Yaxud, üsyankar manıs və dostları
Hərdən rusdilli azərbaycanlıların dərd-səri internetdə qabağımıza çıxır, fikirləşirik kaş bunlara olan bizə olaydı. Qəribə problemləri olur bu sektorun. Misal üçün, bir ara hansısa kafeyə pişiklə girməyin çətinliklərini müzakirə edirdilər. Yayda isə hansısa qaqulyanın içdiyi qazirovkadan fısıltı səsi az gəlmişdi, qırğın idi, suyu buraxan şirkəti istefa verməyə çağırırdılar.
Əslində, insaf naminə qeyd edək ki, azərbaycandilli azərbaycanlıların da (belə idiot terminologiya yaratdıqları üçün hökumətə dərindən minnətdarıq) mənəvi problemləri çox zaman “Filan manısın əri niyə biqeyrətdir”, “Nazir oğlunun saxladığı general qızının baldızı Antalyada. Şok foto!” tipində olur. Ancaq hər halda azərbaycandilli azərbaycanlılar rusdilli azərbaycanlılar qədər nirvanaya çatmırlar. Bunlar bəzən elə müzakirə açırlar, heç rusdilli ruslar da anlamaz. Çox kosmik millətdir, hörmətimi izhar edirəm.
Uzun sözün qısası, hazırda bu rusdilli yoldaşlar dərin bir həyəcan yaşayırlar. Soso Pavliaşvili adlı rusiyalı manıs varmış, bu manıs qabaqlar Dağlıq Qarabağda separatçı rejim üçün konsert veribmiş, bizim Xarici İşlər Nazirliyi isə Soso müəllimi buna görə qara siyahıya salıbmış – Azərbaycana girişi qadağan edilibmiş. İndi isə Soso müəllim rusiyalı dostu Emin Ağalarovun dəvəti ilə Bakıda konsertə hazırlaşır. Rusdilli azərbaycanlılar buna görə etiraz edirlər, deyirlər, düşmənə konsert vermiş adam Bakıya gəlməsin. Elmar Məmmədyarovun idarəsi isə Soso müəllimə qoyduğu qadağanı ləğv edib, hərçənd ortada heç bir üzrxahlıq yoxdur, hətta sərhədimizi bizdən icazəsiz pozub Qarabağa getdiyi üçün manıs nəinki üzr istəyib, əksinə, bunu tənqid edən rusdilli sektorumuzu götürüb ağzı üstdə yerə çırpıbdır. Sitat: “Əgər siz belə qəhrəmansınızsa, əmlakınızı satın, diversiya qrupları yaradın, savaşın, Qarabağı geri alın. Bəyəm mən buna mane oluram? Mənə nə dəxli? Gedin özünüz kişi kimi həll eləyin”.
Bəh-bəh… Vallah, mən Soso müəllimə haqq qazandırmıram, heç bir mızıltısına da indiyəcən qulaq asmamışam, səsi necədir bilmirəm, ancaq kişinin oğlu yaman deyibdir. Necə deyərlər, yaxşı rəqqasa bazarda yumurtanın qiyməti mane ola bilməz, üstəlik yumurta dövlət nəzarətində strateji məhsuldursa, heç mane olmağa cəhd etməsin. Soso Pavliaşvili Emin Ağalarovun qonağı olanacan düşmən idi, indi düşmən deyil. Vəssalam, şüttamam. Dövlətçiliyimizin sərhədlərini anlamayanlar çıxsın getsin Novqorodda yaşasın. Timsahlar uça bilmir, ancaq padşah deyirsə, uçur. Sadəcə, bir az alçaqdan uçurlar. Alçaq timsahlar… Görüm sizin dərinizdən Elmar müəllimə çamadan qayırsınlar. ATƏT-in tədbirinə gedəndə camaşırlarını yığmaq üçün.
Yeri gəlmişkən, hazırda azərbaycandilli sektoru da Kərkük türkmənlərinin taleyi güclü narahat edir. Ancaq burda başqa bir “Soso” ortaya çıxıb camaatın dərsini vermişdir. Sitat: “YAP-çı deputat, ”Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, ərazi bütövlüyü ilə bağlı yaşadığı problemləri həll edə bilməyən bir ölkənin bununla bağlı mövqe bildirməsi düzgün deyil: “Azərbaycanın özünün əraziləri təcavüzə məruz qalıb, torpaqlarımız işğal altındadır. BMT-nin məlum 4 qətnaməsi indiyə qədər icra olunmayıb. Bir misal var, ”özünə umac ova bilmir, özgəsinə əriştə kəsir”. İndiki vəziyyətdə öz problemlərimizin həllinə nail ola bilməmişik. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan kimi dövlətin bu məsələ ilə bağlı hansısa addımı atması, açıqlama verməsi uyğun deyil. Sən öz problemini həll edə bilmisənmi, başqasına kömək edirsən?”. (“Yeni Müsavat”, 25 oktyabr, 2016). Sitatın sonu.
Əla deyib, mən Bəxtiyar müəllimi alqışlayıram. Təmsil elədiyi sistemi, iqtidarı bundan yaxşı ifşa olarmı? Doğrudan da, bunlar Qarabağ səs-küyü üstündə hakimiyyətə gəliblər, ancaq 23 ildə ortada nəticə yoxdur – “umac ovulmayıb”. Ancaq millətin qulağından elə qəşəng əriştə asırlar ki! O əriştədən türkmənlərə göndərmək olardı. Misal üçün, elə Bəxtiyar müəllimin yazılarını helikopterdən İŞİD-in ərazisinə səpsən əl-Bağdadi öz boğazını kəsərdi ki, bu nə işgəncədir, mən bunu təsəvvürə gətirməzdim.
Ümumən hava yaxşı xəngəl havasıdır. Emin Sosoya qonaqlıq verirsə, mən də Bəxtiyar müəllimə xəngəl ala bilərəm.