Facebookda ölüm xəbərini statusa çevirmək doğrudurmu; rəy sorğuları ilginc nəticələri üzə çıxardı
Sosial şəbəkələr həyatımıza girəndən, bizim bir parçamıza çevriləndən etibarən orada baş verənlərə də təəccüblənməyə davam edirik. Kimin xarakteri, seçimləri, insanlara münasibəti necədirsə, bu, özünü sosial şəbəkədə də göstərir. Amma son iki gündə xüsusən ictimai-siyasi sektorda, media nümayəndələri arasında bir tanınmış şəxsin xanımını itirəndən dərhal sonra bu barədə status yazması, ardınca yas məsrəfləri barədə məlumat yazması, bütün hisslərini paylaşması… ciddi müzakirə mövzusuna çevrildi. Eyni olayla bağlı üzvü olduğu təşkilatda keçirilən “fövqəladə iclas”, həmin iclasın ona vermiş ağır itki ilə bağlı olması da proseslərin davamı idi. Görünən odur ki, hələ bu, son deyil.
İnsanlarimızın böyük əksəriyyəti üçünsə belə paylaşımlar yolverilməzdir. Xüsusən də bunun daim yenilənməsi, bütün hiss-həyəcanların bir-bir anladılması ciddi mübahisə doğurub. Məsələyə daha dözümlü yanaşanlar isə hesab edir ki, bəzən dərd, qəfil itki insanın psixoloji tarazlığını pozmağa kifayət edir. Necə deyərlər, insan o anda nə edəcəyini, nə yazacağını, necə davranacağını bilmir. Biri təsəllini ağlamaqda axtarır, digəri isə hisslərini dostları ilə paylaşmaqda.
Məlum, sosial şəbəkədə konkret bir qayda yoxdur: mərhumlarla bağlı xəbər statusu paylaşılmamalıdır deyə qadağa ilə qarşılaşmadıq. Türkiyədə bir neçə dəfə morqda ölmüş atasının, anasının yanında şelfi çəkdirib, “babamı (annəmi) itirdim, yeri cənnət olsun” tipli status paylaşanlar olub. Bunun normal qarşılanmadığını çox adam bilir. Bəs qaydalar, çərçivələr necə gözlənilməlidir? Harda “stop” deməli, harda dəyərləri ön planda tutub, “layk kompleksini” unutmalı?
Sosial şəbəkə ilə bağlı zaman-zaman dünyanın müxtəlif ölkələrində rəy sorğuları keçirilib. Həmin sorğuların nəticələrində də göstərilib ki, insanlar çox vaxt ölüm xəbərinin sosial şəbəkədən paylaşılmasının tərəfdarıdır. Arqument budur: o təlaş içində hər kəsə tək-tək zəng edib, ölüm xəbərini vermək yerinə bu formada çatdırmaq daha məntiqlidir. Ən azından xəbər çox tez yayılır və “xəbərimiz olsaydı, yasına gələrdik” bəhanəsi də avtomatik olaraq aradan qalxır.
Daha bir arqument isə ondan ibarətdir ki, insanlar dünyaya uşaqları gələndə, nişanlananda, evlənəndə bunu xəbər edib, fotolarını paylaşırsa, ölüm xəbərini də eyni məntiqlə paylaşmalıdır. Həyatın hər iki üzü var. Eyni məntiqlə pulu olan insanlar da qəzetlərdə elan (başsağlığı) verib, bu ölümlə heç maraqlanmayan minlərlə insana həmin xəbəri oxutdurur. Bundan başqa, insanlar belə xəbərləri paylaşmaqla həm də dostları tərəfindən nə qədər diqqətə alındığını da bilmək istəyir.
Bir qrup sosial şəbəkə istifadəçiləri isə “insanların çəkdiyi acını necə yaşadıqlarına qarışmağa haqqımız yoxdur” deyə düşünür. Onların fikrincə, kimsə belə xəbər paylaşan insanları bəyənmirsə, onu dostluqdan silib, həyatına davam edə bilər. Heç kim heç kimin evinə, facebook dostluğuna zorla girmir, yazdıqlarını zorla oxutdurmur.
Rəyi soruşulanlar arasında aşağıdakı fikri müdafiə edənlər də olub: 50 il öncə bu cür xəbərlər qapı-qapı gəzilərək verilirdi. 20-30 il öncə hər kəs telefon vasitəsilə bunu bir-birinə çatdırdı. 10-15 il öncə bəlkə toplu mesaj, ya da toplu e-maillə bunu edənlər vardı. İndi isə insanlar üçün sosial şəbəkənin rolu olduqca önəmlidir.
Psixoloqlar isə deyir ki, xoşbəxtlik paylaşılanda necə artırsa, acı da paylaşılanda azalır. Buna görə də çox adam bu cür statuslar yazmaqla kədərini xəfiflətməyə çalışır, təsəlli axtarır və sair. Daha bir maraqlı nüans isə bu cür statuslara tolerant yanaşanların gətirdiyi arqumentdir: elə danışırlar ki, sanki o statusdan qeyrilərinin içində dünyanı xilas edəcək formul gizlənib, ya da atom parçalayanların xəbəri yer alıb. Yəni, insanlar bir çox hallarda tolerant olmağın tərəfdarıdır. Təbii ki, hər zaman yox, bir çox hallarda. Bu cür statusları uzadıb, duyğu sömürüsünə çevirənlərdən, bundan şou düzəldib, səhər-axşam insanları mənfi enerji ilə yükləyənlərdən söhbət getmir.
Musavat.com