Sizi qorxutmaq kimi çıxmasın, əziz oxucular, qara gününüzü qablamağı tövsiyə edirəm, qarşıdan qara qış gəlir. Hətta artıq gəlib. İnsanlar bir aydır qış paltarlarında gəzirsə, ta nə demək olar.
Bu qış o biri qışlardan çox fərqlidir. Bəlkə də son yüz ilin ən sərt qışı deyil, amma şəxsən mən ömrümdə bu soyuqluqda oktyabr görməmişdim.
Orta məktəbdə oxuyanda yanvar ayının ortalarında əmək təlimi dərsini açıq havada keçdiyimiz yadıma gəlir, məktəbin üzüm bağını belləyirdik, istilənib pencəyimizi çıxarmışdıq. Müəllimimiz də deyirdi ki, uşaqlar, baxın, siz burda qışda açıq havada günəşlənirsiniz, amma ölkəmizin (SSRİ-nin) o başında, Sibirdə uşaqlar 40 dərəcəlik şaxta səbəbindən dərs keçmirlər, tətilə buraxılıblar.
Açığı, o zaman biz məsuliyyətsizcəsinə deyirdik ki, keşkə bizdə də 40 dərəcə şaxta olaydı, 5-6 gün dərsə getməyəydik.
İndi düşünürəm ki, bizdə nəinki 40 dərəcəlik şaxtaya dözəcək kürk, heç 0-ın bir az altında, bir az üstündə olan temperatura tablaşacaq kürək də yoxdur.
Bizimki bu cür ilıq havalardır, yazda, payızda pencəkdə, yayda qısaqolda gəzək, qışı də gödəkçə və ya palto ilə yola verək, getsin.
Budur, hərarət 10-15 dərəcə civarındadır, artıq xeyli problemlə üz-üzəyik: yollarımızı su basır, işıqlarımız sönür, qazımız kəsilir və s. Ölkədə bir “donduq, qırıldıq, batdıq” ritorikası gedir, sanasan, bura Yakutiya-Saxa respublikasıdır. Hamımız bilirik ki, +10 dərəcə hərarət adamı dondurmur, amma camaat üşüyür axı. Biz şimallılar kimi soyuğa dözümlü deyilik, hava bir az soyuyan kimi yorğan-döşəyə düşürük.
Bu baxımdan ölkəmizin 39-42-ci paralellərdə yerləşməsi bizim şansımız, əcdadlarımızın uzaqgörənliyi və fərasətinin nəticəsidir. Hərçənd bizim əcdadlar da qədimlərdə işğallardan, əsarətlərdən bezib ucqarlara, şimala getsəydilər, indi Finlandiyada, Komidə-zadda soyuğa öyrəşmiş halda yaşayırdıq.
Amma iş ki belə gətirib, gərək bu şərtlər altında da, necə deyərlər, ayaqda qalmağı bacaraq. Odlar yurduyuq axı. Land of fireyik. Nəyimiz də olmasa, odumuz var. Ocağa, günəşə, sobaya and içən adamlarıq, bizə yaraşarmı yeraltı bunkerlərimizdə bu qədər qaz, quyularımızda, yataqlarımızda bu qədər neft olduğu halda yatağımıza corabla girək?
Demək ki, nəsə bir tədbir görmək lazımdır. Nefti-qazı olmayan, yanacağı qanı qiymətinə alan şimal ölkələrində nə təhər edirlər? Daraşıb meşələri qırırlar? Ya təzək yandırırlar?
Araşdıranda məlum olur ki, hər ölkə özünün əlindəki resurslardan istifadə edərək qışda evini, işini, məktəbini qızdırır. Kimisi kömürlə, elektriklə işləyən istixanalar quraşdırır, kimisi də atom stansiyaları vasitəsilə soyuğa qarşı mübarizə aparır və qalib gəlir.
Şimal ölkələrində yaşayan dostlar yazır ki, biz burada işdə köynəkdə otururuq, üst paltarlarımızı mütləq çıxarırıq ki, istidən təntiməyək.
Keçən il bu vaxtlar İsveçdəydim, bayırda şaxta vardı, əsl azərbaycanlılar kimi, muzeyləri… zarafat edirəm, dükan-bazarı gəzirdik. Elə bir mağaza, moll, supermarket olmadı ki, ora girəndə gödəkçəni əynimdən çıxarmayım. Adam elə bil təndirə, buxarxanaya girirdi, azca ləngiyib, gödəkçənin yaxasını açıb, papağı çıxarmadınsa, adamı tər basırdı. Bu isə bildiyiniz kimi, orqanizmə ziyandır, bir azdan şaxtaya çıxacaqsan axı.
Müşayiətçi simsarlardan soruşurdum ki, bunlar buraları nəylə qızdırırlar, deyirdilər, elektriklə və qazanxanalarla. Yəni adamlar vaxtında hər cür infrastruktur, dəzgah-filan qurub-quraşdırıblar, ona görə də oktyabrdan maya qədər davam edən soyuq hava veclərinə deyil.
Biz isə yerə bir santimetr qar düşəndə kərəvəngə qalırıq, maşn maşına, insan insana girir. Hökumət də deyir, nə edək, təbii fəlakətdir.
Bəlkə də ən yaxşısı o olardı ki, biz bu fərasətlə, qabiliyyətlə Antalya tərəflərdə yaşayaq. O gün orda yaşayan bir dostumuzla göft-gu edirdik, havanı xəbər alıram, yazır ki, burda hələ sıcakdır, abi, terliyoruz…
Eyni sualı bu yazını yaza-yaza İsveçdə yaşayan sabiq həmkarımız Könülə də verdim, onun da cavabı belə oldu ki, bayırda 2 dərəcə şaxta var, amma ev istidir.
Demək, vəziyyət belədir, şimaldakılar da üşümür, cənubdakılar da. Bəlkə də biz arada, yelçəkərdəyik deyə bu gündəyik, kim bilir.