Bayraq günü deyə bir bayram var, o yaxınlaşırdı, məktəblərdə seçki saxtakarlığından başları təzə ayılmış müəllimlər özlərinə əl qatmışdılar, mənim 2-ci sinifdə oxuyan oğlum da bütün günü kartondan, plastilindən-zaddan bayraq düzəldir, şeir əzbərləyirdi.
Dodaqaltı şeir mızıldana-mızıldana məni də sual atəşinə tutmuşdu. Deyir, ata, ağ bayraq nə deməkdir? Dedim, təslimiyyətdir. Bəs qırmızı nədir? Dedim, qırmızı da azadlıq bayrağıdır. Yaşıl bayraq nə deməkdir sualına keçəndə artıq dözmədim, dedim, a bala, ağ bayrağı bildin, bəsimizdir, o biriləri bizim millətə lazım olmur.
Bu gün 9 noyabrdır, həmin bayraq günüdür, açığı, şəxsən mən bu bayramın tarixi haqda heç nə bilmirəm, hazırda maraqlı da deyil. Çünki bu bayrağın simvolu olduğu dövlətdə insan hüquqlarının əsgi parçası qədər hörməti yoxdur. Bu bayrağı başının üstündən asan, öpüb gözünün üstünə qoyan hakimiyyət nümayəndələri – bayrağın faktiki təmsilçiləri insanları ayaqlamaqla məşğuldursa, belə rəmzi necə sevdirmək olar?
1918-20-ci illəri və sovet dövrünü hələ bir qırağa qoyuram. Son 26 ildə bu üçrəngli bayraq uğrunda ölən minlərlə insanımız var. Biz o insanların hansına layiqik bu gün? O üzdən, Azərbaycan bayrağını başımız üstündən asmağa haqqımız da yoxdur. Azadlığın mənası, məzmunu onun formasından min dəfə önəmlidir. Bər-bəzək vurmağa, dövlət rəmzlərinə gələndə, bu dəqiqə Zimbabvenin də öz bayrağı var, zolağı bizimkindən çoxdur, yeddi dənədir, hətta yerli diktator Muqabe müəllim orada vaxtilə milli-azadlıq hərəkatının liderlərindən olubdur. Di gəl, yeddi dəfə özünü prezident qoydurub, millət acından ağac qabığı yeyir, əhalinin 85 faizi işsizdir, yerli pul o qədər öldü ki, hətta dövriyyədən çıxarıblar, indi Zimbabvedə istənilən dövlətin pulu işləyir.
Biz də yavaş-yavaş buna doğru gedirik, Azərbaycanın deqradasiya prosesini önləməyə qadir heç bir mexanizm görünmür. O cümlədən bayrağımızın zolaqları və ay-ulduzu bu yıxılmaya əngəl olmur. “Bir kərə yüksələn bayraq bir daha enmir”, bu qəşəng sözlərdir və böyük Məhəmməd Əmindən bizə yadigardır, hər zaman öpək, gözümüz üstünə qoyaq, ancaq bir kərə sındırılan, məhv edilən adamlar necə olsun? Axı onları da elə yıxırlar, elə sürüyürlər ki, bir daha ayağa dura bilməsinlər.
Bu yaxında sosial şəbəkədə bir foto qabağıma çıxdı. Şəkil yerə uzanıb pulemyot atan, gülərüz əsgərin şəkli idi. Onu şəxsən tanıyırdım. Məndən ya bir, ya iki sinif aşağı oxumuşdu, ancaq eyni ildə doğulmuşduq. Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulan Şövqi Qarakişi oğlu Əsədovun fotosu idi. Qarabağ savaşı zamanı Şövqinin başına tragikomik əhvalat gəlmişdi.
Füzuli uğrunda gərgin döyüşlər zamanı bir əsgər ağır yaralanır, Şövqi onu cəbhə xəttindən çıxarıb yaxındakı sanitara təhvil verir. Bu zaman sanitar yaralının adını soruşur, gərginlik, vaxt azlığı üzündən bir-birini anlamırlar. Şövqi elə bilir sanitar onun öz adını bilmək istəyir, adını, soyadını deyir və cəld geri qayıdır. Yaralı az keçməmiş ölür, aparıb Beyləqanda məsciddə yuyub-kəfənləyirlər, üstündə heç bir sənəd olmadığından elə sanitarın yazdığı kağızdakı adı tabuta qeyd edirlər. Bu zaman həmkəndlimiz olan bir nəfər məscidin həyətində üzərinə “Əsədov Şövqi Qarakişi oğlu” yazılan tabutu görür, qohumlarına xəbər verir. Gəlirlər, ağlaşma-şivən, aparırlar dəfn etməyə.
Şövqinin dayısı meyitə baxır, bir az şübhələnir, ancaq sifət qəlpədən zədə aldığından çox üstünü vurmur. Uzun sözün qısası, orda dəfn gedərkən kimsə Şövqiyə xəbər çatdırır ki, evin yıxılmasın, orda səni basdırırlar, tez özünü yetir. Şövqi beləcə öz “dəfninə” gəlib çıxmışdı.
O zaman həmkəndlilərim yarızarafat deyirdilər ki, daha bu oğlana ölüm yoxdur, bir dəfə “ölən”ə heç nə olmur. Ancaq cəmi bir neçə ay sonra Şövqi elə doğulduğu kənd uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldu.
Əgər sən bu gün Google internet axtarış portalında Şövqinin adıyla axtarış versən cəmi 2 nəticə çıxar. Bunlardan biri onun ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı alması haqdadır. İkincisi isə anası Səfurə Əsədovanın bu ilin aprelində yazdığı şikayət məktubudur. Ailəyə şəhid statusu haqda qanuna görə almalı olduğu 11 min manat sığorta pulunu vermirlər. Şövqinin ölümündən 22 il keçir. Anaya oğlunun qan pulunu – özü də hazırda faktiki qəpik-quruşa dönmüş bir miqdarı vermirlərsə, belə dövlətin bayrağını haracan istəyirsinizə, qaldırın.
Çünki əsas bayrağın özü yox, bayrağın sapıdır.