Prezident postunda işləməyə başlayandan sonra dövlət başçısına verilən maaşdan imtina edəcəyəm. Bu barədə indiyədək danışmamışam, amma indi söyləyirəm – yox, maaş istəmirəm.
Milli.Az bildirir ki, ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp Nyu-Yorkun Manhetten səmtində, Trump Tower-də yerləşən 100 milyon dollarlıq penthausunda CBS News telekanalındakı “60 minutes” proqramına müsahibəsində belə deyib.
Onun sözlərinə görə, prezident postunda ildə 1 dollar maaş alacaq: “Mənə prezident maaşının ildə 400 min dollar olduğunu dedilər. Yox, bu pulları istəmirəm”.
Trampın sözlərinə görə, hazırda Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri olan Rins Pribası Ağ Ev aparatının rəhbəri təyin edəcək. Donald Trampın baş müşaviri və Ağ Ev administrasiyasının strateji məsələlər üzrə baş mütəxəssisi isə milyarderin seçki qərargahının rəhbərlərindən biri Stiven Bennon olacaq.
Tramp müsahibəsində deyib ki, abort hüququna çox mənfi yanaşır. Onun sözlərinə görə, Ali Məhkəmədə vakant yerə təyin edəcəyi hakim mütləq şəkildə “pro-life” tərəfdarı olacaq, yəni ana bətnindəki dölün saxlanmasını tələb edəcək.
“Əgər abortların leqallaşdırılması məsələsinə federal səviyyədə yenidən baxılarsa, onda məsələnin həlli hüququ ştatlara veriləcək. Yaşadığı ştatda abort edə bilməyən qadın qonşu ştata yollana bilər”, – D.Tramp deyib.
Prezident seçilməsinə etiraz edənlərin ABŞ-ın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirmələrinə gəldikdə isə, Tramp söyləyib: “Təbii ki, onlara deyirəm: məndən qorxmayın! Bu ölkəni özümüzə qaytaracağıq. Əsla qorxmayın!”
Donald Tramp onu da vurğulayıb ki, ABŞ-ın Meksika ilə sərhədində hündür hasar inşa etdirmək, habelə Birləşmiş Ştatların ərazisindən 2-3 milyon qanunsuz miqrantı deportasiya etmək niyyətindədir.
“Cinayətkar olan, əvvəllər cinayətlər törətmiş şəxsləri, banda üzvləri, narkotacirləri deportasiya etmək istəyirik. Bu insanlar çoxdur – iki, bəlkə də üç milyon. Onları ya ölkədən deportasiya edəcək, ya da həbsxanaya salacağıq”, – Tramp deyib.