O gün Türkiyədə fəaliyyət göstərən “Kanal D” telekanalı ilə “Altın kələbək” ödüllərinin, türkün sözü, dağıdılması törəninə baxırdım. Maraqlıydı.
Amma arada bir qanqaraçılıq oldu. Bir gədə səhnəyə atılıb aktrisa Banu Alkanın mərasimə dəvət edilməməsinə dair söz söylədi və sonra da dedi ki, bu boyda zalda Banu Alkan qədər gözəl bir xanım görmür. Aparıcı Okan Bayülgən ha ortalığı düzəltməyə çalışdı, xeyri olmadı, axırda kameralar tamaşaçıları göstərdi və bu arada, güman ki, səhnədəki gerontofil (qoca qadınları sevən) gədəni danaboyun (və ya itsürütməsi) eləyib apardılar.
Ancaq törəndə iki maraqlı epizod oldu ki, bunlar bugünkü mövzumuzun açar-kilid hissəsidir. Biri odur ki, FOX TV-nin ölkəmizdə də məşhur olan və sevilən aparıcısı Fatih Portakal mükafatını alanda belə bir cümlə qurdu: “Bu ödülü bütün televizyonçular adına almıram, vicdanlı, dürüst, tərəfsiz xəbərlər verən məsləkdaşlarım adına alıram”.
Fatih qardaşın bu fikri alqışlarla qarşılandı və məlum oldu ki, Türkiyədə də müxalif düşüncəli jurnalistlər, saraya yaltaqlıq etməyənlər edənlərdən daha çox sevilir. Xatırlayırsınızsa, bizdə jurnalistlər günündə əksər insanlar bütün jurnalistləri yox, dürüst, obyektiv saydıqlarını təbrik edirlər.
Burası belə. İndi keçək söhbətin ikinci hissəsinə.
“Doğan qrup”un payladığı ödülləri, əlbəttə ki, bu media qrupuna daxil və yaxın olan telekanal və qəzetlərin, eləcə də bu TV-də yayınlanan serial və verilişlərin alması təbii idi. Ona görə də heç kəs “Kanal D”-də efirə çıxan “Qismətsə olur” verilişinin aparıcısı Seda Akgülün “Altın kələbək” almasına şaşırmadı. Düzdür, 45 yaşını aşırmış Seda xanımın səhnəyə tətilə getmiş 15 yaşlı lisey qızları kimi, dizindən iki qarış yuxarı əlbisədə çıxması bir az dartışmalıydı, amma bunu xanım bilər, bir də axırıncı əri bilər, kimin nə borcunadır. Əsas məsələ xanım Akgülün iki cümləylə mükafata layiq görülmüş verilişinin tənqid edilməsinə deyinməsiydi.
S.Akgül dedi ki, onun verilişinin qurama olduğunu deyənlər bilsinlər, “Qismətsə olur”da tanış olan, bir-birinə mehr salan cütlüklərin biri artıq uşaq gözləyir, iki cütlük isə hələ nişanlıdır.
Aparıcı xanım bunu ona görə dedi ki, Türkiyədə bu verilişin quramalığı, xüsusi bir ssenari əsasında çəklidiyi, dava-dalaşların saxta, sevgilərin ondan da saxta olduğu barədə geniş yayılmış iddialar var. Hətta bir dəfə məşhur siyasət yazarı Emil Çölaşan bu cür saxta verilişlərin içini, mahiyyətini açan bir yazıyla çıxış etmiş, türk toplumunun, milyonlarla tamaşaçının həyasızcasına aldadıldığını göstərmişdi.
O yazıdan, ifşaedici faktların açıqlanmasından sonra da Türkiyədə, eləcə də bizdə milyonlarla izləyici o cür verilişlərə tamaşa etməkdə, iki gün əvvəl “birlikdə bir yola çıxdıq” deyən erkək yarışmaçının qəfildən “nervilənib” sevgilisindən ayrıldığına, qızın həzin musiqi sədası altında göz yaşı tökməsinə (hərçənd gələn verilişdə başqa bir damad namizədi ilə “yola şıxacaq”) üzülməkdədir.
Telekanallar bu cür verilişlərlə reytinq qazanmaqda, reklam tutmaqda, milyonlar qazanmaqdaykən, milyonlar ekran qarşısında qəhr olmaqdadır: göz yaşları sel olub gedir, camaat ictimai yerlərdə, kollektivlərdə bu insanların taleyini müzakirə edir. Axırda da belə, Aydın Doğan reklamlardan milyonlar qazanır, Seda Akgül çıxıb ödül alır və müjdə verir ki, verilişdə sevib-sevilən gəlinlərdən biri boyludur.
Axtarsan, belə verilişlər dünyanın bütün ölkələrində var. Hər yerdə camaatı aldadır, ağladır, güldürür, pul-para qazanırlar. Hər yerdə hamı bilir ki, bütün bu səhnələr qurub-quraşdırmadır. Və bütün ölkələrdə televiziya tamaşaçılarının mühüm bir hissəsi bunu bilə-bilə bu cür verilişlərə baxır. Ona görə ki, bu, onlara maraqlı gəlir.
Bir qrup insan da var ki, belə qurama verilişlər onlara maraqlı gəlmir, baxmırlar, hətta özləri ilə qürur duyurlar ki, bu cür verilişlərə baxmayacaq qədər yüksək səviyyəli zövqləri var.
Bizim ölkəmizdəki analoji verilişlərə gəlincə, biz indiyə qədər verilişlərin qurama olduğunu bilməyə-bilməyə baxırdıq, amma artıq bilə-bilə baxacağıq. Burada ürəyə salmalı bir bir şey yoxdur. Biz ətraf dünyanı yamsılayıb-kopyalamaq meyli güclüdür, arada baltanı daşa vurmaq halları da təbiidir.
Kim istəmirsə, öz zövqünü yüksək hesab edirsə, qurama verilişlərə baxmasın.