Bu yaxında internet-serfinqlə məşğul olarkən qarşıma çox əyləncəli bir foto çıxdı. Fotoda Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin binası əks olunmuşdu. İlk baxışdan diqqət çəkməyən, primitiv görkəmli, iki qatlı bir bina idi. Ancaq əyləncə hissəsi binanın sağ tərəfində elə ikiqatlı bina hündürlükdə bir su çəni çardağının olması idi.
Şəkilə əsasən su çəninin neçə ton tutduğunu deyə bilmərəm. Ola bilsin, 5 tonluq çən idi. Bəlkə də 10 tonluq. Söhbət bunda deyil. Hətta binaya yetərincə yaxın, elə bina hündürlükdə qoyulmasına baxmayaraq, həmin çənin DSMF binasına aidliyini də tam iddia eləmirəm. (Lap istəsəniz bu yazını da cırım atım, onsuz heç nə dəyişən deyil). Bəs söhbət nədədir?
Söhbət ondadır ki, bu dövlət Qəbələ kimi suyun hər yerdən qaynadığı bir rayonda da dövlət idarələrini, ictimai və şəxsi binaları daimi içməli su ilə təchiz edə bilməyib. Orda da Əhmədli, Biləcəri, Yasamal, nə bilim, lap elə Səbayeldəki kimi suyu qrafiklə verirlər, camaat çənə yığıb saxlamağa məcburdur. Yenə xüsusi qeyd edirəm ki, rayon Qəbələdir. Guya bu rejimin xüsusi diqqətdə saxladığı, inkişaf eləmiş, turistik-muristik ərazidir.
Əgər cupbulu bir araşdırma aparsaq, bəlkə Qəbələnin su təchizatının yaxşılaşdırılması üçün ayrılan milyonlarla manat, “Azərsu” ASC-nin, canım sənə desin, Dünya Bankının, Yaponiya səfirliyinin, Avstriya məktəblilərinin, Koreya karateistlərinin, Rusiyadan pul göndərənlərimizin, İrandan nəzir yığanların və sairənin və ilaxırın da adı o su çəninin altından çıxacaq. Ancaq daimi su yoxdur. Bir ərazidə vahid su anbarı qayırmaq, borular çəkmək, keyfiyyətli su ilə təchiz edib onun pulunu yığmaq əvəzinə çoxlu çənlər qoyulur, dövlət büdcəsindən hər il milyonlar yeyilir, ortada da heç zad olmur.
Həmçinin çənin məhz dövlət sosial müdafiə idarəsinin yanına qoyulması simvolikdir. Bu dövlətin sosial müdafiəsi də elə o kökdədir. Dekorasiyadır, saxtadır. Üfürsən, uçar.
Şeytan, bax, belə detallarda gizlənir. Su çənini gələn dəfə hasara alın. Hündür bir dekorasiya düzəldin. Guya orda meşə var. Ya da şəlalə şəkli çəkin – bir az arxadakı gizlətdiyi məzmuna uyğun olsun.
Qəbələdən başqa bir rayon da Bakını su ilə təchiz edir, o isə Oğuzdur. Oğuzda rayon təhsil şöbəsi məktəblərə odun almaq üçün kotirovka sorğusu (dövlət satınalması üsullarından biridir) elan edib (mənbə: fins.az). Təhsilimizə yardım üçün o elanı burda da yerləşdirirəm, hələ vaxt var, kimdə odun varsa müraciət eləsin: “Azərbaycan Respublikasının Oğuz Rayon Təhsil Şöbəsi Odun yanacağının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 024-21-5-38-26 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05.11.2016 09:00 tarixinədək qəbul olunur .
Heydər Əliyev 83″. Elanın sonu.
Bəs biz TAP xətti ilə, nə bilim, TANAP layihəsi əsasında xaricə qaz satırdıq, o necə oldu? Taxçadan düşdü tap elədi, Gülsənəm onu happ elədi – eləmi? Rayon məktəblərini qazla, qazanxana sistemli istiliklə təchiz eləmək 21-ci əsrdə kosmosa raket fırladan analoqu olmayan respublikamıza çox çətindirmi?
Hərçənd keçən yazılarımdan birində Bakıda uşaqların soyuqdan işgəncə çəkdiyini, məktəblərin hələ də qızdırılmadığını yazmışdım, buna baxanda Oğuzun işi yaxşıdır, onlar heç olmazsa odun sobasına ümid edirlər.
O cümlədən sən Naxçıvanın güclü inkişaf elədiyini deyə bilərsən, ancaq o inkişaf vergi və büdcə sənədlərində niyə görünmür, bunu izah edə bilməzsən. Necə olur ki, o cür inkişaf edir, ancaq yenə vergi ödəməsində dövlət büdcəsinə ən az pulu verir, üstəlik, hər il elə həmin büdcədən hamıdan çox dotasiya alır? O ətdirsə, pişik hanı, pişikdirsə ət hanı?
Məşhur lətifədə deyilən kimi, gəlin Amerikaya çataq, ancaq onu ötməyək, çünki arxada qalsalar, şalvarımızın dalındakı yamağı görəcəklər.