ötüb keçdi.
Mən indi bir jurnalist olaraq heç bilmirəm Saatlı xalqının üzünə necə baxacağam. Ölsək, gözümüzə basmağa bir əlçim pambıq verməsələr haqları vardır.