İşıq idarələri rəsmən dövlətin tabeliyindədir. O cümlədən, rayon mərkəzi xəstəxanaları. Bu günlərdə belə xəbər yayıldı: işıq idarəsi borca görə Ağsu rayon xəstəxanasının işığını kəsib. İdarədən deyiblər ki, pul ödənilməsə, işıq verilməyəcək, kim qaranlıqda, əməliyyat masasında ölürsə, cəhənnəmə ölsün.
Orda doğum şöbəsi varsa, heç yaxşı alınmır. Çünki uşaqlar qaranlıqda dünyaya göz açar. Klassikimizin bir vaxtlar yazdığı kimi, doğulanda dünyanı qaranlıq görərlər, ağlayarlar. Bəs bizim İliç, üzr istəyirəm, yapizm lampaları ilə işıqlanan kolxozlarımızı tərənnüm edən şairlər nə edərlər? AYB sədri Anar müəllim nədən yazar? Fikrət Qoca nə edər? Sözgəlişi, Fikrət müəllimin tam bu temada bir şeiri vardır:
“Könlüm nə vaxt arvadı istədi,
Gördüm arvad namaz üstədir.
Barmek işığı söndürüb,
Hamilə qadın müftədir”
Doğrudur, Fikrət müəllim sonradan iddia elədi ki, son misrada “müftədir” yox, “liftdədir” yazmaq istəyibdir, şeiri dərc edən qəzetdə səhv gedibdir. Ancaq prinsipial fərq yoxdur. Hərçənd, indi “Barmek” dövrü deyildir, nə üçün xəstəxananın işığı sönsün?
Əlbəttə, məni bu cür texniki məsələlər narahat etmir. Xəstəxananın işığının söndürülməsi haqda xəbərin sosial şəbəkələrdə müzakirəsində rastlaşdığım detalı sizə yazmaq istəyirəm. Orda az qala hər 3 adamdan biri işıq niyə söndürülüb sualına cavabı düşünmək yerinə belə bir idiot şərh yazmışdı: “Mən inanmıram xəstəxana qaranlıqda qalsın, axı orda generator olmalıdır” və sairə bla-bla-bla…
Demir ki, nə üçün xəstəxana və işıq idarəsi hələ də dövlətin idarəçiliyinə qalıb, bunların ikisi də bir cibdən maliyyələşirsə, niyə bir-birinə idarə olunmayan borclar yaradıblar, ümumiyyətlə bu dövləti xalq özü üçün yaradıbsa, nədən bu dövlət həmişə ağır anlarında bu xalqa qənim kəsilir və sairə. Deyir generator olmalıdır. Generator girsin sizin… gözünüzə. Bunu yazan adamların ölkəsində avtoritar, totalitar rejim nədir, lap istəsən ibtidai icma quruluşu qayırmaq, hamısını mağaraya basıb ağzına daş qoymaq mümkündür.
Hələ bir yerdə gözümə dəydi, həkimdən açıqlama alıblar, deyib, generatorumuz var e, ancaq bunu dializ aparatına qoşmaq olmur və sairə. Yenə həmin tiplər dirəşib həkimi, generatoru, nə bilim, Maykl Faradeyi və Andre-Mari Amperi günahkar çıxardır, təkcə hakimiyyətin məsuliyyətini görmür.
Bəzən də görürsən, bütün millət döşənib Hadı Rəcəbli adlı deputatı tənqid edir, ancaq onu altmış ildir müxtəlif vəzifələrə təyin edən sistemi, hakim qruplaşmanı görməzliyə vurur. Hadı əkənin son açıqlamasındakı kimi. Hamı onu “Qarabağ əlilinə dərman və nəqliyyat niyə pulsuz olmalıdır” cümləsinə görə söyür, sanki bu işlər pulsuzdur! Axı yapistlər Qarabağ əlillərinin həmin sosial güzəştlərini 15 il qabaq ləğv ediblər, doğrudanmı bir çox məsələlər bizim camaata bu qədər gec çatır? Bəziləri biclikdən özünü anlamazlığa vurur, bəziləri qorxudan. Ancaq sizi əmin edirəm, millətin çoxu ölkədə gedən proseslərdən tam xəbərsizdir. Onlar doğrudan da elə zənn edirlər, Qarabağ əlillərinin pulsuz gediş haqqı, dərman təchizatı qalır, indi birdən-birə Hadı düşmənçilik salaraq bunları pozmaq istəyibdir.
Bir yevlaxlı dostum danışmışdı, deyir bir gün Yevlaxda küçə ilə gedirəm, gördüm camaat böyük növbə yaradıb, basabasdır. Yaxınlaşıb növbənin axırına, ordakı adamda soruşub nəyə durmusunuz. Adam deyib Ziya Məmmədov (nəqliyyat naziri) pul paylayır. Dostumu maraq bürüyüb, gəlib qabağa, görüb nəsə tamam ayrı məsələdir, kimsə camaatı aldadıb növbə düzəldib, özü isə aradan çıxıb. Camaat isə qapıçını tutub döymək istəyir ki, sən bizə yalan deyirsən, Ziya müəllim içəridədir, özün pulların hamısını götürüb aradan çıxmaq fikrindəsən.
Sonda bütün zəhmətkeşlərimizi 7 noyabr Böyük Oktyabr sosialist inqilabının ildönümü münasibətiylə təbrik edirəm.