ABŞ-da prezident seçkiləri finişə yaxınlaşır. Cəmi 3 gün sonra dünyanın 1 nömrəli dövlətinin yeni sükançısının kimliyi bəlli olacaq. Bunu yəqin ki, hamıdan çox Rusiya və onun siyasi-hərbi rəhbərliyi səbirsizliklə gözləyir.
Kremlin Trampa rəğbəti bəlli. Bu rəğbət ona görə mövcud deyil ki, milyarder namizəd Rusiyanın və yaxud prezident Volodya Putinin vurğunudur, ona görə mövcuddur ki, demokratların namizədi, siyasətdə kifayət qədər bişmiş Hillari Klinton ruslara qarşı sərt siyasət yürütməyə hazırlaşır.
Trampın isə pulunu balta kəsməsə də, böyük siyasətdə naşı olduğu deyilir. Elədirsə, – ona biz də şübhə etmirik, – o zaman rusiyayönlü Trampın Ağ Evə girməsi ayının qab-qacaq mağazasına girməsi kimi bir şey olacaq.
Əksər ekspertlər bir məsələdə də əmindilər ki, Ağ Evə yiyələnəcəyi təqdirdə H. Klintonun birinci işi son illər “Yaxın xaric”də xeyli əl-qol açmış və imperiya iştahı güclənmiş Putin Rusiyasını yerində oturtmaq olacaq. Başqa sözlə desək, demokratların indiki kişi prezidenti Barak Obamanın edə bilmədiyi və yaxud etməkdən çəkindiyini həyata keçirəcək. Bir növ, dişi aslan kimi. Kremli narahat edən də budur.
Tramp isə belə hədəflər güdmür. Əksinə, Putinlə “birgə çalışacağını”, hətta Krımı Rusiya ərazisi kimi tanıyacağını (Qarabağa da təhlükə?!) bəyan edir. Yəni hazırkı ABŞ xarici siyasətinə diametral zidd siyasət vəd edir. Yəqin sadəlövhcəsinə düşünür ki, bu yolla Rusiya ram oluna, qlobal və regional problemlər nizamlana bilər.
Hərçənd milyarder-namizəd unudur ki, ABŞ və Rusiya tamamən fərqli siyasi və ideoloji sistemlərə malik, əks-dəyərlərə söykənən və tam fərqli formada idarə edilən antaqonist dövlətlərdir. Əgər ABŞ-da idarəçilik ümumxalq iradəsinə söykənən, demokratik yolla formalaşan hökumət, azad QHT-lər, digər vətəndaş qurumları və demokratik institutlar tərəfindən həyata keçirilirsə, ABŞ prezidenti heç də sahibi-mütləq deyilsə və orada “Qanun şahdırsa”, Rusiya əksinə – avtoritar şəxs tərəfindən idarə edilən, demokratik seçki ənənəsi olmayan, mətbuatı və teleefiri bütünlüklə hakimiyyətin nəzarətində olan, “Şahın qanun olduğu” qeyri-demokratik dövlətdir.
Təsadüfi deyil ki, Rusiya mediasında Trampın təbliği ilə yanaşı, ABŞ-dakı seçkiləri gözdən salmağa yönəlik güclü kampaniya aparılır, guya seçkilərdə saxtakarlıq olacağı haqda fikirlər israrla insanların beyinlərə yeridilir, ABŞ-da demokratiyanın çatmadığından dəm vurulur, Amerika demokratiyası ələ salınır. Söz düşmüşkən, təəssüf ki, Azərbaycandakı iqtidaryönlü media və telekanallar da həvəslə bu ziyanlı prosesə qoşulub, faktiki, Kremlin siyasətinə və təbliğat kampaniyasına dəstək verir.
Gerçəkdən də, kimdə nə çatmırsa, ən çox ondan danışır. Ancaq anti-Amerika təbliğatçıları unudurlar ki, ABŞ-dakı seçkiləri çoxdan beynəlxalq təşkilatlar, ATƏT müşahidə eləmir. Çünki dürüstlük və şəffaflıq ən yüksək səviyyədə olduğundan, buna ehtiyac duyulmur. Nahaq yerə ABŞ “demokratiyanın beşiyi” sayılmır ki. Bu “beşiyin” bir qarantı da Amerikada məhkəmələrin müstəqil olması və ABŞ prezidenti də daxil, hamının qanun çərçivəsində bərabər məsuliyyət daşımasıdır.
Doğrudur, Rusiyada da xeyli vaxtdır seçkiləri beynəlxalq müşahidəçilər izləmir. Ancaq ona görə yox ki, ATƏT-filan orada da buna ehtiyac duymur, o səbəbə ki, Rusiyanın özü ATƏT-ə ehtiyac duymur, beynəlxalq müşahidəçiləri ölkəyə buraxmır – sanki ABŞ kimi yetkin demokratiyaya sahib dövlətmiş kimi. Halbuki, demokratik imperiyalar olmur. Onlardan biri (demokratiya) varsa, digəri – imperiya, avtokratiya ola bilməz. ABŞ-ın gücü isə məhz onun “demokratiya beşiyi” olmasındadır.
Fərq, bax, bu qədər böyük. Demək, iki qlobal və rəqib gücün müttəfiqliyi də heç vaxt söhbət mövzusu ola bilməz – Ağ Evdə kimin oturmasından asılı olmayaraq…