Türkiyə növbəti, taleyüklü bir siyasi dönəm ərəfəsindədir. Hakim AK partiya yaxın günlərdə ölkədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri layihəsini parlamentə təqdim edəcək. Layihə təsdiqlənsə, ölkə səsverməyə gedəcək və həmin səsvermədən sonra böyük ehtimalla, Türkiyənin 1-ci şəxsi baş nazir deyil, artıq prezident olacaq.
Doğrudur, indinin özündə də prezident Rəcəb Tayyib Ərdoğan, faktiki, ölkədə həlledici söz və nüfuz sahibidir, lakin mövcud konstitusiyaya əsasən, baş nazir Binəli Yıldırımın vəzifə səlahiyyətləri ondan xeyli üstündür…
Bəllidir ki, müxalif siyasi kəsimin məsələyə münasibəti birmənalı deyil. O sırada Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident üsul-idarəsinin tətbiqindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bir neçə dəfə bəyanat səsləndirib. Hakimiyyət yetkililəri isə bu narahatlığı bölüşmür.
Məsələn, baş nazir Binəli Yıldırım iki gün öncə bildirdi ki, əksinə, prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski yarana bilər. Onun qənaətincə, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq, çünki “Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.
Təbii ki, həm Kılıçdaroğlu və partiyası, həm də Yıldırım və AKP ölkənin bütünlüyünün tərəfdarıdır. Xəbərdarlığa və əks-xəbərdarlığa gəlincə isə, həqiqət yəqin ki, haradasa “qızıl orta”dan keçir. Birinci ona görə ki, onların ikisi də siyasətçidir və öz partiyalarının mövqeyindən çıxış edir. İkincisi isə dünya praktikasında parlamentli üsul-idarənin də, prezidentli idarəçiliyin də çox uğurlu nümunələri var.
Misal üçün, Almaniyada ölkənin əsas şəxsi prezident yox, hökumət başçısı – kanslerdir. Qərbin (burada “qərb” coğrafi yox, geosiyasi və ideoloji anlamda işlənir) başqa nüfuzlu dövləti olan İsraildə də baş nazir ölkənin 1-ci şəxsidir. Böyük Britaniya, Kanada da elə. Həmçinin ABŞ, Fransa kimi prezident üsul-idarəli qüdrətli dövlətlər var.
Demək, önəmlisi forma yox, mahiyyətdir. Yəni idarəçilik sisteminin nə dərəcədə işlək, effektli olmasıdır. Bu da asılıdır ölkədə demokratik institutların, o sırada vətəndaş təşkilatlarının və ictimai şəffaflığın nə dərəcədə təmin edilməsindən, məhkəmələrin nə dərəcədə müstəqil olmasından, topluma vaxtaşırı öz iradəsini demokratik yolla ortaya qoymağa şərait yaradılmasından.
Ən ümdəsi də elə budur – xalqın azad və ədalətli seçkilər yolu ilə, seçki təmsilçiliyi ilə dövlət idarəçiliyində yaxından iştirakı təmin olunsun, dövlətin daxili və xarici siyasətində həmişə çoxluğun iradəsi görünsün. Bunlar olacaqsa, dövlətin bütünlüyü üçün başqa bir vaşkeçilməz şərt sayılan cəmiyyətin bütünlüyü də təmin ediləcək.
Olmayacaqsa, yerdə qalanların hamısı boş şeydir, ikinci, üçüncü, beşinci dərəcəlidir. Zira, zəif millət – güclü dövlət olmur. Dövləti güclü edən millətin gücüdür, millətin özünü buxovda yox, azad hiss etməsidir. Buna əyani sübut kimi indinin özündə kağız üzərində prezidentli və ya parlamentli idarəçiliyə malik olsa da, gerçəkdə avtoritarizmin hakim olduğu və geridə qalmış ölkələrin durumunu göstərmək yetər…
Yəni kimin idarəçiliyi önəmli deyil, önəmlisi – necə idarəçilikdir. İstənilən gözəl ideyanı korlamağa nə var ki? Pis dərziyə ən yaxşı, ən keyfiyyətli parçanı da versən, sonucda keyfiyyətsiz paltar alacaqsan. Əksinə, bacarıqlı dərzi zəif materialdan belə, uzunömürlü və yaraşıqlı kostyum hazırlaya bilər. Yəni əsas odur ki, Türkiyənin “baş dərzisi” bacarıqlı, savadlı və peşəkar olsun.