“Bu da sənin öz ixtiyarındadır ki, səni qəbrə qoyanda baş tərəfindən bir dəriçə açıla və o dəriçədən bir nəfər qılman gəlib sənnən mazaqlaşa və bu əsnada qılmanın boynunda sapa düzülmüş zəbərcəd danələri qırılıb dağılalar və başlayasınız hərə bir tərəfdən zəbərcədi genə sapa düzməyə və bir də görəsiniz ki, yetmiş min dünya saatları gəlib dolanıb və indi qiyam-qiyamət olur”
(Mirzə Cəlil, “Ölülər”)
Təkallahlı dinlər niyə abortun, kontraseptivlərin əleyhinə çıxırlar? Bunun səbəbi humanizmdirmi? Məncə, yox. Sadəcə, bu, dinləri alət edib insan toplumlarını fırladan ruhani təbəqəsinə lazımdır ki, insanların çoxlu uşağı olsun, onları saxlamaqda çətinlik çəksinlər, həyatları problemlə dolsun və istər-istəməz bu dünyanın fani olduğuna inansınlar, o biri dünyada cənnət görəcəklərinə ümid eləsinlər.
Üstəlik, belə toplumlarda gülünc “arqumentlər” də yayırlar. Guya hansısa mason dünyası var, guya Qərbdə hansısa gizli qruplaşma müsəlmanların artmasından narahatdır. Əlbəttə, müsəlmanlar bir-birini qıranda, salamat qalanlar isə gəmilərə doluşub Qərbə üzəndə Qərb narahat olur, buna söz yoxdur. Ancaq bizim kəmiyyətcə çoxalmağımız heç kimin vecinə deyil, buna əmin ola bilərsiniz.
Bu yaxında bir məqalə oxudum: İsveçdə tənha adamlar çox imiş. Adamlar həyatlarını kefləri istəyən kimi yaşamağa, azadlığa üstünlük verirlər. Ailə-məişət boyunduruğuna girmək, sonra da ər arvadı, arvad əri baltalasın – bu yaxşıdırmı? Bizdə belə mənasız “ailə dəyərlərini” mentalitet adlandırıb gözümüzə soxurlar.
O cümlədən müsəlman aləmində insanın cəhənnəm həyatı yaşaması elitar ruhani təbəqəyə, həmçinin o təbəqəyə himayədarlıq edən administrativ sektora çox lazımdır. Niyə? Bəs cəhənnəmin varlığına insanları necə inandırsınlar?! Əgər insan səhər yuxudan duranda başı üstündə dam, hamamda isti-soyuq su, soyuducuda yeməklər görəcəksə, əməyinə hörmət qoyulan iş yerinə gedəcəksə, uzun sözün qısası, İsveçdəki kimi yaşayacaqsa, onu hansısa mifoloji cənnət-cəhənnəmə necə inandıra bilərsən? Ancaq müharibələr, qırğınlar, aclıq, dağıntılar, köçkünlük, yetim-yesirlik və sairə – bunlar insanlara cəhənnəmi real göstərir. Belə insanlarda qorxu yaranır, belə insanları idarə etmək, istədiyin kimi yönləndirmək asandır. Adamlar yaxşı yaşasalar, hansısa lotu mollaya vedrə bağlayarlar.
AzTV-nin, başqa iqtidar telekanalizasiyalarının gücü də bu virtuallığın reallığı effektindədir. Uzun zaman belə yalançı təbliğat basqını altında saxlanılan cəmiyyət ölçü hissini itirir. Ona elə gəlir ki, doğrudan da xoşbəxtdir, Almaniya isə dağılmaq üzrədir. Bu həftə poçt idarəsində bir orta yaşlı kişi gördüm – dekoder almağa gəlmişdi. Sən demə iqtidar “analoqu olmayan” uğurlarının davamı olaraq telekanalizasiyaların nəsə analoq yayımı deyilən bir şeyi dayandırıbdır (üzürlü sayın, 10 ildir TV-yə baxmadığım üçün artıq bu sektorun terminologiyasını da anlamıram), indi hər kəs 20-30 manatından keçib bir qurğu almalıdır, yoxsa heç bir kanala baxa bilmirmiş. Bu qurğular isə poçt idarələrində satılırmış. Deyirlər gürcülərdə bunları ümumiyyətlə pulsuz veriblər. Ancaq mən gördüyümü yazım – həmin dekoder həsrətlisini. Kişi poçt işçisindən soruşdu, dekoderin qurtardığını, hələ bir-iki gün sonra yeni partiyanın gətiriləcəyini eşidəndə üzündə dəhşətli ifadə yarandı. Bu, tipik, iynəsinin vaxtı çatmış, ancaq “mal” tapa bilməyən narkoman ifadəsi idi. Milləti TV iynəsinə necə oturdublar, bunu həmin an başa düşdüm. Bu artıq dini bir məsələdir. Etiqadın bir növüdür.
Yoxsa ki, ucundan-qulağından eşitdiyimə görə, TV kanalları yenə də yalan-palan, bozbaş şoular, dovğa qazanı ətrafında laqqırtı vuran manıslardan, saxta ağlaşma-şivən verilişlərindən özgə bir zad göstərmir, bunun üçün dekoder axtarmaq nəyə gərəkdir? Reallıqdan qaçmaq, müvəqqəti də olsa “kayf” tutub özünü aldatmaq istəyir millət. Sən ona azadlıqdan, məsuliyyətdən danışanda isə sənə nifrətlə baxır.