“O səs Türkiyə”nin bugünkü buraxılışında Azərbaycan mahnısı səsləndirilib.
Axşam.az-ın məlumatına görə, Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan “Tut ağacı” mahnısını oxuyublar.
Lakin mahnı Azərbaycana aid olan digər – “Tut ağacı boyunca” xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi “anonim” deyə qeyd edilib.
Qeyd edək ki. TV8-də Acun İlıcalının aparıcılığı ilə yayımlanan “O səs Türkiyə” proqramının münsiflər heyətində Murad Boz, Sibel Can, Hadisə, Gökhan və Hakan Özoğuzlar əyləşir.
Mahnının bəstəkarı, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə məsələ ilə bağlı Publika.az-a açıqlamasında bunları dedi: “Mənim mahnımın Türkiyə yarışmasında oxuması əlbəttə xoş hadisədir. Amma mahnının müəllifinin qeyd olunmaması diqqətsizlik və xoş olmayan məqamdır. Münsiflər heyətində təmsil olunan Sibel Can bu mahnını çox sevir, hətta 2008-ci ildə bu mahnını oxuması üçün mənə müraciət olunmuşdu. Texnika, sosial şəbəkə və internetin inkişaf etdiyi bir dövrdə mahnının müəlliflərini öyrənmək çətin deyildi, ifaçılar istəsəydi, bunu öyrənə bilərdilər”.
“Azərbaycan mahnısının anonim adı altında oxunması birinci dəfə deyil” -deyən A.Səmədzadə onu da bildiridi ki, Müəllif Hüquqları Agentliyi, eləcə də jurnalistlər bu məsələdə həmrəylik nümayiş etdirməlidir.