Загрузка...

img1830847

Dünyanın hər yerində bir ölkədə keçirilən prezident (eləcə də parlament) seçkisi həmin ölkənin özü ilə yanaşı, qonşu ölkələrdə də maraqla izlənir.

Bu, təbiidir, adamlar maraqlanır ki, qonşu ölkədəki siyasi dəyişiklik onların ölkəsinə nə cür təsir edə bilər.

Tarix bir ölkədə hakimiyyətə gələn tiranın başqa ölkələrə, ilk növbədə qonşu dövlətlərə yaratdığı problemlərə dair faktlarla doludur. Məsələn, Hitler, Mussolini və b.
Bizim ölkəmizdə keçirilən prezident seçkisi Ermənistan vətəndaşları üçün çox maraqlıdır. Ermənistanda keçirilən analoji seçki də bizim üçün mühüm əhəmiyyət kəsb edir. Səbəblərini bilirsiniz.

Rusiyada keçirilən seçkilər isə bizim üçün də maraqlıdır, Ermənistan üçün də, Gürcüstan, Ukrayna, hətta Qırğızıstan və Latviyadan ötrü də.

Ancaq dünyada elə bir ölkə var ki, onda keçirilən prezident seçkisi Venesuela üçün də əhəmiyyətlidir, Yeni Zelandiyadan ötrü də, Azərbaycan və Ermənistan, hətta Rusiya və İran üçün də.

Bu ölkə ABŞ-dır. “Soyuq müharibə”nin bitməsindən, SSRİ adlı qırmızı rus imperiyasının çökməsindən sonra bu ölkədə keçirilən prezident seçkisi bütün dünya üçün maraqlıdır.
Başqa sözlə, sanki ABŞ vətəndaşları təkcə özlərinə yox, bütün dünyaya prezident seçirlər.
Nə yazıq ki, belədir və başqa superdövlətlər, özlərini sırf müstəqil və ABŞ əleyhdarı sayan ölkələr də bu acı reallıqla hesablaşmağa məcburdurlar.

Çünki ABŞ dünya hegemonudur, əlinin üstündə əl yoxdur, istənilən dövlətin həyatına, iqtisadiyyatına mənfi və ya müsbət planda təsir edə biləcək gücdədir.

Neft milyardları artdıqca əski sovet imperiyasının siluetini yenidən cızmağa çalışan azman Rusiyanın başına gələnlərin (iqtisadi tənəzzül, regional nüfuzun itirilməsi və s.) hamısı ABŞ-ın əl işləridir.

Budur, indi bu ölkə özünə prezident seçir. ABŞ prezidentinin kim olacağı Rusiya üçün də həyati əhəmiyyət daşıyır.

Elə bu səbəbdəndir ki, okeanın o tayında gedən prezident seçkisi kampaniyasında Rusiyanın da adı tez-tez çəkilir.

Prezidentliyə namizədlər özlərini xalqa Rusiyaya münasibət prizmasından təqdim edirlər. Biri digərini Rusiyanın əlinə oynamaqda, o biri bu birini Rusiyaya qarşı tutduğu sərt mövqeyin yanlışlığında ittiham edir.

Hazırda ABŞ xalqı kimi, dünya əhalisi də hansı namizədin daha faydalı olacağı məsələsində qərarsızdır.

Hər dövlətdə bu məsələyə korporativ yanaşma var. Ruslardan olsa prezident Donald Tramp olar. Ona görə ki, o, ABŞ-la Rusiyanın münasibətinə yenidən baxılacağına dair eyhamlar edib.

Türkiyənin siyasi fəal kəsimi Hillari Klintondan yanadır, ancaq onun PKK-ya yardım edəcəyinə dair vədləri əndişə yaradır. Bununla belə, Türkiyə ictimaiyyəti Donald Trampı daha etibarsız sayır.

Ermənistan üçün ABŞ-da kimin prezident olacağının çox böyük əhəmiyyəti yoxdur. Hansı namizəd 24 apreldəki ənənəvi çıxışında “erməni genosidi” sözünü işlətməyə söz versə, ermənilər avtomatik olaraq onun tərəfini tutacaqlar.

Hazırda ABŞ-da bir-biri ilə yanaşan hər iki namizədin Azərbaycanla xüsusi münasibətləri var. Hillari Klinton zamanında Azərbaycana gəlib, burada görüşlər keçirib. Donald Tramp isə Azərbaycanda biznes əlaqələrinə malikdir.

Hətta prezident Obama bu ilin əvvəlində Trampı “vurmaq” üçün onun Azərbaycanla əlaqəsini qeyd etmiş, demişdi ki, cənab Tramp Azərbaycan, Norveç və Argentinanın “gözəllik kraliçaları” ilə mühüm beynəlxalq görüşlər keçirib.

Prezident seçkisi kampaniyasının gedişi, ortalığa çıxan təfərrüat göstərir ki, bu dəfə ABŞ prezidenti kim olursa-olsun, ondan “dünya prezidenti” çıxmayacaq.

Hər iki namizədin siyasi persona olaraq miqyası elə bir ölçüdədir ki, onların heç birindən dünyanın taleyini yaxşı istiqamətə yönləndirəcək addımlar gözləmək mümkün deyil.
Düzdür, ABŞ-da ölkənin və dünyanın idarə edilməsi məsələsində əsas rolu xüsusi institutlar oynayır və dövlətin birinci şəxsinin iradəsi həmişə həlledici olmur, amma işin bu yerə gəlib çıxması həmin institutların da yetərsizliyindən xəbər verir.

Hər halda, hazırda ABŞ dünyanın bir çox ölkələri ilə, hətta ən yaxın müttəfiqləri ilə problem yaşayır.

Bu baxımdan, ümid ABŞ-da vitse-prezident olacaq şəxslərədir – bir X günündə onlar ABŞ prezidenti ola bilərlər deyə.