Türkiyədə Səlahəddin Demirtaş başda olmaqla, separatçı kürd millət vəkillərinin həbsi Qərbdə o saat qıcıq və əndişə yaratdı. Həm ABŞ, həm də Avropa Birliyindən eyni anda, sanki sözləşiblərmiş kimi operativ şəkildə olaya reaksiyalar gəldi.
Təbii ki, rəsmi Ankara həbslərə görə qınandı, PKK ilə əlaqədə suçlanan separatçılara qahmar çıxıldı. İmkanları olsaydı, onları azad eləmək üçün xüsusi əməliyyat da keçirərdilər. Amma bu, Türkiyədir – ona hədə-qorxu, xox gəlməklə geri çəkilən dövlət deyil.
Hələ də İstanbul nostaljisi ilə yaşayan “qoca qitə” nəinki on illiklər, əsrlərdir Türkiyəni kənardan idarə oluna bilən bir məmləkət halında görmək, onu qapazaltı etmək istəyir. On illərdir danışılan Avropa Birliyinə üzvlük nağılları da sözsüz ki, öncəlikllə bunun üçün uydurulub. Yoxsa ki, kimdi 80 milyonluq müsəlman Türkiyəsini, modern dövləti, regional supergücü, Avropada ən qüdrətli orduya sahib bir ölkəni Qərbin “Xristian klubu”na götürən – ki, üstəlik orada da o, əsas söz sahiblərindən biri olsun.
Təsadüfi deyil ki, hələ 1967-ci ildə qardaş ölkəyə üzvlük vəd edən Avropa Birliyi paralel surətdə bu üzvlük yolunda neçə-neçə şərt, əngəl ortaya atıb. Ankara birini yerinə yetirincə təzəsi peyda olub. 53 ildir ki, bu şərtlər bitib-tükənmir – erməni məsələsi, “kürd problemi”, “iqtisadi islahatlar” şərti, heç nə olmayanda isə rezin kimi uzadılan insan haqları mövzusu.
Hərgah, 1987-ci ildə Avropa Birliyinin əsas qurumu olan Avropa Parlamenti saxta “erməni soyqırımı”nı tanıyanda (2005 və 2015-ci illərdə öz qərarını təzələyib) aydın olmalı idi ki, Avropa Birliyi Türkiyə ilə məzələnir. Hər halda faktdır ki, SSRİ və sosialist düşərgəsi çökəndən sonra Şərqi Avropanın Türkiyədən iqtisadi cəhətdən xeyli geri qalan neçə-neçə ölkəsi təşkilata üzv qəbul edilib.
Türkiyə isə hələ də namizəd statusu daşıyır, qapı arxasında gözlədilir. Böyük bir millətə, dövlətə qarşı bu, aşağılayıcı münasibət deyilsə, bəs nədir? Hələ biri var idi – İngiltərənin sabiq baş naziri. Demişdi ki, Türkiyə heç 2030-cü ildə də üzvlüyə ümid eləməsin. Guya Türkiyə xalqı bu təşkilat üçün əldən gedir.
Bu yerdə “Qərb Türkiyə üçün yaxşı heç nə etməyib. Əgər Türkiyə 53 il Avropa Birliyinin qapısı önündə gözləməyə məcbur edirlisə, Türkiyə Qərbdən nə gözləməlidir” deyən prezident R.T.Ərdoğana necə haqq qazandırmamaq olar. Gerçəkdən də belədir axı.
Yəni Türkiyədə kimin, hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Qərbin siyasəti belədir. Bu siyasət AKP-dən əvvəl də olub, indi də var, sonra da yəqin ki, davam edəcək. Ta ki Türkiyə parçalanıb xırda çaplı bir dövlətə çevrilməyincə – hədəf budur!
Kürd separatçıları da, erməni məsələsi də müstəsna olaraq buna görə müdafiə olunur, həmin hədəfə hesablanıb. Yeri gəlmişkən, uydurma erməni “genosidi” iddiasının “4 T” deyilən aşağıdakı hədəfləri var: 1. Saxta soyqırımın dünyada tanınması; 2.Türkiyənin “soyqırım”ı tanıması; 3. Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə böyük təzminat ödəməsi; 4. Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi.
Odur ki, sual ortaya çıxır: qardaş ölkəyə qarşı on illərdir belə məkrli və xain planlar cızan bir təşkilata üzvlüyə dəyərmi? Şəksiz ki, Türkiyə belə iddialarla yaşayan dairələrin arzusunu həmişə gözündə qoyub, yenə qoyacaq – iqtidarda AKP, Ərdoğan olsa da, olmasa da.
Qos-qoca Türkiyə “4 T” tələsinə asanca düşəcək qədər zəif, ağılsız dövlət deyil. Qardaş ölkə üzvlük vədinin də tələdəki havayı “pendir”dən savayı bir şey olmadığnın çoxdan fərqindədir. Odur ki, sağdan-soldan gələn əcaib səslərə, çığırtılara baxmayaraq, yoluna davam etməli, doğru bildiyini etməlidir.