Загрузка...

img1261098

Son zamanlar getmək az qala dəbə çevrilib. Gedənlərin sayı-hesabı bilinmir. Ölkədən gedə bilməyənlər də öz iş yerindən gedir, Fuad Poladov Dram Teatrından, Nəriman Qasımoğlu Multikultualizm Mərkəzindən.

Çox qəribə, həm də təəssüf doğuran budur ki, gedənləri qaytarmaq üçün kimsə təşəbbüs göstərmir. Bəlkə lap arxalarınca “qara daş” atanlar da tapılır. Özü də bilə-bilə ki, Fuad Poladov kimi adamlar qənimət adamlardır, yenə də məsələnin mahiyyətini malalamağa çalışanlar tapılır. Kimsə irəli çıxıb, cəsarət və nümunə göstərib “keçmiş olsun” deməyə lüzum görmür. Küsülülərin sayı getdikcə artır.

Yayda futbolçu Lionel Messi Amerika Kubokunun finalında Çiliyə məğlub olandan sonra Argentinanın milli komandasından getdiyini bəyan etdi. Özü də dəhşətli bir şey olmamışdı e. Sadəcə finalda Argentina millisi Çiliyə penaltilər seriyasında uduzmuşdu və penaltilərdən birini də Messi vura bilməmişdi. Amma Messi “gedirəm” deyəndə ölkə bir-birinə dəydi, nəhayət, onu fikrindən daşındırdılar.

Bizdə isə vəziyyət başqadırESanki toplum olaraq hər şeyə biganə olmuşuq. Futbolumuz bəllidir, amma axı, digər sahələrdə istedadlarımız az deyil. Nə qədər idmançımızın səsi xarici ölkədən gəlir. Küsdürüb didərgin salıblar vaxtilə.

Bu gün ağacların məhv edilməsi o həddə qədər artıb ki, qanuna 5 il həbs, 45 min manat cərimə cəzası əlavə olunur. Sanki bu məmləkətin bizə dəxli yoxdur. Əksini düşünsəydik, bu qədər oksigen balonlarını məhv edib yerində daş-divar hörməzdik.

Daş-divar demişkən, dünən musavat.com-da fotolarla müşayiət olunan iki yazı diqqətimi çəkdi. Biri Nizami rayonundakı nəhəng villanın kölgəsindəki uçuq daxmada “yaşayan” Füzuli qaçqınının taleyindən bəhs edirdi, digəri “Venesiya”nı xatırladan Binəqədi yollarından.

Bax, insanları Vətəndən perik düşməyə vadar edən həm də bu cür ögey münasibətdir. Nədən 23 ildir belə dözülməz şəraitdə can çürüdən qaçsın-köçkünə dəstək verilməyib? Bəlkə də o ailə o “ev”dən əsgər də yola salıb, yuxarıdan-aşağı baxan villanın gözü qarşısında.

Yaxud Binəqədi rayonunun rəhbərliyi günün birində Bakıya yağış yağacağını heç düşünməyibmi? Kimsə o yollarla məktəbə gedən uşaqların taleyini düşünürmü? Qayıqlamı getsinlər? O gün televiziyada deyirlər ki, vətəndaşlar harada gəldi qanunsuz evlər tikib və nəticədə indi sel-suyun altında qalıblar. Kimi inandırmaq olar ki, vətəndaş daşı daş üstə qoyanda nə icra, nə bələdiyyə, nə “JEK” xəbər tutmayıb?

Su aydınlıqdır, amma həftələrlə ərazilərin, zirzəmilərin, həyətlərin su içində “üzməsi” ağır xəstəliklər deməkdir. Adamları vərəm edənlərsə qeybə çəkilib. Çox qəribədir, mətbuat yazır, vətəndaşlar şikayətlənir, amma bu işə cavabdeh olanlar gözə dəymir. Bəlkə özləri də mühacirətə gediblər, xəbərimiz yoxdur…

Neft gəlirlərinin pik vaxtında böyük pullar gəldi. Ölkənin rəhbərliyi yerlərdəki icra başçılarına etibar edib büdcədən bölüşdürülmələri də normal qəbul etdi. Ancaq normadan bir az çox yağış yağandan sonra əsl mənzərə ortaya çıxdı. Prezident bunlara tapşırıb ki, gedin olimpiya kompleksləri tikin, gənclər gəlib üzməyi öyrənsin, idmanımız inkişaf eləsin, adamlar suda boğulub ölməsin. Amma bunlar gedib elə yerdə kompleks tikdilər ki, yağışdan sonra tikili özü (Sabunçudakı Maştağa Olimpiya İdman Kompleksi) gölün içində “üzməyə” başladı. Pullar belə talan edilib…

Ötən illər ərzində cəmi 6 rayon və şəhər dotasiyasız yaşayırdı. Gələn ildən say 33-ə çatdırılacaq. Amma əslində bu qədər sərvətləri müxtəlif adlarla “əridən”lər dövlətin pullarını qəpiyinə qədər büdcəyə qaytarmalıdırlar. “İnfrostruktur layihələr” adı altında bu qədər pullar xərclənib, nəticəsi “Binəqədi çayı”dırEƏslində paytaxtın durumu çox acınacaqlıdır, bir-iki rayonun məsələsi deyil…

Bu, bir həqiqətdir ki, Azərbaycan dünyanın ən sabit müsəlman ölkələrindən biri, bəlkə də birincisidir. Amma gedənlərimizin sayı azalmır. Adamlar sabit ölkədən niyə getsinlər ki? Bu axının əsas səbəbkarıEvətəndaşa xidmət etməkdənsə, özünü ağa yerinə qoyan yerli məmurlardır. Məhz onlar vətəndaşı əvvəlcə prezidentdən narazı, sonra da yerindən-yurdundan didərgin salır. Nəticədə vətəndaş Azərbaycan paytaxtında yaşamaqdansa, suriyalı qaçqınlar üçün nəzərdə tutulmuş kampda yaşamağı üstün tutur. Araşdırsan, Binəqədidəki sel-sudan canını qurtarmaq üçün nə qədər insan Avropa həsrətindədir. Bəlkə də yol üstədir artıq, “Venesiya”dan canını qurtarmaq istəyənlər…