Biz bu ölkədə dələduzluğun hər üzünü görmüşdük, bircə dələduzun kəf gəldiyi adama notarial qaydada qəbz vermək əvəzinə, Quran kitabı verməsi qalmışdı, onu da gördük. Hazırda məhkəmədə belə bir iş gedir. Əlövsət adlı ittiham olunan şəxs ona “işi düşmüş” xeyli adamdan 5, 10, 15 min manat alıb, hərəsinə də bir Quran kitabı verərək, işi bağlayıb.
Əlövsətin başqa dələduzlarla müqayisədə ən üstün cəhəti odur ki, məhkəmədə əməllərini danmır, səmimi şəkildə etiraf edir ki, bəli, adamları aldadıb, pullarını alıb, işlərini düzəltməyib. Başqa dələduzlar belə etmirlər, deyirlər, biz heç kəsdən pul almamışıq, zərərçəkənlər bizə böhtan atırlar. Amma Əlövsət hər şey etiraf edir. Ortada Quran söhbəti var axı.
Hiss olunur ki, adam fırıldaqlığın kitabını yazmış adamdır. Ondakı zəkaya Ostap Bender də heyran qala bilərdi. Əlövsət bu regionda yaşayan insanların zəif damarının nə olduğunu, adamların etibarını necə qazanmağın yolunu hamıdan yaxşı bilirmiş. Əllərinə Quran kitabı ver, bir ətək pullarını al, qane olacaq, arxayınca, işləri düzəlibmiş kimi gedəcəklər ev-eşiklərinə.
Elə zərərçəkənlər özləri də etiraf ediblər ki, əvvəlcə Əlövsətdən qəbz almaq istəyirmişlər, amma o, onlara kitab verəndən sonra düşünüblər ki, belə bir ağzıdualı, əlikitablı adam onlara fırıldaq gəlməz.
Bu, durum təkcə camaatımızın sadəlövh olmasından xəbər vermir, eyni zamanda bizim əyri işlərə nə qədər meylli olmamazın göstəricisidir.
Sözümü İsmayıllı balı ilə kəsərək, deyim ki, ölkəmizdə böyük bir dələduzlar ordusu var. Biz onlara el arasında sevə-sevə “moşennik” deyirik və haqq üçünə, “moşennik” kəlməsi “dələduz”dan daha yaxşı, daha ifadəli səslənir. (Hətta dilçilik işlərinə baxan quruma bu sözə lüğətimizdə vətəndaşlıq hüququ verməsini istəyirəm). Dost-tanışın söhbət əsnasında tez-tez belə cümlələr qurduğunu eşidirik: “Mənim bir moşennik əmoğlum var…”; “O gün moşennik dayoğlu ilə getmişdik…”; “Bu sözü mənə qaynım deyib, amma moşennikin biridir” və sair və ilaxır. Anlaşılan budur ki, eybəcərsiz ailə olmadığı kimi, moşenniksiz tayfa da yoxdur. Moşenniklər özləri isə böyük bir tayfadırlar.
Bax, həmin moşenniklər, dələduzlar tayfasının qurbanları kimlərdir? Əyri yollarla iş aşırmaq istəyənlər. Biri oğlunu polisə, vergiyə, o biri gömrüyə, prokurorluğa, bir başqası universitetə və sair yerlərə düzəltmək istəyir, həmin yerə iddia edən rəqiblərini üstələmək üçün daha çox pul təklif edir və moşennik qardaş da deyir, sənədləri və pulları gətirin, gəlin. Gəlirlər, gətirirlər. “Yeni ildə düzələcək, gözləyin”. Oturub 3 ay gözləyirlər.
“Novruzdan sonra düzəlməlidir, söz veriblər”. Gözləyirlər. “Qurtuluş günündən sonraya qaldı”. Gözləyirlər. Pulun verilməsinin, sənədlərin götürülməsinin ili tamam olanda əl-ayağa düşürlər ki, deyəsən, bunlara kələk gəliblər. Vaynöfsə qopur. Amma pul nə gəzir? Moşennik eloğlu pulun hamısını kef-damağa, maşınlara xərcləyib, villa tikdirib, əlində pul qalmayıb. Adamı verirlər məhkəməyə o da deyir, işlərini düzəldəcəkdim, son anda bir əngəl çıxdı, ərizələrini geri götürsünlər, şikayətçi olmasınlar, pullarını yavaş-yavaş qaytaracam. Sonrası qəlizdir. Kimlər ki, sırtıqlıq edir, pullarının hamısını olmasa da, bir yarısını alırlar. Amma çox adam “it aparan olsun” deyib, 3-5 min manatın başından keçirlər.
Bəli, bizim ölkədə dələduzlar “qurban”lara yanaşıb, “gəlin, sizə fırıldaq gəlim” demirlər, bizim özümüz dost-tanış vasitəsilə moşennikləri axtarıb tapır, hansı yollarlasa topladığımız pulları yalvara-yalvara onlara veririk. Baxırıq, bazburutlu, qalstuklu adamdır, savadlı danışır, bahalı maşından düşür, deyirik, böyük adamdır. Böyük adamdırsa, demək, əlindən bir şeylər gəlir. Bir dələduzun əlindən gələn ən yaxşı iş isə adamlara kələk gəlməkdir.
Dediyim odur ki, bu ölkənin dələduzlarında bir o qədər də günah yoxdur. Günahın yarısı dələduzlarla iş görənlərdədir.
Bax, mən artıq bu yazını bitirirəm, amma dəqiq bilirəm ki, bu saat yüzlərlə adam ofislərdə, restoran kabinetlərində, avtomobillərin salonlarında moşenniklərə pul verirlər və vədə alırlar: “İnşallah, bu iş yeni ildə düzələcək”.
İnşallah, yeni ildə kriminal xəbər yazan əməkdaşlarımız məhkəmə salonlarından yeni-yeni reportajlar yazacaqlar.