1981-ci ilin martında bir ruhi xəstə ABŞ-ın yeni seçilmiş, vəzifə başında hələ 100 günü tamam olmamış prezidenti Ronald Reyqanın həyatına uğursuz sui-qəsd cəhdi edərək, onu ağır yaraladıqdan sonra bir amerikalı karikaturaçı-rəssam maraqlı bir karikatura çəkmişdi və bu əsər dünyaya yayılmışdı.
Əsərdə ABŞ prezidentlərindən Con Kennedinin, Riçard Niksonun, Cimmi Karterin əksləri “əvvəl” (before) və “sonra” (after) stilində verilmişdi. Birinci şəkildə adları çəkilən şəxslərin sifəti gülümsər çöhrə ilə, ikincidə isə ağlar gündə təsvir edilmişdi. Müəllif ona işarə edirdi ki, bu prezidentlər vəzifəyə böyük coşquyla, entuziazmla, gülə-gülə gəliblər, amma bu üçünün sonu ağlamalı qurtarıb – biri öldürülüb, biri impiçment edilib, digəri isə ikinci dəfə namizəd olsa da, biabırçı məğlubiyyətə uğrayıb.
Karikaturada yalnız Reyqanın bircə əksi vardı və o, “Before”dəydi, “afteri” yox idi. Amma Reyqan burada, “əvvəl”də ağlar gündə verilmişdi. Müəllif onun güllələnməsinə işarə edərək demək istəyirdi ki, cənab Reyqanın siftəsi ağlamalı oldu, görəsən, sonu necə olacaq.
Üstündən 8 il keçəndən sonra məlum oldu ki, Ronald Reyqan ABŞ tarixinin ən parlaq, ən bacarıqlı, ən uğurlu prezidentlərindən biridir. Onun vaxtında ABŞ-ın əzəli və azman rəqibi SSRİ dağıldı, ABŞ iqtisadiyyatında böyük sıçrayış yaşandı, ölkə dünya hegemonluğunu ələ aldı.
İndi yeni seçilmiş Trampın əvvəli ağlar gündədir. Adam o qədər seçici səsi (548-dən 290) toplayıb, ancaq Nümayəndələr Məclisinin qurultayında prezident seçilə bilməsi məsələsi çək-çevir mövzusudur, üstəlik, ölkə boyunca ona qarşı gündən-günə kütləviləşən etiraz aksiyaları keçirilir.
Milyonlarla amerikalı hələ bir gün belə olsun prezident kürsüsündə əyləşməmiş, prezident olaraq bir qərar belə verməmiş adamın seçildiyi postdan imtinasını tələb edir. ABŞ tarixində belə şey olmamışdı.
Hazırda bir çoxları bunu ABŞ seçki sisteminin qüsuru, ABŞ demokratiyasının iflası sayırlar. Amma elə deyil.
Trampa qarşı etiraz ABŞ cəmiyyətinin iradəsinin göstəricisidir. Çünki Donald Tramp seçkiqabağı çıxışlarında indiyədək heç bir şanslı namizədin etmədiyi qədər irqçi, şovinist, avantürsit çıxışlar edib və ABŞ əhalisinin mühüm bir hissəsini əndişələndirib.
Milyonlarla insan onun zaman keçdikcə Avropanı qan okeanına çevirən Adolf Hitlerə çevriləcəyindən qorxur və indidən etiraz edir. Məsələ ondadır ki, bu tipli insanlar xalqdan böyük dəstək, sözsüz itaət gördükdə əndazələrindən çıxırlar və onlarda diktatorluq ambisiyaları baş qaldıraraq güclənir, geridönməz xarakter alır.
Düzdür, indiki şərtlərlə ABŞ-da bu mümkün görünmür, ona görə ki, bu ölkədə prezidentin səlahiyyətləri bəlli bir çərçivədə məhdudlaşıb, ancaq elə o vaxt Hitlerin də, Mussolininin də səlahiyyətləri məhdud bir çərçivədə olub, amma onlar xalqın kütləvi dəstəyini hiss etdikcə, xalqa dayanaraq bütün siyasi rəqiblərini məhv edib, maneələri aradan qaldırıblar və hüdudsuz səlahiyyətlərə malik diktatora çevriliblər.
Bu baxımdan hazırda ABŞ-da kütləviləşən etiraz aksiyalarını dövlətin süqutunun başlanğıcı kimi qiymətləndirənlər yanılır. Əksinə olsaydı, xalq demokratik yolla prezident seçilmiş şəxsin diktatorsayağı açıqlamalarına, davranışlarına tablaşsaydı, onda süqutun başlanğıcından danışmaq olardı.
1985-91-ci illər arasında SSRİ-nin dağılmasına səbəb olan əsas amillərdən biri də birinci şəxs faktoru ilə bağlıydı. Çoxları “SSRİ-ni Qorbaçov dağıtdı” deyirlər ha, bax, o məsələ. Amma SSRİ-ni Qorbaçov dağıtmadı, dövləti Kremlə, Siyasi Büroya, Qorbaçova sözsüz itaət göstərilməsi dağıtdı. Qorbaçovun vaxtında SSRİ rəhbərliyi ard-arda məşum səhvlər buraxırdı, amma ona rus xalqı tərəfindən kütləvi şəkildə etiraz edən yox idi, müttəfiq respublikalarda (Qazaxıstan, Gürcüstan, Azərbaycan, Litva) etiraz edənləri isə gülləbaran edib qırırdılar. Nəticədə Qorbaçov və onun silahdaşları ölkəni uçurumun kənarına gətirdilər. Lap axırda, 1991-ci ilin avqustunda Kremlin sahiblərindən bir çoxu ayılaraq SSRİ-nin dağlmasının qarşısını almaq istəyəndə, iflasa uğradılar, dünya tarixinin ən böyük və ən qəddar imperiyasını tamam-kamal batırdılar.
Ancaq ABŞ xalqı bəri başdan etiraz edir, ölkənin uçurumun kənarına aparılmasının qarşısını indidən almaq istəyir.
Bu cür iradəli, düşüncəli millətin beli yerə gəlməz. Onda özünüqoruma instinkti və institutları çox güclüdür və belə görünür ki, həmin mexanizm artıq işə düşüb.