Uzun illər öncə oxuduğum “Brest qalası” kitabında bayraqla bağlı bir epizod var.
Hitler Almaniyasının xaincəinə başladığı müharibədə Belarusun cənub-şərqində, ön cəbhədə yerləşən Brest qalasının müdafiəçiləri mühasirəyə düşür, amma təslim olmur, faşistlərə amansız müqavimət göstərirlər. Hitlerçilər böyük qüvvə ilə qalaya hücuma keçirlər, müdaifəçilər çox itki verirlər, qırılan qırılır, yaralananlar əsir düşür, tək-tük sağ qalanlar isə meşələrə çəkilib partizan fəaliyyətinə başlayırlar.
İllər keçir, müharibə bitir. Araşdırmaçılar, “qırmızı ləpirçi”lər qalada rəşadətlə döyüşmüş, şücaət göstərmiş döyüşçülər haqqında sənədlər toplayırlar: kim necə döyüşüb, necə həlak olub, başına nə iş gəlib. Hamısını öyrənməyə çalışırlar. Bir gün Brest qalasının uçuq-sökük divarları, tikililəri arasında araşdırma aparanların yanına bir veteran hərbçi gəlir, deyir ki, o da burada vuruşub. Həmin hərbçi döyüş yoldaşlarından bir xeyli danışır, qeyd edir ki, onlar qeyri-bərabər döyüşdə həlak olacaqlarını bilə-bilə təslim olmadılar, hətta hərbi hissənin və dövlətin bayrağının düşmən əlinə keçməsinə imkan vermədilər.
Məlum olur ki, bu döyüşçünün silahdaşları bayraqları bir keçəyə büküb vedrəyə qoyub, sonra da qalanın ərazisində torpağa basdırıblar. Döyüşçü bayrağı basdırdıqları yeri təxminən göstərir, araşdırıcılar o yeri qazırlar, vedrə tapılmır. Döyüşçü bir az başqa yeri göstərir, qazırlar, yenə bayraq tapılmır. Bu zaman müəyyən bir vəzifəsi olan ziyarətçilərdən biri deyir ki, eybi yox, bayraq önəmli bir şey deyil, tapılmırsa, ta axtarmayaq, gedək başqa şeylərə baxaq. Veteran döyüşçü tutulur, doluxsunur, deyir, ola bilməz tapılmasın, yaxşı axtarmaq lazımdır. Bir az da axtarırırlar. Birdən xəbər gəlir ki, bayraq tapıldı. Veteran üzünü bayrağa sıxıb ağlayır, deyir, bu elə-belə əski parçası deyil axı, biz bundan ötrü canımızı verdik, qanımızı tökdük, faşist güllələrinin altında bunu qoruduq. Bayrağı tapılması həm də veteranın dürüstlüyünün, şücaətinin təsdiqiydi.
Əlbəttə, o bayraq bir başqası üçün başqa səciyyə daşıya bilər, amma rəngli parçaların bayraq olması, yüksəlməsi, yüksəkliklərdə dalğalanması üçün canını, qanını verənlərə görə bayraq bir başqa şeydir.
Bayraq bir millətin mövcudluq, namus, qeyrət simvoludur. Milyonlarla adam var ki, valideynlərə söyərlər, vecinə almaz, amma milli bayrağını təhqir edənləri didməyə hazır olar.
Milli bayraqların kölgəsi böyük olur. Məsələn, ABŞ-ın zolaqlı, ulduzlu bayrağının kölgəsi o qədər böyükdür ki, onun altına 350 milyon insan yığışır.
Bizim bayraq 9-10 milyon insanı altında barındırmağa yetir.
Biz hansısa xarici ölkəyə gedəndə küçələrin birində üçrəngli bayrağımızı görəndə sövq-təbii olaraq bilirik ki, bax, o görünən tikili (səfirlik də ola bilər, konsulluq da, daimi nümayndəlik də, hansısa milli şirkətin ofisi də) bizimkidir, təhlükə anında qaçıb ora sığına bilərik. Bilirik ki, o bayrağın altına yetişəcəyimiz təqdirdə bizə zaval olmaz. Əminik ki, o bayraq bizi qoruyacaq.
Dirəkdən asılmış bir cansız, yel vuranda dalğalanan bir ipək parça bizi, hamımızı qoruya bilirsə, demək, biz nə etməliyik?
Biz də onu qorumalıyıq. O, bizi birləşdirən dəyərdir.
Yaşasın aylı-ulduzlu, göy səma altında lalə zəmini andıran bayrağımız.