29c6ec8445a23f71992f8690c0f25a00

Media İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmənin mediada təşkili” adlı layihənin icrasını başa çatdırıb. Layihə çərçivəsində dini radikalizm və onun törətdiyi fəsadlardan bəhs edən 35 dəqiqəlik “Qaranlıq yolçuları” adlı sənədli filminin təqdimatı olub.

Təqdimatda çıxış edən Media İnkişaf Mərkəzin İctimai Birliyinin sədri Qabil Rüstəmov bildirib ki, film hazırlanmış araşdırma materiallarının əsasında çəkilib. Təşkilat sədri onu da bildirib ki, filmdə dünyada və xüsusilə də Azərbaycanın yerləşdiyi bölgədə dini radikalizm meylləri və onun fəsadları barədə faktlar və görüntülər yer alıb, mövzu ilə bağlı mütəxəssislər danışıb. Bundan başqa Azərbaycan Respublikasının dini mühitdə yeritdiyi tolerantlıq siyasətinin faydaları təbliğ edilib.

Filmin ssenari müəllifi, tanınmış jurnalist Səbuhi Məmmədli qeyd edib ki, İŞİD adlı bəla, onun törətdiyi fəsadlar filmdə öz əksini tapıb.

Məmmədli onu da bildirib ki, bu bəla əslində indii yox, illər öncə yayılmağa başlayıb. O zaman “Əl Qaida”nın çoxsaylı bölmələrindən biri olan terrorçu dəstə adını dəyişərək, “İraq və Şamda İslam Dövləti” qoyur və bu qruplaşma yeni dövlət yaratmaq üçün hazırlıq layihəsini gerçəkləşdirməyə başladı. Amma son günlər Mosul ətrafında aparılan əməliyyat bu terror qurumunun sonunun çatacağına ümid verir.

Təqdimatda iştirak edən, ziyalılar, ictimaiyyət və QHT nümayəndələri, jurnalistlər Qaranlıq yolçuları filmi ətrafında öz fikirlərini bildiriblər. Onlar bu film kimi təbliğat vasitələrinin faydalılığını önə çəkiblər.