Ölkəmizdə bir ara ABŞ-da, İngiltərədə, Almaniyada keçirilən seçkiləri nümunə göstərmək dəbi vardı.
Biz prezidentliyə və ya deputatlığa namizədlərin bir-biri ilə apardığı mübarizədə əndazəni aşmalarına, yol verdikləri qəbahətli hərəkətlərə nəzərən “Qərb nümunələri”ni misal gətirirdik. “Baxın, onlar necə mədəni yarışırlar” deyirdik.
Hazırda ABŞ-dakı seçki kampaniyasının gedişatı, siyasi ehtirasların şiddəti, rəqiblərin qeyri-mədəni söz dueli “nümunəvi seçki” stereotipini dağıtmaqdadır.
Hillari Klintonla Donald Trampın arasında gedən seçki mübarizəsi elə bir səviyyədədir ki, sanasan, ABŞ 3-cü dərəcəli ölkələrdən biridir və bu qovğa adi tayfa davasıdır.
Rəqiblər bir-birinə qarşı daha hansı ittihamlar irəli sürmürlər? “Qurşaqdan aşağı zərbələr”dən tutmuş yolverilməz ifadələrə qədər hər şeydən istifadə olunur.
Trampın nə tip adam olduğu, “dünya gözəlləri” ilə macəraları, cinsi həyatının düzənsizliyi Amerikada bir çoxlarına çoxdan bəlli idi, əgər o, prezidentliyə namizəd olmasaydı, təbii ki, ABŞ seçiciləri kütləvi şəkildə bu incəlikləri bilməyəcəkdi.
Ancaq Tramp dünyanın ən qüdrətli dövlətinin başına keçmək istəyincə, vəziyyət dəyişdi, rəqibləri onun şəxsiyyətini, bioqrafiyasını mikroskop altına aldı və indi ən kiçik detallara qədər incələyirlər.
Sübut olunur ki, siyasi mübarizədə, seçki rəqabətində hüdud, çərçivə, qırmızı xətt deyilən şey yoxdur. Rəqibə zərbə vurmaq, onu gözdən salmaq, seçicisini, şansını azaltmaq üçün hər şey məqbuldur.
Yəqin ki, ABŞ tarixində bu sayaq qızğın seçki kampaniyaları əvvəllər də olub, ancaq deyilənə görə, heç vaxt budəfəki qədər iyrənclik olmayıb.
Bu dəfə siyasi etika, elementar nəzakət çərçivələri də dağıdılıb. Məsələn, arada seçki kampaniyasının gərginliyinə tablaşmayan Hillari Klintonun səhhətində yüngülvari bir problem yaranmışdı, onun rəqibinin qərargahı dərhal bundan ABŞ seçicisinin rəyinə təsir etmək üçün yararlanmağa, “xanım Klintonun xəstə olduğu”nu, bu səbəbdən ABŞ-a yaxşı prezident ola bilməyəcəyini sübut etməyə çalışdı.
Hətta ABŞ və başqa ölkələrin mediasında Hillari Klintonun cinsi azlıqlara mənsub olmasına dair yazılar da peyda olmağa başlanmışdı, amma absurd görünəcəyindən, əks-effekt verəcəyindən narahat olan trampçı texnoloqlar bu istiqaməti inkişaf etdirmədilər.
Bundan əvvəl Donald Trampın “arvadbaz”, “seksual manyak” obrazı yaradılmış olmasaydı, son anda ona da “gey” damğası vurmağa cəhd edəcəkdilər.
Halbuki ABŞ da bəzi Avropa ölkələri kimi üçüncü cinsin hüquqlarının qorunması sahəsində fəaliyyətləri təqdir edir, cinsi azlıqlara qarşı təqib-təzyiqləri pisləyir, qınayır.
Bununla belə, rəqabət aparan tərəflər seçki kampaniyalarında “cinsi azlığa mənsub olma”nın bir namizəd üçün necə bir minus olduğunun fərqindədirlər və qələbə naminə bundan yararlanmağa çalışırlar.
Bu tendensiya bəzi Avropa ölkələrində, məsələn, Almaniyada artıq əhəmiyyətini itirib. Almaniyada cinsi azlıqlara mənsub olan şəxslərin deputat və mer seçilmələri faktı var. ABŞ-da isə, belə görünür ki, hələ də qələbə naminə “qurşaqdan aşağı zərbələr” endirməyi məqbul sayırlar.
Bu mənzərəni görəndən sonra öz ölkəmizdə keçirilən seçkilərdə, loru ifadə ilə desək, tumanını başına atıb qara-qışqırıq salanlara, rəqibinin ünvanına yalan-doğru hər cür ittihamlar səsləndirənlərin canfəşanlığına təəccüblənmək lazım gəlməyəcək.
1998-ci il seçkilərindən sonra onsuz da ölkəmizdə seçki kampaniyaları gərgin, söyüşlü-latayırlı keçir, qarşılıqlı nifrət püskürmələri ərşə çıxır. İndən belə isə hamının gözü önündə bir “ABŞ presedenti” duracaq.
Əlbəttə, yaxşı şey olsaydı, biz onu sərhədlərimizdən içəri buraxmazdıq, amma seçki kampaniyasında “Klinton örnəyi” və “Tramp nümunəsi”ndən istifadə norma olacaq, etiraz edənlərə isə “demokratiyanın beşiyi ABŞ-da da belədir” deyəcəklər.
Siyasətin “çirkin iş” olduğu barədə məşhur deyim və qənaət bu kimi iyrənc kampaniyalardan qaynaqlanır və bu, seçiciləri seçkidən soyudan başlıca amildir.