Hökumət keçmiş MTN generalı Çovdarovun məhkəməsini qapalı keçirmək qərarına gəlib. Jurnalistlər bundan narazılıq edirlər, çünki savadsızdırlar. Əslində bu addımla jurnalistikanın qayğısına qalırlar: nə biləsən Çovdarov məhkəmədə jurnalistlərin başına hansı oyunu açar? Adamın əlindən vaxtilə zeytun ağacının altında dayana bilmirdiniz, nə tez yadınızdan çıxdı? Ax, ax, qədirbilməz xalq…
92-93-də küçəyə çıxmaq olmurdu, indi ayıb deyilmi məhkəmədə iştirakı arzu edirsiniz? Harınlamaq budur ey. Milləti özbaşına qoysan sabah deyər papağı da ver – düzgün seçki keçirt. Offşorda mənə də şirkət aç. Nə bilim, oğlumu general qoy. Allah eləməsin, kış-kış… Bizim öz yolumuz vardır.
Üstəlik, belə məhkəmələrdə istintaq eksperimentləri də aparılması mümkündür. Bir-iki ay bundan qabaq Pakistan məhkəməsində maraqlı hadisə olmuşdu. Cinayət işində qumbara partladılması əhvalatı varmış, hakim deyib ki, o qumbaranın bənzərini “gətirin studiyaya”, baxaq. İşçilər proses gedə-gedə qumbaranı gətiriblər, biri isə çox ağıldan deputat imiş (bu, intellektin təzə ölçü vahididir, özümün icadımdır – Z.H.), qumbaranın iş prinsipini hakimə göstərmək istəyibmiş. Sonrası havaya uçan məhkəmə salonu, hakimin dümbül sümüyündən qəlpə yarası kimi şeylər olmuşdur – şükür, ölüm-itim baş verməyibdir. Pak islam dövlətidir, yəqin o üzdən Allah saxlayıb. Ümumiyyətlə, fikir versəniz Pakistanda əmin-amanlıqdır, çünki Allahın qəzəbinə səbəb olacaq işlərə girmirlər. Misal üçün, orda hansısa qız uşağı kitab oxumaq istəyəndə götürüb üzünə sulfat turşusu atırlar, söhbət bağlanır. Ancaq Yaponiyada qızlar cins şalvar geydiyindən hər gün sunami olur. Bu haqda AMEA alimlərindən Əkrəm Həsənov yoldaşın ciddi araşdırmaları var, istəyən tapıb baxsın.
Nəsə, söhbəti yayındırmayaq, iş ondadır ki, bizim məhkəmələrdə adətən dəlil-sübut olmur, adamı qumbara nümayişi-zadı olmadan 10 illiyə basırlar gedir. Dəlil gördün – qığını da görmədim. Elə yaxşısı budur, çünki dəlil adamın əlində partlasa, salamat hakim qalmaz, bədbəxt olarıq, təzədən AXC-Müsavat cütlüyü hakimiyyətə gələr. Ondan sonra gəl bu qışın günündə Ağdərəyə qayıt.
Sözümün canı odur ki, Akif Çovdarovun məhkəməsinə jurnalistləri buraxsan, birdən orda istintaq eksperimenti keçirilsə, tutub sizi girov götürsə, əminizdən-dayınızdan pul dilənib azadlığa çıxsanız, yaxşıdırmı? Bunu mən havadan yazmıram. Akif müəllimin tutub, yolub buraxdığı bütün məmur və iş adamlarının ifadələrində adətən belə söhbət keçir: “Çağırdı idarəyə, dedi 1 milyon dollar verəcəksən. Mən də qohumlara zəng elədim, hərə bir az pul gətirdi, yığdıq verdik”. Guya heç birinin özündə o qədər pul yox imiş. Nə qəribə sistemdirsə, hətta biznesmenin də Akif müəllimə verməyə 100 min manatı olmayıb, uşağının maşınını satıb reket haqqını ödəyibdir. Metro idarəsini köstəbək kimi eşib illərlə altını dolduran bir tip isə hətta demişdi ki, guya Çovdarova verdiyi 3 milyon dolları 40 il ərzində yeməyib-içməyib maaşından toplayıbdır.
Məhkəmə həm də belə söhbətlərin açılmasına görə qapalı olacaqdır. Xalq qələt edər elitanın pul söhbətlərindən xəbərdar olar. Dövlətçiliyi, sabitliyi sarsıtmaq düz deyil. Misal üçün, məhkəmə açıq olsa xalq biləcək ki, metro rəisi generala verdiyi pulun bir hissəsini “28 may” metrosunun qabağında papaq qoyub dilənərək yığmışdır. Bundan sonra hərə bir papaq götürüb gedib uzanacaq metronun qabağına, deyəcək sən o yanındakı generalın canı, bir nəzir ver. Verərsən pis, verməzsən pis. Çətin durumdur. Tutaq ki, verdin, birdən “Vaşinqton Post” qəzetinin müxbiri qıraqdan fotosunu çəkdi, verdi qəzetə: “Azərbaycanda dilənçilik var!”
Məhkəmə Akif müəllimin bir müddət bundan qabaq aclıq aksiyası elan etməsi üzündən də qapalı keçirilə bilər. Bu temada şair Məhəmməd Füzulinin (bu, “sabes”dən prezident təqaüdü almağa gedib salam verərkən rüşvət istənilən həmin məşhur sənətkardır – “ASAN xidmət” olsaydı, belə durum yaranmazdı) misraları yerinə düşür:
“Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!”
Yəni deyir, məhkəmənin qapalı keçirilməsini özüm istəyirəm. İndi söz əlaqədar təşkilatlarındır.