Adının mənası ilahə və dövlət quşu olan bu qadın dünyanın ən qüdrətli dövlətinin ən nüfuzlu şəxslərindən biri ola bilər
ABŞ-da seçki gününə cəmi 2 gün qalıb. Namizədlərdən hələ ki, Hillari Klinton favorit görünür.
Lakin ABŞ-ın ilk qadın prezidenti olmağa ən real namizəd başqa bir qadına görə bu arzusu ilə vidalaşa bilər.
Söhbət Hillari Klintonun ən yaxın köməkçisi Huma Abedindən gedir.
Musavat.com xarici mətbuata istinadən Demokrat partiyasının liderinə olduqca yaxın olan və qərarların qəbul edilməsinə mühüm təsir göstərən bu müəmmalı qadın haqqında məlumat verir.
Xatırladaq ki, son günlərdə, Huma Abedin ismi Hillari Klinton üçün yalnız əlavə başağrısı gətirib.
Abedinin kemiş həyat yoldaşı Entoni Vaynerin telefonunda aşkar edilən məlumatlar Klintona qarşı təhqiqatın yenidən başlamasına səbəb olub.
Həmin vaxta qədər rəy sorğularında şəriksiz liderliyini sürdürən Hillari Klintonun qələbə perspektivi şübhə altına düşüb.
Doğrudur, Abedin telefonda aşkar edilən Klintona aid məktublarda milli təhlükəsizlliyə xələl gətirə biləcək heç bir məlumat olmadığını deyib.
Nəhayət, dünən FTB direktoru bunu təsdiq edərək ikinci təhqiqatın da sonlandırıldığını açıqlayıb.
Hillari Klintonun bioqraflarından Raul Eduardo Çao özünün “Madam dövlət katibi” kitabında Huma Abedini Klintonun “qapısının əsas gözətçisi” kimi qələmə verib.
“Həmişə Klintonun yanında olmasına rəğmən Abedin mətbuatla işləməyə o qədər də can atmır, müsahibələr vermir, habelə vəzifəsinin nədən ibarət olduğuna dair bir kəlimə belə söyləmir”, – müəllif yazıb.
Abedinlə Klinton bir-birlərini 20 ildən çoxdur ki, tanıyırlar.
Huma Abedin ilk dəfə Ağ Evə Corc Vaşinqton universitetini bitirdiyi 1996-cı ildə daxil olub. Həmin universitetdə Abedin jurnalistika və siyasi elmləri öyrənib.
Həmin vaxtdan Huma Abedin Hillari Klintonun gözünə girməyi bacarıb. 2000-ci ildə Klinton Senata namizədliyini irəli sürdüyü zaman Huma Abedin onun seçki strategiyasını hazırlayanlardan biri olub.
Huma Abedin bununla paralel olaraq jurnalist fəaliyyəti ilə də məşğul olub. O, müsəlmanların hüquqlarından yazan Journal of Muslim Minority Affairs jurnalında redaktorun köməkçisi vəzifəsində də çalışıb.
Qeyd olunur ki, Donald Trampın adamları Abedinin həyatndakı bu faktdan da Hillari Klintona qarşı istifadə etməyə cəhd ediblər. Trampın keçmiş köməkçisi Rocer Stoun jurnalın radikal islamçıların mətbu orqanı kimi fəlaiyyət göstərdiyini, habelə “Müsəlman qardaşlar” la bağlı olduğunu bəyan etmişdi.
Bundan başqa, Minnesota ştatından olan konqressmen Mişel Baxmann da eyni iddiaları səsləndirmişdi.
Lakin bu iddiaların demək olar hamısı əsassız çıxdı.
Abedinin həqiqətən müsəlmanlarla bağlılığı var. Onu anası Salehə Mahmud Aslan pakistanlı, atası Sayed Abedin isə hindistanlıdır.
Hər iki valideyni müsəlman intellegensiyasının nümayəndələri adlandırmaq olar.
Sayed Abedin Pensilvaniya universitetində Yaxın Şərq tarixi və islam teologiyası üzrə doktorluq dissertasiyasını müdafiə edib.
Abedin 2 yaşında olanda valideynləri Səudiyyə Ərəbistanına köçüb. Onlar Huma univeristet yaşına gələnə qədər orada yaşayıblar.
“Xaos kraliçası” kitabının müəllifi Diana Constaunun yazdığına görə, Abedin Klintonun müəlmanlara, xüsusilə Səudiyyə Ərəbistanı ilə bağlı siyasətinə ciddi təsir göstərə bilir.
Elə bu səbəbdəndir ki, Səudiyyə şahzadələri indi də həm Hillari Klinton, həm də onun həyat yoldaşı Bill Kilintonla sıx əlaqə qura biliblər.
Liviya böhranında Benqazidə ABŞ səfiri və 3 diplomat öldürülən zaman Hillari Klintona yönəlik tənqid dalğasının qarşısında Huma Abedin dayandı.
ABŞ Konressində 6 saat komissiya üzvlərinin suallarına cavab verən Huma Abedin həmin döyüşdən qalib çıxmağı bacarıb, konqresmenlər isə ondan Hillari Klintonun əleyhinə heç bir ifadə ala bilməyib.
“Nyu York Tayms”ın yazdığına görə, Huma Abedin onu sevməyənlər tərəfindən “mini Hillari Klinton” adlandırılır. Bu gizli agent Ostin Pauers haqqında filmdə əsas anti-qəhrəman “Doktor Şər”i müşayiət edən balacaboy “Mini Mən”ə yönəlik bənzətmədir.
Əgər Klinton seçkilərdə qalib gəlsə Huma Abedinin beynəlxalq siyasətə təsiri heç də “mini” olmayacaq.