Kostyum geyinib podiuma çıxsa, elə bilərsən, modeldir, “Oskar” almış Hollivud aktyorlarına, ən azı Kıvanc Tatlıtuğa oxşayır, amma futbolçudur – özü də hücumçu imiş.
O gün meydançaya çıxmış azarkeşə hücum etməsə, heç hücumçuluğu da bilinməzdi.
Gəldiyi gündən meydançada ora-bura qaçır, Allah qoymasa, driblinq edir, nə bilim, nə qayırır, amma bir tort yemişliyi yoxdur.
Söhbət rumıniyalı futbolçu Katalin Tiradan gedir. Bildiyiniz kimi, o gün “Qarabağ” – “Neftçi” matçında ağ-qaralar növbəti qolu yeyəndən sonra hiddətlənərək meydana atılan “Neftçi” azarkeşi gözlənilmədən Tiranın – özünü tiran sayan topqovanın hücumuna məruz qalıb.
Həmin hücum anını görüntüləyən videoya baxırsan, aydın olur ki, bizim azarkeş hansısa futbolçunun onu qəfildən vuracağını gözləmir və ilk zərbəni alandan sonra müdafiə pozasına keçir. Eyni zamanda bayaqdan bəri qaça-qaça azarkeşin üstünə cuman Katalin də müdafiə duruşu alır, amma araya girənləri görəndən sonra dübarə qızışır, təpik-zad atır.
Deyəsən, bu odlar yurdunun suyundandır, kim gəlirsə, bu tərəflərin yodsuz suyundan içir, çox keçmir, qudurur, canında təşəxxüs, təkəbbür hissləri yaradan hormonlar artır, kəllə-çarxa qalxır. Belə görünür ki, Katalin Tira da qara qəpiklik oyunçu olmaya-olmaya aldığı paracıqlara görə elə qudurub ki, özünü “Neftçi”nin qeyrət-namus mücəssəməsi sayır. Müqavilə imzalayanda adama deyiblər ki, bu gündən “Neftçi”nin şərəfini qoruyursan, o da səhv başa düşüb.
Budur, Tira şərəf qoruyacağı yerdə elə bir şərəfsizlik etdi ki, klubunun onsuz da nahamar yolunda köndələn uzadılmış tir oldu. İndi saytlar yazır ki, onu komandanın məşqlərindən kənarlaşdırıblar.
Amma bu azdır, 10 sutkalıq cəzaya layiq əməl törədən adama 10 il həbs cəzasının verildiyi ölkədə tamaşaçıların gözü qarşısında yerli azarkeşə qarşı o cür qanacaqsızlıq edən legioneri komandadan da, ölkədən də iti qovan kimi qovmalıdırlar.
Söz yox, həmin azarkeş meydana çıxmaqla düz eləməmişdi, cəzalanmalı idi. Amma bu o demək deyil ki, dünyanın hər tərəfində oyunlarda baş verən bu cür hadisələr zamanı hisslərini cilovlaya bilməyən azarkeş mütləq şapalaqlanmalıdır.
Düzdür, İspaniyada, İtaliyada meydana cuman azarkeşlərin şillə-təpiyə qonaq edilməsi halları da olur, amma bu, o halda olur ki, azarkeş hansısa futbolçunu vurub qaçmaq istəyir. Belə olanda peşəsi qaçmaqdan ibarət olan futbolçular aqressiv azarkeşə çatır, tutur, hakimlər və mühafizəçilər haraya yetənə qədər imkanları çatdıqca vururlar. İnsafən, futbolçuya və hakimə hücum etməyən fanata bir söz deyən olmur. Sadəcə, meydançanın içini qorumağa məsul olan polislər və mühafizəçilər həmin qeyri-aqressiv azarkeşi tutub ya danaboyun eləyib aparırlar, ya da otun üstündə sürüyürlər, amma vurmurlar. Vursalar, aləm qarışar, “bizimkiləri döyürlər” deyən azarkeş ordusu meydana tökülər və ortalıq qarışar.
Belə haqq-hesablar da çox olub. İnternetdə müvafiq görüntülər çoxdur. Məsələn, biri var, görünür ki, minlərlə azarkeş meydana çıxıb hakimi, futbolçuları, onları qorumaq istəyən polisləri meydançada hərim-hərim hərləyirlər, axırda qovub-qovub geyinib-soyunma otağına salırlar.
O gün Katalin Tiranın bəxti gətirib ki, o biri azarkeşlər qızışıb meydana çıxmayıblar. Elə bir şey olsaydı, beyni çönmüş azarkeşlər baxmayacaqdılar ki, bu əcnəbidir, bu özümüzünküdür, hamısını təpiyin altına salıb çığnayacaqdılar. Bizimkilər də özlərinə görə tiffozidirlər.
Ona görə də “Neftçi”nin rəhbərliyi təcili şəkildə gedib bazardan bir qara qoç almalı, klubun təlim-məşq bazasının başına hərləyib, aparıb ocaqlardan birində qurban kəsərək, yeddi klub arasında paylamalıdır.
Katalin Tira isə gəldiyi yerə göndərilməlidir. O cür başıxarab adamdan futbolçu olmaz. Ona qalsa, özümüzün dəliqanlı (eləcə də əliqanlı) futbolçularımız var, yeri gələndə bizi qeyri-idman hərəkətləri ilə sevindirirlər.