“Arada mahnı oxuyuram, müğənnilik etmirəm”
“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin qonağı olan tarzən Humay Qədimova maraqlı açıqlamalar verib.
O, çoxdandır klip çəkdirməməsinin səbəbini açıqlayıb:
“Tar o vaxt oxumur ki, ifaçı onu dilləndirməyi bacarmasın. Guya, indi kim klip çəkdirir ki? İncəsənət sahəsinin adamları son vaxtlar mənim kimi klip çəkilişini dayandırıblar. Düşünürəm ki, artıq maraq və tələbat yoxdur. Klipi çəkdirib “youtube”a yerləşdirirsən. Məşhurluq tapanda tapır. Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Kollecdə artıq səkkiz ildir ki, pedaqoq kimi fəaliyyət göstərirəm. Tələbələrim var. Efirlərdə görünməməyimin bir səbəbi də budur ki, vaxt olmur. Tələbələrin hazırlaşması, müsabiqələrə göndərilməsi vaxt alır. Müəyyən tələbələrim var ki, onlar müsabiqələrdə layiqincə yer tutublar. Bir müəllim üçün bundan qürurverici nə ola bilər ki?”
Humay Qədimova müğənniliyinin birmənalı qarşılanmamasından da söz açıb:
“Birmənalı qarşılamadılar. Mən onsuz da müsahibələrimdə də, müğənniliyə başladığım ilk günlərdə də deyirdim ki, mən rəqib kimi gəlmirəm. Mənim arada mahnı ifa etməyim o demək deyil ki, ciddi şəkildə müğənnilik edirəm. Konsertlərim, tədbirlərim var, çatdırmaq olmaz bu qədər işi. Toylara çağıranda açılışı tarla edirəm. Sonra məndən mahnı ifa etməyimi istəyirlər. Bəyənirlərsə, mən buna nə deyə bilərəm. Təkəbbürlü də danışmıram. İradlarını bildirənlər də olur. Səmimi qəbul etmək lazımdır. Əvvəllər xətrimə dəyirdi. Sonradan fikirləşirəm ki, hamı məni bəyənə bilməz ki?”
Daha sonra tarzən gələcək planlarından, layihələri haqda açıqlama verib:
“Artıq iki mahnı hazırdır. İki dənə də tarla ifa var. Yay ərəfəsində ud yazıları da etmişəm. Yayda bekar oturmamışam. Tar alətində klassik musiqilərə yer ayırmışıq. Mən istəmirəm adlarını deyim. Heç yerdə yoxdur. İstəyirəm ki, sürpriz olsun. Bu dəqiqə biz XXI əsrdə yaşayırıq. Biz o qədər möhtəşəmliklər görürük ki, düşünürsən, mən insanları necə təəccübləndirim?”