“Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun, quşun olmasın.
İlahi, neynəsən, sən mənə eylə,
Sənin bu qız ilə işin olmasın”
(Eldar Baxış)
***
Bir Azərbaycan ata sözü var, mən onu həmişə zarafat üçün “təkamül nəzəriyyəsini sübut edən milli kəşfimiz” adlandırıram: “Yüz il gərək qanqal otlayasan ki, ağzın dəvə ağzına oxşasın”. Həmin ata sözü Donald müəllim Amerika prezidenti olanda təzədən yadıma düşdü.
Söhbət ondadır ki, bütün dünyaya özünün otlaq sahəsi kimi baxan Amerika üçün də bir gün dəvəyə oxşamaq növbəsi çatmalıydı. Axı nə qədər “trampvari” dünya liderlərinə dəstək vermək olardı? Nəticədə bir gün özün həmin liderlərə oxşamalısan. İndiyə qədər biz – üçüncü dünya ölkələri “tramplar”ın rəhbərliyi altında yaşayırdıq, indi bir az da siz bunun ləzzətini görün.
Elə bu seçkidə Amerikadan İFES təşkilatının dəvəti ilə iştirak edən müşahidəçi qonaq Məzahir Pənahov olmuşdu. MSK sədri. 200 illik demokratiyanız sizin başınıza dəysin. Ədalət budurmu? Normal halda Pənahov kimilərinə sanksiya qoyulmalıdır, bunlar isə çağırıb gəzdirirlər. İroniya odur ki, həmin o geydirmə İFES təşkilatını bir neçə il qabaq yapistlər Bakıdan qovublar, adını da belə qoymuşdular ki, guya müxalifətə yardım edirlər, seçkilərdə müxalifəti dəstəkləyirlər və sairə. Halbuki, yalan idi. İFES-in, o cümlədən başqa ABŞ QHT-lərinin ən çox qrantını alıb sümürənlər elə həmişə yapistlər olmuşdular.
Sözgəlişi, Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin şefinin müəmmalı qətli, sonra hüquq-mühafizə orqanlarının ağzıyla kişinin “cinsi azlıq” elan edilməsi də yadımızdadır. Tramp respublikaçı sayılır, o baxımdan yazdım.
Amerikanın Bakıdakı səfirləri artıq çoxdandır Rusiya, İran səfirlərindən fərqlənmirlər – insan hüquqlarına münasibət baxımından. Hər gün adamlar günahsız yerə zindana salınır, bir cümlə qraffiti yazısına görə 10 il həbs cəzası alan gənclər var, di gəl ABŞ səfiri Şəkidə piti, Qazaxda xəngəl basmaqla məşğuldur. Bəs ABŞ-ın dünyada insan hüquqlarını qorumaq bəyannamələri necə oldu? Heç necə. Tramp-lindən sürüşdü, dəydi üz üstə yerə. Taxçadan düşdü tapp elədi, Gülsənəm onu Tramp elədi.
Hətta fikirləşirəm ki, bayaq Rusiya və İrana qarşı ədalətsiz cümlə yazdım. Yeri gələndə Rusiyada yüz minlərlə miqrantımız çörək qazanıb evinə göndərir, ABŞ isə bizim ağıllı insanlarımızı, beyinlərimizi oğurlamaqdan başqa nəyə yarayıb? Həmişə dar gündə kürəyimizdən xəncər vurublar. Bu, erməni lobbisinin təsiriylə 907-ci düzəlişi sifətimizə yapışdıranda da belə olub, saxta seçki başa çatmağa imkan tapmamış Riçard Armitac kimi neft tuluğundan yapistlərə təbrik teleqramı göndərəndə də. Eskuderonun YAP Binəqədi rayon şöbəsinə üzv yazılmağından, Harnişin “Hamısını basın döyün, meydana toplaşa bilməsinlər” zənginə qədər.
İranda bizim kasıb insanlar müalicə olunurlar, Amerikada isə varlılarımız. Fərqi gördünüzmü? İndi İran niyə pis olsun ki? Taleyin ironiyasına baxın, “Sərhədsiz reportyorlar” qurumunun hesabatlarına görə söz azadlığı baxımından ABŞ İrandan qat-qat irəlidir. Bu yaxında bir azərbaycanlı jurnalistin ailəsi yapistlərin repressiyalarından qorunmaq üçün İran səfirliyinə sığındığını elan etmişdi. Ancaq 2003-cü ildə ölüm təhlükəsi altında olan azərbaycanlı jurnalistlərə ABŞ səfirliyi sığınacaq verməyib – bu, faktdır.
Donald Tramp məsələsinə görə şəxsən mən çox da narahat olmuram, əksinə, ləzzətlə gülürəm. Artistlər Amerikaya rəhbərlik edəndə daha uğurlu olurlar. O cümlədən, biz Corc Buşu görmüş adamlarıq, bu ondan karikatur olmayacaq ki? Amerikada seçki öncəsi sosioloji sorğu keçirilmiş, Trampa səs verən orta statistik amerikalının portreti hazırlanmışdı: 45 yaşdan yuxarı, ağdərili, ali təhsil üzü görməmiş kişi. Prinsipcə, biz təxminən bu kateqoriyadan “ağsaqqalların” dəstəklədiyi bir sistem altında 23 ildir yaşayırıq, əgər buna yaşamaq demək olarsa. İndi qoy bir az da başqaları yaşasın. Necə deyərlər, bayram yaxşı şeydir, ancaq bir gün bizdə, bir gün sizdə.
ABŞ son seçki günündə tək prezident seçmirdi, bir çox ştatlar üzrə müxtəlif məsələlər də səsə qoyulmuşdu. Örnək üçün, ABŞ-ın ən çox əhali yaşayan ştatı sayılan – 40 milyona yaxın adam var – Kaliforniya ştatında bülletenə belə sual da qoyulmuşdu: “Porno filmlər çəkiləndə aktyorların prezervativ geyinməsi məcburi olsunmu?” Kaliforniyalılar buna mənfi cavab verdilər – dedilər lazım deyil.
Məncə ABŞ üçün çox yaxşı, simvolik yekundur – əsas seks hələ indi başlayırsa, qorunmağa nə ehtiyac? Ləzzət alın, amerikalılar.