img1306318

Qardaş Türkiyə öz tarixinin ən mürəkkəb dönəmlərdən birini yaşayır. Müharibə, od-alov, kütləvi miqrasiya girdabına düşmüş bölgənin açar ölkəsi olaraq, indi onun məsuliyyəti qədər üzləşdiyi imtahan da böyükdür.

Ancaq əminik ki, oturuşmuş dövlət olaraq Türkiyə, onun ayıq-sayıq toplumu və çoxluğun etimadı ilə iqtidarda olan hakim qüvvə tarixin sınağından üzüağ çıxacaq və Azərbaycanın da üzüntüsünə əsas qalmayacaq.

Ölkə və millət üçün kritikdönəmlərdə təbii ki, dövlət sükançısının, liderin üzərinə müstəsna məsuliyyət düşür. Öz xalqından mandat almış prezident Ərdoğan yəqin ki, bunu yaxşı bilir. Onu da yəqin gözəl bilir ki, Türkiyə üzərindən hansı çirkin oyunlar, məkrli siyasi bazarlıqlar gedir, qardaş məmləkət əleyhinə hansı tələlər qurulub.

Belə oyunlardan və siyasi bazarlıqlardan uğurla çıxmaq, qurulan tələləri zərərsizləşdirmək üçünsə öncəliklə xalqla səmimi, açıq olmaq, ona verilən vədi və andı tutmaq gərəkir- bir növ həkimin, təbibin “Hippokratandı”na sadiq qalması kimi.

Söz düşmüşkən, bu arada təqaüddə olan bir amerikalı diplomat Ərdoğan haqda maraqlı, eyni zamanda ibrətamiz bir fikir söyləyib. Deyib ki, digər dünya liderlərindən fərqli olaraq, Ərdoğan bağlı qapılar arxasında gizli sövdələşməyə meylli olmayan şəxsdir.

Sitat: “Bu günədək işlədiyimiz bütün liderlər bizə bağlı qapılar arxasında “Mən daxili siyasətə görə xalqa belə deyirəm, amma siz bunlara çox fikir verməyin, daxili siyasətin qaydası budur. ABŞ ilə xarici siyasətdə lazım olanı edəcəyik” – deyib. Ancaq Ərdoğan heç vaxt bu cür danışmadı. Yəni xalqa nə dedisə, xarici siyasəti də ona görə müəyyən etdi. Bununla da aramızda danışıq imkanları heçə enir”.

Bundan bir müddət öncə isə ABŞ-ın digər sabiq diplomatı – Türkiyədəki keçmiş səfir CeymsCeffriaçıqlamasındaƏrdoğanın Vaşinqtona boyun əymədiyini etiraf etmişdi…

Əlbəttə, siyasətə dürüstlük, başqa sözlə, əxlaqlı siyasət hər siyasi xadimə xas keyfiyyət deyil – xüsusən də o, geniş hakimiyyət səlahiyyətlərinə malikdirsə. Bundan ötrü doğrudan da öz xalqının maraq-mənafeyini şəxsi maraqlardan uca tutmaq kimi üstün keyfiyyət tələb olunur.
Ondan da önəmlisi isə xalqı bu səmimiyyətə, əxlaqlı siyasətə inandırmaqdır. Keçmiş amerikalı diplomatlara görə, Ərdoğan məhz bu sıraya aid, həm də azsaylı siyasi xadimlərdəndir. Belədirsə, Türkiyə xalqının taleyi onun mənafeyini hər şeydən öndə tutan bir liderə malikdirsə, o zaman qardaş ölkəyə zaval yox…

Qalmaqallı bəyanatları ilə tanınan Vladimir Jirinovski də iddia edir ki, Ərdoğan devrilsə, Türkiyə parçalanacaq. Yəqin Türkiyəni Suriya, İraq, Liviya ilə səhv salıb. Amma Türkiyə – Suriya, İraq, Liviya deyil, əksinə, yüz illər boyu bu ölkələri də öz tərkibində saxlamış və böyük dövlətçilik ənənəsi olmuş imperiyanın varisidir.

İkinci yandan ağıllı, uzaqgörən, öz xalqının maraqlarını gerçəkdən, şəxsi siyasi-qrup maraqlarından, hakimiyyət maraqlarından uca tutan lider, əxlaqlı siyasətçi buna əsla zəmin yaratmaz, vətəndaş qarşıdurmasına əsas verməz. Çünki xalqın etimadını itirdiyini hiss edib də vaxtında seçki yolu ilə, üzüsulu iqtidardan gedər, hakimiyyətin legitim şəkildə ötürülməsini təmin edər.

Əgər bir dövlət hakimiyyət dəyişikliyi ilə parçalanacaqsa, demək ki, köhnə hakimiyyət legitim olmayıb, onun arxasında ümumxalq etimadı dayanmayıb və cəmiyyətin ümdə marağı uzun zaman ciddiyə alınmayıb…

Demokratik ölkədə hakimiyyəti zorakı yolla dəyişmək istisnadır. ABŞ-da belə şey mümkünmü? Əsla. Hərbi çevriliş, inqilab təhlükəsi o ölkələri təhdid edir ki, orada hakimiyyət legitim, məhkəmələr müstəqil deyil, yəni hakimiyyət bölgüsü işləmir, çoxluğun iradəsi daima qulaqardı edilir və cəmiyyət qütbləşmiş durumdadır.

Dövlət çevrilişlərinə qarşı ən güclü “peyvənd” də elə legitimlikdir, yəni demokratik, azad və ədalətli seçkilər yolu ilə vaxtaşırı xalqdan mandat almaqdır. Şükürlər olsun ki, bu sarıdan Türkiyə problem yaşamır.

Nə qədər ki, yaşamır, demək, hakimiyyət dəyişikliyi ilə qardaş ölkənin parçalanacağına ümid edən bədxahların, düşmənlərin, ələlxüsus da ermənilərin arzusu gözündə qalacaq…
Əlbəttə ki, Ərdoğan da bir gün hakimiyyətdən gedəcək. Ancaq həmin tarixi süni şəkildə yaxınlaşdırmaq, onu xalqın iradəsi ilə yox, zorla devirmək istəyinə düşən dairələr öncə gərək iki dəfə fikirləşsinlər və bumeranq effektini, Türkiyə xalqının iradəsini göz önünə alsınlar.