Telekanalizasiyalardan birinin şou verilişində ciddi saxtakarlığı isbat edən kadrlar yayılıb. Bu, azərbaycanlıların kövrək və saf qəlbi ilə oyun oynamaq, insanları aldadıb ağlatmaq cəhdidir, yumşaq yazsaq, vicdansızlıqdır. Həmin kadrların üstündə “bu bir kinodur”, “biz burda aktrisalıq edirik” yazılsa, kimin nə sözü olardı? İndiki halda həmin telejurnalist öz hərəkəti ilə yalan yazan qəzetçidən, işgəncə verən, cibə narkotik atan, qanunsuz hökm kəsən hüquq-mühafizə orqanı işçisindən, tumanında bülleten daşıyan “müəllimdən”, xəstəyə yalançı resept yazan həkimdən heç fərqlənmir.
Bəziləri deyir ki, burda jurnalistin günahı yoxdur, telekanal rəhbərliyi əmr edib, o da belə şeylər düzəldib. Çox mənasız bəraət cəhdidir. Rəhbərlik hər cür əxlaqsızlıq təklif edə bilər, bəs sənin öz vicdanın hardadır? Niyə saxtakarlıq edirsən? Oyuncaqsan, yoxsa insan?
İctimai nəqliyyatda bənzər səhnələr görürük. Hansısa saxta dilənçi əl-qolunu əcaib bükərək gəlir, beş-on kəlmə ağlaşma quraraq sadəlövh, ürəyiyumşaq adamlardan bəzən 1-2 manata qədər pul toplayıb gedir. İndi bu verilişi də hansısa mətbəx qadınları auditoriyasına yönəlmiş, ziyansız veriliş sayanlar tapılır. Deyirlər əşi, onsuz da bu verilişə heç bir ciddi adam baxmır, baxanlar da bilirlər saxta olduğunu, vaxt öldürmək üçün baxırlar və sairə.
Əlbəttə, həmin “məntiqlə” bizim ölkədə istənilən məsələyə fikir vermək mənasızdır. Örnək üçün, konstitusiyanı istədikləri kimi dəyişdirib yazırlar, yazsınlar da, onsuz kim o kağız parçasına baxırdı? Uşağa məktəbdə dərs keçmirlər… Əşi, guya oxuyub qurtaranlara iş var? Yolumuz bərbaddır… Olsun da, guya hara gedirsən, fərli bir yer var? Suyumuz gəlmir… Cəhənnəmə gəlsin, gələndə qonşu maşın yuyur, həyət palçıq olur. Həkim sağ ayaq yerinə sol qolu kəsib… Əşi, axırı ölümdür, fikir vermə.
Bu mənada, milli telekanalizasiya şurası sədrinin açıqlaması ibrətamizdir. Deyir, bu kadrları mən hələ 2014-cü ildən görmüşəm. Bəs tədbiri nə olub? Heç zad: verilişi bir kanaldan o birisinə qovublar, indikindən də şikayət edən yoxdur. Guya köhnədən var idi ki? “Bir kub dərman vurulub yatızdırılan”, ayağı xərəyə bağlanan yazıq adamlar nədən, kimdən şikayət edəcəkdilər? Onların buna imkanı qalırmı?
Ümumiyyətlə, hərənin ayağını bir yerdən və bir yerə bağlayıblar, tərpənməyə qoymurlar. Bütün Azərbaycan o xərəkdə studiyaya gətirilən qocanın günündədir. Yeri gəlmişkən, qocanın Rusiyadan “tapılıb” gətirilmə anı da yetərincə karikatur, tragikomik alınmışdı: deyəsən, qoca heç Azərbaycana gətirilməsini istəmirdi, deyirdi burda pensiyam, hər şeyim var, əl çəkin məndən. Ancaq verilişin manyakları bədbəxti ayağından bağlayıb zorla gətirdilər.
Şübhəsiz, belə yalançı verilişlərin reytinq yığmasında iqtisadi çətinlik, təhsilsizlik, siyasi bataqlıq qədər din də rol oynayır. Bunlar qarşılıqlı olaraq bir-birini gübrələyən, bəsləyən kateqoriyalardır. O üzdən istənilən saxtakar dilənçi, həmçinin, telekanalizasiyada ağlaşma şoularının mərsiyəxan və ağıçı arvadlarının dilində birinci kəlmə “Allah rizası üçün, Allah xətrinə filan cür edək” olur. Kasıb ölkədə, avtoritar bütlər ölkəsində istənilən studiyadan pir düzəltmək çox asandır. Şübhəçilər, araşdıranlar, düşünənlər türmələrdə çürüyürsə, başqaları da uymağa meyllənəcək. Açığı, belə bir az da rahatdır: azadlıq və məsuliyyət, öz ölkəni, öz xalqının taleyini düşünmək baş ağrıdırsa, studiyada “bir kub dərman” vurulub uzadılan adamlara paxıllıq hissi yaranır.
Bu yaxında internetdə bir TV süjeti gördüm. Xaçmaz tərəfdə yol çəkiblər, yaxşı bir iş görüblər: yolun üstünə düşən ağacı kəsməyiblər, qıraqdan işləyiblər, ağac da qalıb yolun ortasında. Dünyanın başqa ölkələrində belə təbiətə hörmət hadisələrini çox görmüşük, şəxsən mən sevindim ki, nə yaxşı bizdə də var. Ancaq süjetin ardı tragikomediya idi. “Telejurnalist” bir “mühəndisi” danışdırdı, o isə dedi ki, haçansa (? – Z.H) yol çəkiləndə traktor bu ağacı çıxartmaq istəyib, ancaq traktor özü qırılıb. Lap axırda isə kamera maşınla ağacın yanına çatıb dayanan, daşın üstündəki dəmir kasaya qəpik atıb gedən adamı göstərdi. Ağac pir olub artıq.
İndi Ceyms Kemeronu danışdırsan, deyəcək, mən “Avatar” kinosu çəkmişəm. Qardaş, biz bunun həyatını yaşayırıq e…