Загрузка...

img1261098

Prezident İlham Əliyevin hərbi geyimdə ön cəbhədə xidmət edən əsgər və zabitlərimizə xitab etməsi düşməni çətinə salıb. Yenə şivən qoparıblar. Şübhə etmirəm ki, ermənilərin ardınca Qarabağ danışıqlarında vasitəçilik edənlərin də “narahatlığı” eşidiləcək. Yenə işğala son qoyulmasına yox, “sülh”ə çağıracaqlar.

Bunun nəticəsidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sonuncu səfəri zamanı Kəlbəcərə qar yağması barədə danışandan az sonra Ermənistan ordusu davamlı təxribatlara başlamışdı. O vaxt da işğalçıya “dur” deyən tapılmadı, üstəlik, ATƏT sədrinin Qarabağdakı “canişin”i Kasprşik İrəvana gedib erməni ordusunun başçısının dizinin yanında oturdu. Şikayətlənən erməni nazirə “axı, sənin ordunun Qarabağda nə ölümü var” deyən olmadı.

Bu xəbərdarlığı növbəti dəfə Azərbaycanın Ali Baş Komandanı etdi. Özü də aprel döyüşlərində işğaldan azad edilmiş Lələtəpə istiqamətindən. Əslində məkan seçiminin özü kifayət qədər ciddi mətləblərdən xəbər verir. İlham Əliyev Serj Sərkisyana bununla demək istədi ki, aprel döyüşlərini unutma və hər an özünü itirdiyin həmin dəhşətli günlər təkrarlana bilər! Erməni prezidentin aqoniya vəziyyəti çoxlarının yadındadır. Gah şərtlə, gah şərtsiz döyüşlərin dayandırılmasını, danışıqların bərpasını istəmişdi. Üstəlik, Rusiya prezidentinin telefonu “qapalı” olduğundan, özünü o qədər itirmişdi ki, Ermənistandakı diplomatik korpusu toplayıb onlardan yardım istəmişdi. Ardınca Almaniya səfərində Rusiyanın Azərbaycanı silahlandırdığını deyib öz ağasını “keçi qiyməti”nə Merkelə satmışdı. Lakin sonradan yenə də Rusiya onu xilas etdiE

Ermənistan rəhbərliyi himayədarından aldığı “İsgəndər” raket komplekslərinin nümayişindən sonra Azərbaycanla yenidən hədə tonunda danışmağa başlamışdı. Lələtəpədən səslənən “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin” xəbərdarlığı həm də İrəvana ciddi düşünmək üçün çağırışdır.

Əslində Azərbaycan prezidenti cəbhə bölgəsindən bütövlükdə Ermənistan və Qarabağ ermənilərinə də xəbərdarlıq etmiş oldu. Ermənilər dinc şəraitdə yaşamaq istəyirsə, buyursunlar, səslərini qaldırsınlar. Onlar anlamalıdır ki, Qarabağdakı çox qorxulu müharibə “oyun”unun qurbanına çevriliblər. Ermənistan əhalisinin ac-yalavac olduğu şəraitdə Sərksiyanın işğalı davam etdirmək naminə, kreditlə silah almasına qarşı elə ermənilərin özləri çıxmalıdır. Düzdür, Bakıya gələn erməni fəallar Serj Sərksiyanın öz xalqına qənim kəsildiyini, Qarabağ münaqişəsinin qalmasının onun hakimiyyətini uzatmağa xidmət etdiyini dedilər, Azərbaycan xalqından üzr istədilər, Xocalı soyqırımı abidəsi qarşısında baş əydilər. Ancaq bu, çox azdır. Ermənilər müharibədən, qan-qadadan xilas olmaq istəyirsə, özləri Sərkisyan və bandasını cəzalandırmalıdır.

Azərbaycan rəhbərliyi bəyan edib ki, razılıq əldə olunacaqsa, Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər. Ancaq bunun qarşılığında separatçılar aldıqları təlimat əsasında vəziyyəti daha da gərginləşdirə biləcək addım atdılar. Onlar Dağlıq Qarabağın adını dəyişib “Artsax Respublikası” qoyacaqları ilə “hədələdilər”. Bu, düşmənin çıxılmaz durumda olduğunu göstərir. Əslində ermənilər ad-soyad, referendum, seçki oyunlarını çoxdandır oynayıblar, sadəcə təkrarlayırlar ki, bəlkə faydası ola.

Təəccüblüsü separatçıların bu xəbərdarlığına həmsədrlərin ehtiyatlı reaksiyası oldu. Rusiya rəsmisi “Dağlıq Qarabağın yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək” – dedi, amerikalı həmsədr isə “ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır” kimi çeynənmiş fikri təkrarladı. Bunun ardınca ermənilər təbii ki, daha da azğınlaşacaq. Çünki köpəyə kötək vuran yoxdur, Azərbaycandan başqa…

Azərbaycan prezidentinin “Biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik” bəyanatı həm də qapalı danışıqlarda Azərbaycanı təslimçi sülhə vadar etmək istəyənlərə cavab oldu. Özü də 12 noyabrda Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimlərə başlandığı gün səsləndi bu bəyanat. Yəni hər an təlimlər keçən 60 minlik ordu hissələri üzü Xankəndinə doğru irəliləyə bilər. Aprelə qədər yüksəkliklərdə ermənilər idi, bu günsə düşmən ayaq altındadır. Və “Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək…” Azərbaycan sözünü dedi. İndi növbə düşmənindir.