Zərdabın Yarməmmədbağı kəndində ər arvadın başını kəsib. Üç azyaşlı uşaq qalıb küçələrdə. Dövlətin başı siyasi partiya üzvlərinin, müxalifətin cibinə nəşə atıb tutmağa qarışanda belə vəziyyətlərin yaranması təbiidir.
Müxbir gedib hadisə yerinə, min dənə ağzıboş kəndçi-məndçini danışdırıb, onlar da qadının dalıyca laqqırtı vurublar. Ancaq bir nəfər dövlət nümayəndəsinin belə mövqeyi yazıda yoxdur. Günah təkcə jurnalistikadadırmı? Yox. Dövlətin mövqeyi yoxdur, olmayan şeyi necə göstərəsən?
Qətlə yetirilən qadın hərf tanımırmış. Müxbir bunun anasını danışdırır, məlum olur ana da oxumaq-yazmaq bilmir. Öz soyadını qonşulardan soruşub deyir! Ancaq mənim dəqiq yadımdadır, bu il bir tədbirdə Azərbaycan rəhbərliyi, özü də ən yüksək səviyyədə, belə cümlə demişdi: “Azərbaycanda əhalinin savadlılığı yüz faizdir”. Bəs hanı? Mən özüm jurnalistika fəaliyyətim dövründə yazmaq, oxumaq bilməyən onlarla azərbaycanlını şəxsən görmüşəm. Özü də bunların içində hər yaş kateqoriyası, hər cinsdən adam var. Uşaq da oxuya bilmir, böyük də. Qadın da hərf tanımır, kişi də. Xüsusən regionlarda bu sahədə biabırçılıqdır.
Qəzetin başqa bir səhifəsini açırsan, görürsən 9 yaşlı sabirabadlı Xəyalənin pambıq sahəsində ürək parçalayan fotosu verilib. Bu qız gündə 40-50 kiloqram pambıq yığırmış. Pambığın çiçəyidir yığılan, ancaq bu çiçək qız qul əməyi ilə məşğul olmalı deyil axı. Hər kilosuna zəhmət haqqı 10 qəpik verirmişlər! Dəhşətdir. Yazıq uşaq bütün günü zülmlə pambıq yığır ki, axşama 4-5 manat (1kq-10 qəp, 40 kq – 400 qəp) qazansın! Heç quldarlıq dövründə bu cür zülm olmayıb. “Üç rəngli bayrağınla məsud yaşa” – bunu nəzərdə tutursunuz? Dövlətçilik budur?
Qayıdaq Zərdaba, Yarməmməd kişinin bağına. O kənd 92 saylı Zərdab-Ucar seçki dairəsinə düşür. Həmin dairədən 10 ildən çoxdur, 3 seçkidir Jalə Əliyeva adlı qadını deputat düzəldirlər. Maraqlansan, bu qadın bəlkə Zərdabın hansı tərəfdə yerləşdiyini bilməz. Beləsinin xalqı təmsil elədiyi ərazidə qadınlar və uşaqlar yiyəsiz qalmasınmı?
Ombursmanı Elmira xala olan ərazidə adamın başını kəsib futbol oynayarlar, ombursman isə oyundan narazılıq olmadığı haqda açıqlama verər. Ailə-qadın-uşaq-muşaq komitəsini ta heç demirəm. O idarə ümumiyyətlə pampers dəyişdirməyə də yaramır.
Zərdab rayonunda sosial müdafiə mərkəzi də var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun funksiyalarını yerinə yetirən bu mərkəz Zərdab şəhəri, 20 Yanvar küçəsində yerləşir. Faciəvi küçədə, faciəvi idarə – necə deyərlər. Hətta mən Google sayəsində DSMF rayon şöbəsinin müdirinin Ramil Əliyev adlı bir nəfər olduğunu da tapdım. Ancaq bunlar hamısı gözdən pərdə asmaq, korrupsiya üçündür. Sosial müdafiə sıfırdır.
Lap deyək ki, bu idarələr rayon mərkəzində olub, kənddən xəbər tutmağa imkanları çatmayıb. Bəs bu Yarməmmədbağı kəndinin sahə müvəkkili olan polis müəllim, kənd icra nümayəndəsi olan müəllim hansı cəhənnəmdə idilər? Niyə illərlə insanların zülm çəkməsinə göz yumurlar, tədbir görmürlər? YAP-ın kənd özəyinin sədri harda əl çalırmış?
Bunu ona görə yazdım ki, qabaqlar müxalifət partiyalarının hər kənddə dayaq özəkləri vardı, heç olmazsa camaatın səsini mərkəzə çatdırırdılar. İndi bunlar hamısı məhv edilib, bircə YAP qalıb. Dərə xəlvət, tülkü bəy, millət də cücə. Yıx yerə, kəs başını.
5 yaşlı uşaq anasının başının kəsilməsini canlı görübmüş. Nə psixoloji yardım var, nə başqa qayğı – uşağı bisavad nənəsinin komasına atıb gediblər. Uşağın illərlə aldığı travmalar, zədələr üzündən (bu mənim gümanımdır, doğruluğuna əminəm) nitqi də qüsurlu imiş. Çaqqallar ölmüş ananın qanını yalamaq üçün evə axın edibmişlər. Tam bir Azərbaycan mənzərəsi. Ağzı yumulu, qanını çaqqallar yalayan məmləkət…