Avstraliyada təzəlikcə bir qalmaqal qopmuşdu, özü də it üstündə. Sən demə, orda ştatlardan birinin türmə naziri iki it saxlayır, şəhərdən bağ evinə qədər məsafə isə 100 kilometrə yaxındır, bir neçə dəfə nazir sürücüsünə tapşırıb ki, itləri maşına qoyub bağa aparsın. Maşın nazirin xidməti maşını olduğundan camaat, mətbuat, siyasi aləm qarışıb bir-birinə. Tələb edirlər ki, nazir istefa verməlidir, çünki dövlət avtomobilində şəxsi itini daşıtdırıbdır.
Belə söhbətləri oxuyanda adam it olub hürmək istəyir. Sən bunların dərd-sərinə bax… Gör camaat hansı “problemlərlə” uğraşır, biz nələrlə… Ötən əsrdəki bir teletamaşada Hacıbaba Bağırovun qəhrəmanı deyirdi: “Nöş belə oldu, çibuş?” Axı, prinispcə, Avstraliya da Azərbaycan kimi bir yerdir, hələ qlobusda təpəsi aşağı dayanıblar, bizə baxanda çətinlikləri çoxdur.
Elə həmin gün bizim mediada başqa it xəbəri var idi: Bərdədə it boğuşdurmaq üzrə Azərbaycan çempionatı keçirilmişdir, Bozdar Toplanı boğmuşdur.
Fərq, bax, bundan yaranır: onlar naziri iti dövlət maşınına mindirdiyi üçün boğazlayır, biz isə it boğuşdurmaqdan ləzzət alırıq.
BDU-da bir professor var, gələcəyin jurnalistlərini istehsal eləmək üzrə, türkün sözü, görəvlidir. Keçən il Bakıda Avropa oyunları məzhəkəsi düzəldiləndə belə yazmışdı: “Bu oyunların təntənəli açılış mərasiminə sevinməyənlərin damarlarından azərbaycanlı qanı axmır”. İndi buna nə deyəsən? Belələrinin stanoklarından çıxan məhsullar ölkəni hara aparar? Uzun sözün qısası, həmən bu professor təzəlikcə müəllimlərin kitab oxumadığından gileylənmişdi. Deyir, gərək müəllimlər çoxlu bədii kitab oxusun, uşaqlara da oxutdursun, millətimiz aydınlığa çıxsın, hurreyy! Sən oxuyub camaatın qan analizi ilə məşğul olursansa, o biri müəllimlər oxumasa yaxşıdır. Kasıbçılığımızı edirik birtəhər, imkan verin yaşayaq. Kitab oxusalar seçki saxtakarlığını, yaltaqlığı, yalançılığı bədii üsullarla edəcəklər.
O biri yanda AMEA-nın Ədəbiyyat İnstitutu adlı karikatur qurum iclas keçirdir və qərara alırlar ki, institutda… manısçılıq üzrə şöbə düzəldilsin, ən güclü mahnılarından biri “Kişidi bu, kişidi bu, nənənin kişmişidir bu” olan nəğməkar-şairi də ora müdir qoysunlar. Bəh-bəh… Nə günlərə qaldın, Azərbaycan, öz cəzandır çək… Hərçənd, Bob Dilan Nobel alıbsa, bizim manısların ədəbiyyat institutuna axışmasına niyə pis baxaq? Yadıma Nüsrət Kəsəmənlinin bir şeiri düşdü, orda kor dişini çəkdirəndə gözü açılırdı, bundan sonra bütün korlar diş həkiminə axışırdı.
Üstəlik, hara baxsan, manıslıqla doludur. Azərbaycanda nə iş görsən, nə düzəltsən mahnı alınır. Nəğməkar ölkəyik. Prokuror mahnı yazır, nazir mahnı yazır, general qaval oynadır, canım sənə desin, gömrükçü mahnı qayırır və sairə. Hətta bir ara dünyanın ən bərkgedən universitetinə uşaq göndərdik, oxuyub gəldi, başladı mahnı oxumağa. Elə bil Oksforda, Harvarda deyil, Bülbül adına orta ixtisas məktəbinə uşaq göndərirsən. Qardaş, nə qədər mahnı oxumaq olar? Azərbaycanın adını axırda dəyişib “Osəsbaycan” qoyacaqlar. Özü də nə sirdirsə, oxuyanın da hamısı bir ağız oxuyub özünü tutandan sonra boğazı piylənir, başlayır xoruz buraxmağa. Hamı oxuyur, di gəl qulaq asmağa mahnı yoxdur. Yapistlərin mənəvi babası Brejnev müəllimin adından bir söz yazırdılar: “Çörək olarsa, mahnı da olar”. Cəlal əmidən sonra buğda sortlarında yüngülvari problem yaşasaq da indi, göz dəyməsin, çörək var. Ye, oxu. Müsiqişünas Firudin Şuşinskinin bir müğənni haqda dediyi söz yadıma düşdü: “Zəngulə vura bilmir, səsi salır çənəsinə, elə bil Qala qoyunu gövşəyir”.
Yəqin Avstraliyadan başlayan yazının qoyunla bitməsi də təsadüf deyildir. Hərçənd, bizdə yanlış təsəvvür var ki, dünyada ən çox qoyun Avstraliyadadır. Yazım biləsiniz, bu düz fakt deyil. Ən çox qoyun Argentinada yaşayır.