Belə görünür, Hələbdə insanlıq dramının növbəti mərhələsi başlayır. Bu dramın əsas müəllifi isə böyük ölçüdə Rusiyadır. O Rusiya ki daim avtoritar, diktatura rejimlərinin əsas himayədarı qismində çıxış edir – təbii ki, öz maraqları naminə. Çünki imperiyalar demokratiyadan od sudan qorxan kimi qorxur…
Artıq daşlaşmış həqiqətdir ki, Rusiyanın ikinci ildir davam edən hərbi dəstəyi olmasaydı, öz xalqına qənim kəsilən Bəşər Əsədin taleyi çoxdan həll olmuşdu. Bəzən iddia edilir ki, Əsəd rejimi devrilsəydi, ölkədə ondan betər bir idarəçilik bərqərar olardı.
Yeri gəlmişkən, “Rus Bəşər”in bu gün də daxili və xarici təbliğatda istifadə etdiyi aparıcı tezis, tutarqa, şüar məhz budur – “Biz getsək, Suriya batar, xaos olar” və s. Guya indi xaos, vətəndaş müharibəsi yoxmuş.
Diktatorların əbədi hakimiyyətdə qalmağa hesablanmış ənənəvi, klassik tryukudur: “Ya biz, ya da heç kim!” Halbuki, Suriya xalqı “Rus Bəşər”in hakimiyyət hərisliyi üzündən təkcə son 4 ildə yüz minlərlə itki verib. Onların böyük hissəsi uşaq, qadın, qocalardır, dinc mülki əhalidir.
Hələ qətliam bitməyib, davam edir, çünki “Rus Bəşər” minimum hədəfinə çatmayıb – Rusiyanın hərbi dəstəyi ilə ölkənin ikinci şəhəri Hələbə nəzarəti ələ keçirməyib. Bir zalımın hakimiyyət hərisliyi və iddiaları naminə çox deyilmi, bir xalq üçün böyük qurban deyilmi?
Bu, həmin Bəşər Əsəddir ki, iki il öncə, ölkədə vətəndaş müharibəsi gedə-gedə, yüz minlərlə suriyalı qonşu Türkiyədə qaçqın statusunda ikən “prezident seçkiləri” keçirmiş, özünü arsız-arsız növbəti dəfə Suriya xalqının legitim prezidenti elan etmişdi.
Sivil dünya, o sırada qardaş Türkiyə əlbəttə ki, onu legitim prezident kimi tanımadı. İndi də tanımır. Amma Rusiya, onunla qohum rejimli digər ölkələr dərhal tanıdı, qəbul elədi. Çünki həmin ölkələrin liderləri də öz xalqına qarşı analoji addımlara hazır olanlardır.
Rusiya prezidenti Vladimir Putinə isə Bəşər Əsədin “legitimliyi”ni tanımaq ən çox ona görə lazım idi ki, 2015-ci ilin sentyabrında “biz Suriyaya qanuni hökumətin xahişli ilə girdik, Qərb qüvvələri isə qanunsuz girib”, – deyə bəyan edə bilsin.
“Qanuni hökumət” ha! Müharibə səbəbindən seçkiyə xalqın yarıdan çoxu qatıla bilməyib, heç bir seçki yarışı olmayıb, amma bunlar legitimlikdən dəm vurur. Təəssüf ki, beynəlxalq ictimaiyyət də Əsəd tipli diktatorların bu kimi siyasi-hüquqi hoqqabazlıqlarını önləmək gücündə deyil. Yenə də Rusiya imkan vermir. Çünki SSRİ-nin hüquqi varisi kimi imperialist Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququna malik 5 dövlətdən biridir.
Bəşəriyyətin ən böyük faciəsi də Rusiya imperiyasına veto hüququnun verilməsidir. 25 il qabaq SSRİ ləğv olunanda gərək Rusiyaya bu hüquq tanınmayaydı, Rusiya BMT TŞ-də Almaniya kimi 15 dövlətdən biri olaydı. Zira, bu – əslində Kremlin veto hüququ deyil, Bəşər kimilərin bəşəriyyət əleyhinə hərbi cinayətlərinə “dobro vermək” hüququdur, lap dəqiqi, bəşəriyyət əleyhinə cinayətlərə şərik olmaq hüququdur!
Rusiyanın veto hüququ əlindən alınmayınca və ya ona qarşı neytrallaşdırıcı mexanizm tapılmayınca, yaxud Rusiya imperiyası zəifləyib çökməyincə, dünyada, regionda heç vaxt ədalətli sülh olmayacaq. Demək, “Rus Bəsər”lərin cinayətləri davam edəcək, Qarabağ ixtilafının ədalətli həlli də əlçatmaz olaraq qalacaq.