Bizim camaatın da bu işi olmaya… Kütləvi şəkildə eyforiyaya qapılır, kütləvi şəkildə depressiyaya düşür. Sevinəndə də üzünü görmə, kədərlənəndə də. İşi taraz gedəndə, sevinəndə, qol götürüb oynayır, türkün sözü, çığlıq atır, işi əyiləndə, qanı qaralanda, İran mərsiyəxanlarına dönür, ağlaşma qurur.
Daha srağagün hamımız futbol üzrə millimizin bu gedişlə DÇ-nin seçmə oyunlarında qrupda birinci olmasa da, ikinci yeri tuta biləcəyini yazırdıq, deyirdik, şad-şalayın, ümid dolu təhlillər aparırdıq. Dünən millimiz Şimali İrlandiyaya uduzub deyə milli komandanı yerdən-yerə vurur, payəndaza (kandara sərilən palaz) döndərirlər.
Əlbəttə, ola bilər ki, qələbə vaxtı sevincindən oynayanlarla, məğlubiyyət vaxtı dili çıxanlar eyni azarkeş qrupları deyil. Ancaq qələbə təqdirində bir cür, məğlubiyyət vaxtı tam əksinə olanların çoxu eyni adamlardır.
Sadiq azarkeşlər başqadır, bütün hallarda komandalarının yanındadırlar, milli komanda lap beş oyun dalbadal uduzsa da, onun ünvanına pis sözlər deməzlər, türkiyəli futbolçuların sevimli ibarəsi ilə desək, öndəki matçlara baxar, gələcəyə ümid edərlər.
Sadiq bədxahlar da başqadır, komanda 3 oyunda 7 xal toplayanda belə, bunların ağzı düzəlmir, deyirlər, xeyri yoxdur, bir atımlıq barıtımız var, bundan artıq xal toplaya bilməyəcəyik, elə gördüyümüz bu olacaq və s.
Bunlar öz aləmlərində realistlərdir, guya ki, reallığı deyirlər, amma hiss olunur ki, heç nəyin, o cümlədən futbolun yaxşı olmasını, inkişafını səmimi qəlbdən istəmirlər. Çünki futbolda və ya istənilən başqa sahələrdə uğur olsa, iqtidar komandası bundan istifadə edəcək.
Tərs kimi, milli komandamız bir qol vuranda şərhçilərimiz düz yarım saat idmana dövlət qayğısından danışır, o qolun sevincini ictimaiyyətə haram edirlər. Nə də onlara “ay uşaqlar, bir kiriyin, camaat futbola baxsın“ deyən də yoxdur.
Beləcə, biz futbol ura-patriotları ilə futbol müxaliflərinin arasında qalmışıq. Gözümüzü dikdiyimiz bircə bu oyun idi ki, hamılıqca maraqlana, azarkeşlik edə, sevinə bilirdik, onun da içinə siyasət qarışdırıb, zay elədilər, getdi.
Hələ başqa bir qrup da var, eyzən deyirlər ki, indi görərsiniz, Almaniya millisi bizimkilərə nə toy tutacaq, Norveç bu qisası bizdə qoymayacaq, azı dörd dənə vuracaq, daha nə bilim, nə.
Belə baxıram ki, Almaniya millisi komandamıza 8 dənə yox, 2 qol vursa, bunlar pərt olacaqlar ki, niyə az oldu, axı almanlar bizim komandanı darmadağın etməliydi. Yaxud Norveç millisi ilə Osloda heç-heçə etsək, onda ortalığa “milyonlar töküb oyunu satın almışıq” söhbəti çıxacaq.
Söz yox, almanlar futbolda güclüdürlər. Həm də onların gücü təkcə ayaqlarında deyil, heç başlarında da deyil, alman qanı axan damarlarındadır. Kişinin uşaqları əzmkardırlar, qeyrətlidirlər, məğlubiyyət fikrini yaxın qoymurlar, sona qədər mübarizə aparırlar, ruhdan düşmürlər və axırıncı dəqiqələrdə olsa da qol vururlar. Azarkeşləri də elədir, ikinci taymın yarısından “əəhh, petuxlar oynaya bilmirlər” deyib stadiondan çıxmırlar, sona qədər komandalarını dəstəkləyirlər.
Biz isə hələ martda oynayacağımız oyunda məğlub olmağı yqinləşdirmişik, sadəcə hesabın necə olacağını dartışırıq: “Bizə azı 5 dənə vuracaqlar”, “5 olmasa da, 3 qol nağdıdır”, “Ən yaxşısı meydançaya çıxmamaq, texniki məğlubiyyət almaqdır”, “Düzdür, meydana çıxsaq almanlar bizi dağıdacaq” və s.
Bax, bizim düşüncəmiz, ritorikamız budur. Elə bilirsiniz, futbolçularımız fərqli düşünür? Əsla. Onlar da aşağı-yuxarı eyni cür fikirləşirlər. Bəlkə də Əfran qara gününü indidən qablayıb ki, Boatinqi necə keçəcək, Bədavi Qaraya deyir, ay qaqa, bu oğraş Müllerin qabağını nə təhər alacağıq.
Bildiyim odur ki, dünya və futbol tarixində məğlubiyyətə köklənən, darmadağın ediləcəyini düşünən nə futbol komandasının, nə də ordunun qələbə qazanmasına dair fakt yoxdur.
Güləşməyə hazırlaşarkən belini yaralamasın deyə çəmənlikdəki daş-kəsəyi artlayan güləşçinin kürəyi həmişə yerdə olar.